İki dövlət arasında əməkdaşlıq çoxşaxəli və konstruktivdir
Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə səslənmiş fikirlər, eləcə də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” Bakı–Pekin münasibətlərinin yüksək səviyyəsinin növbəti təsdiqi ilə yanaşı, eyni zamanda, ölkəmizin çoxşaxəli siyasət kursunun təntənəsidir. Respublikamız yalnız Qərblə deyil, Asiya regionu ilə əlaqələrin möhkəmləndirilməsinə də müstəsna önəm verir ki, burada Çinin rolu son dərəcə böyükdür.
Çin Azərbaycanın ilk idxal mənbəyi və beş əsas ticarət tərəfdaşımızdan biridir. 2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 3,1 milyard dollar təşkil edib ki, bu, ötən illərlə müqayisədə xeyli yüksəkdir. Ancaq təəccüblənməyə dəyməz, çünki vəziyyəti doğuran amillər var. Diqqət yetirək, bu gün Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Digər məqam kimi Çindən Azərbaycana 930,8 milyon dollar, Azərbaycandan Çinə isə 263,3 milyon dollar həcmində investisiya qoyuluşunu vurğulamalıyıq.
Eyni zamanda, onu da bildirək ki, Azərbaycan Pekinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənlərdən biridir və Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz mövcud istiqamətdə ciddi praktik təşəbbülər də reallaşdırıb, “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta dəhliz infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.
Hesab edirik ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi barədə xüsusi söz açılmalıdır. Orta dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. 2023-cü ilin 9 ayı ərzində bu marşrut üzərindən yükdaşımaların həcmi 88 faiz artaraq, 2 milyon tona çatıb. 2022-ci ildə Azərbaycan üzərindən tranzit axını təxminən 75 faiz artıb ki, təqribi hesablamalar bu həcmin Zəngəzur dəhlizinin açılmasından sonra ildə 5-8 milyon ton artacağını gözləməyə əsas verir. Onu da qeyd etməliyik ki, Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azalıb. Çindən göndərilən bu yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması cəmi 18 günə başa gəlir ki, bu da dövriyyənin sürətlənməsini, müvafiq olaraq gəlirlərin artmasını şərtləndirir.
Bəli, Azərbaycan–Çin əlaqələri çoxşaxəli struktura malikdir. Burada enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıqdan tutmuş istehsal sahələrinədək bir sıra məqamlar var. Məsələn, Azərbaycanda elektrik mühərrikli avtobusların istehsalı sahəsində Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə işbirliyinə start verilib. Avtobusların yerli istehsalına isə 2025-ci ildə başlanılması planlaşdırılır. Bakı ilə Sıçuan əyaləti, Gəncə ilə Çindaonun, Sumqayıt ilə Sian və Myenyan şəhərlərinin, Çunçin şəhərinin Cyancin rayonunun, Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhərinin, Bakı şəhərinin Xəzər rayonu ilə Quancou şəhər bələdiyyəsinin Nanşa rayonunun əməkdaşlığına dair sənədlərin imzalanması isə nikbin mənzərəyə xüsusi ovqat qatır. Habelə, elm və təhsil sahəsində əməkdaşlığın inkişafını, Pekin Dillər Universitetində Azərbaycan dilinin tədrisi kafedrasının mövcudluğunu, ölkəmizin ali məktəblərində Konfutsi institutlarının uğurlu fəaliyyətini də qeyd etməliyik.
Bütün bunlarla yanaşı, bir məqamı da xüsusi vurğulamağa ehtiyac var. Heydər Əliyev Fondu Azərbaycanla Çin arