Bakı–Pekin: iqtisadi əməkdaşlıqda yeni mərhələ

post-img

Şanxay Əməkdaşlıq Təşkilatı­nın Astanada keçirilən Zirvə top­lantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Sənəddə 1992-ci il aprelin 2-dən etibarən dost ölkələrin ikitərəfli əməkdaşlığının siyasi, sosial-iq­tisadi sahələrində səmərəli nəti­cələr əldə olunduğu, beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda önəmli uğurlar qazanıldığı və beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətin gücləndirildiyi bildirilib. 

Birgə Bəyannamədə iki dost ölkə­nin bir sıra uyğun sektorlarında, eləcə də ticarət-iqtisadi sahələrində əlaqələrin davamlı və dinamik inkişafı qiymətləndi­rilir və ticarət, sərmayə və mühəndislik layihələrində qarşılıqlı fəaliyyəti daha da gücləndirmək üçün Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiya­sı mexanizminin səmərəli rolu yüksək dəyərləndirilir. Bununla yanaşı, Birgə Bə­yannamədə Azərbaycan-Çin ticarət-iqti­sadi əməkdaşlığının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kommunikasiyaların, “yaşıl enerji”, emal və istehsal, infrastruktur, rəqəm­sal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsi­nin bundan sonra da diqqət mərkəzində saxlanılması zəruri sayılır. 

Qeyd edək ki, hər iki dost ölkənin iqtisadi əməkdaşlığın yeni inkişaf mər­hələsinə yüksəlməsi üçün güclü potensi­ala malikdir. Tərəflərin ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mü­hüm layihələr həyata keçirmələri, gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşı­maların optimallaşdırılması kimi mühüm tədbirlərin gerçəkləşdirilməsi bunun bariz ifadəsidir. 

Respublikamız qarşı tərəflə əmək­daşlığı daha da genişləndirmək məqsə­dilə Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə daim ciddi əməl edib, daxili bazarın qorunması üçün haqsız rəqabətə qarşı mübarizəni gücləndirib və rəqabə­tin inkişafı ilə bağlı tədbirlərin həyata ke­çirilməsini önə çəkib. Şübhəsiz ki, stan­dartlaşdırma və metrologiya kimi mühüm sahələrin beynəlxalq tələblərə uyğunlaş­dırılması da milli istehsalçıların xarici ba­zarlara çıxışını stimullaşdırıb. 

Xatırladaq ki, son illərdə Azərbay­canın qeyri-neft ixracı sahəsi coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidləri­nin çoxalması ilə də diqqət çəkib. Bey­nəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdıl­masına dəstək tədbirlərİ isə ixracın artı­mına müsbət təsir göstərib. 

Azərbaycanın Çinlə əməkdaşlığın­da bir məqamı da xatırlatmaq istərdik. Belə ki, bu ölkənin innovasiyayönümlü investisiya imkanları respublikamız üçün mühüm önəm daşıyır. Başqa sözlə, bu, Azərbaycan iqtisadiyyatının diversifika­siya, innovasiya və transformasiyaya sadiqliyini, eynin zamanda, Şərqlə Qər­bin kəsişməsində strateji mövqeyə malik ölkəmizin çinli sərmayədarları cəlb edə biləcək geniş imkanlara malik olduğunu təsdiqləyir.

Beləliklə, 2 ölkə arasında münasibət­lərin strateji tərəfdaşlıq səviyyəsinə yük­səlməsi ticari-iqtisadi əlaqələrin inkişafını şərtləndirir. Təbii ki, belə bir şəraitin da­vamlı şəkildə formalaşması Azərbaycan–Çin arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlərin, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlərin uğurla ger­çəkləşdirilməsi ilə sıx bağlıdır . 

Yeri gəlmişkən, iki ölkə arasında münasibətlərin yeni mərhələyə daxil olmasında xüsusi yer tutan iqtisadi əlaqələrinin genişləndirilməsi, bu sahə­dəki problemlərin həlli məqsədilə yara­dılan Hökumətlərarası İqtisadi Komissiya hər zaman səmərəli fəaliyyət göstərib. Adıçəkilən komissiyanın ilk iclası 2009-cu ilin mayında keçirilib. Bundan əlavə, 2012-ci ilin iyununda Pekin şəhərində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasın­da əməkdaşlıq haqqında memorandum imzalanıb. Azərbaycan 2016-cı ildə Asi­ya İnfrastruktur İnvestisiya Bankına üzv olub.

Ölkəmizin “Bir kəmər, bir yol” layihə­sinə verdiyi dəyər 2017-ci ilin oktyab­rında Bakı–Tbilisi–Qars dəmir yolunun açılışı ilə təsdiqlənib. Çin hökuməti bu polad magistralın istifadəyə verilməsini, marşrutun tikintisində respublikamızın rolunu, eləcə də “Bir kəmər, bir yol” la­yihəsinə verdiyi dəstəyi daim yüksək qiy­mətləndirib.

Onu da qeyd edək ki, son illərdə iki ölkə arasında ticarət dövriyyəsində müs­bət dinamika müşahidə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Çin Azərbaycanın 4-cü iri ticarət tərəfdaş olub. Əgər 2018-ci ildə Azər­baycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard ABŞ dolları idisə, 2023-cü ildə 3,1 milyard ABŞ dollarını ötüb. Bu da müvafiq surətdə 2018-ci illə müqayisədə 1,8 milyard ABŞ dolları və ya 2,4 dəfə, 2022-ci ilin müvafiq göstəricisindən isə 1 milyard ABŞ dollar və ya 44 faiz çoxdur.

Ölkələrimiz arasında iqtisadi əlaqələ­rin dinamik inkişafından bəhs edərkən bir məqamı da xatırlatmaq istərdik. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsin­də Azərbaycanla birgə əməkdaşlıq, hər 2 ölkənin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının səmərəli fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə gerçəkləşdirilən layihələr, respublikamızın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə fəal şəkildə qoşulması, elə­cə də Şərq–Qərb, Orta Dəhliz layihələri çərçivəsində işgüzar münasibətlər döv­lətlərimiz arasında yüksək iqtisadi göstə­ricilərin əldə olunmasını şərtləndirib. 

Azərbaycan dost ölkə ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstə­visində də sıx əməkdaşlıq qurub. Hər iki dövlət tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılıb. Prezi­dent İlham Əliyev çıxışlarının birində bu məsələyə toxunaraq deyib: “Nəqliyyat məsələsi daha böyük önəmə malikdir. Bu gün Transxəzər Nəqliyyat Dəhlizinə heç vaxt olmadığı qədər ehtiyac var. Biz Çin­dən gələn və Azərbaycandan keçən yük­lərin ildən-ilə artdığını görürük...”. 

Onu da xatırladaq ki, dövlətimizin başçısının təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəy­yənləşdirilib. Bununla yanaşı, dövlətimi­zin başçısının tapşırığına əsasən, işğal­dan azad olunan ərazilərdə “Yaşıl enerji” zonasının yaradılması nəzərdə tutulub. Bu baxımdan alternativ və bərpaolunan enerji sahəsində də iki ölkə arasında bö­yük əməkdaşlıq potensialı mövcuddur və Azərbaycan tərəfindən bu sahəyə də çinli investorlar dəvət edilib. 

Yuxarıda Dövlət Statistika Komitəsi­nin məlumatına əsaslanaraq qeyd etdik ki, ötən il Çin Azərbaycanın 4-cü iri ticarət tərəfdaş olub. Bu, iki ölkə rəhbərliyinin sözügedən sektorun inkişafına verdiyi önəm kimi daim diqqət çəkib. “Azərbay­can Respublikası ilə Çin Xalq Respub­likası arasında strateji tərəfdaşlığın qu­rulması haqqında Birgə Bəyannamə”də də bu barədə ətraflı bəhs edilib və dost ölkələrin ticarətin həcmini daha da artır­mağa, əmtəələrin strukturunu optimal­laşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa hazır olduqları bildirilib. 

Beləliklə, adıçəkilən Birgə Bəyan­namə vurğulandığı kimi, Çin Azərbayca­nın Çin Beynəlxalq İdxal Ekspo, Çin idxal və ixrac malları sərgisi, Çin beynəlxalq xidmət ticarət sərgisi və digər böyük sərgilərdə fəal iştirakını alqışlayır. Azər­baycan Çinin aparıcı şirkətlərinin ADEX beynəlxalq hərbi sərgisində və ölkəmizin ərazisində keçirilən digər iri sərgi və fo­rumlarda iştirakını dəstəkləyir. Çin Azər­baycanın tematik təqdimatlar keçirməsi­ni və dost ölkə ərazisində açılan ticarət mərkəzləri və milli pavilyonlar, eləcə də Çin elektron ticarət şəbəkələri ilə əlaqə qurmasını yüksək dəyərləndirir. 

Birgə Bəyannamə deyilir ki, tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələ­rin davamlı və dinamik inkişafını yüksək qiymətləndirir və ticarət, sərmayə və mü­həndislik layihələri sahəsində qarşılıqlı fəaliyyəti daha da gücləndirmək üçün Hökumətlərarası Ticarət-İqtisadi Əmək­daşlıq Komissiyası mexanizminin rolunu artırmağa davam etməyə, o cümlədən Azərbaycan-Çin ticarət-iqtisadi əmək­daşlığının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kom­munikasiyalar, “yaşıl enerji”, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisa­diyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin təş­viqinə diqqət yetirməyə hazırdırlar.

Azərbaycan və Çin güclü iqtisadi tamamlayıcılıq, sənayeləşmə və inves­tisiya sahəsində əməkdaşlığı artırmaq üçün böyük potensiala malikdirlər. Tərəf­lər Azərbaycan və Çin arasında səna­yeləşmə və investisiya üzrə əməkdaşlıq mexanizmindən tam istifadə edəcək, baxış, planlaşdırma və siyasət sahəsində əlaqələri artıracaq, Azərbaycan və Çin şirkətlərinin fəaliyyətini dəstəkləyəcək, enerji, o cümlədən neft və qaz hasilatı və emalı, “yaşıl enerji” və nəqliyyat infrast­rukturu, informasiya və telekommunika­siya, rəqəmsal iqtisadiyyat, əlvan metal­lar, tikinti materialları və s. kimi prioritet sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edəcəklər.

Birgə Bəyannamədə iki ölkənin bey­nəlxalq multimodal daşımaların inkişa­fına dair sazişin imzalanması prosesini sürətləndirməyə hazır olması ilə bağlı öhdəliyi də öz ifadəsini tapıb. 

Bundan başqa sənəddə tərəflər iki ölkənin inkişaf strategiyalarının birləş­dirilməsini gücləndirməyə, “Bir kəmər, bir yol” çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildirirlər. Eyni zaman­da, Azərbaycan və Çin öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin reallaşdırılması məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcəklərinə, milli qanunvericilik və ikitərəfli sazişlər çərçivəsində tranzit daşımalar üçün əl­verişli şərait yaradacaqlarına vəd verir­lər. 

Dost ölkə ticarət-investisiya prose­durlarının sadələşdirilməsində də ma­raqlıdır. Başqa sözlə, Azərbaycan və Çin ticarət və investisiya prosedurlarının libe­rallaşdırılması və sadələşdirilməsi üçün institusional mexanizmin yaradılması imkanlarını fəal şəkildə araşdırmağa ha­zırdır. 

Tərəflər, eyni zamanda, ÜTT-nin hi­mayəsi altında çoxtərəfli ticarət sisteminə güclü dəstəyi təsdiqləyirlər. Çin tərəfi Azərbaycanın beynəlxalq çoxtərəfli ti­carət sisteminin inkişafı və əməkdaşlığın­da fəal iştirakını, eləcə də Azərbaycanın ÜTT-yə daxil olma prosesi çərçivəsində həyata keçirdiyi tədbirləri dəstəkləyir.

Bu məqamda onu da xatırladaq ki, Çinin innovasiyayönümlü investisiya imkanları respublikamız üçün mühüm önəm daşıyır. Başqa sözlə, bu, Azərbay­can iqtisadiyyatının diversifikasiya, inno­vasiya və transformasiyaya sadiqliyini, eynin zamanda, Şərqlə Qərbin kəsişmə­sində strateji mövqeyə malik ölkəmizin çinli sərmayədarları cəlb edə biləcək ge­niş imkanlara malik olduğunu təsdiq edir. Beləliklə, iki ölkə arasında münasibətlə­rin strateji tərəfdaşlıq səviyyəsinə yük­səlməsi ticari-iqtisadi əlaqələrin inkişafını şərtləndirir. Təbii ki, bu şəraitin davamlı şəkildə formalaşması Azərbaycan–Çin arasında sərmayələrin təşviqi və qo­runması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlərin, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlərin uğurla ger­çəkləşdirilməsi ilə sıx bağlıdır.

Məhz elə bunun nəticəsidir ki, Çinin 1995-ci ildən indiyədək Azərbaycana ya­tırdığı birbaşa investisiyanın həcmi 920 milyon ABŞ dollarına çatıb, Azərbayca­nın Çinə sərmayə qoyuluşu isə bundan təqribən 2 dəfə çoxdur. Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın iş­ğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat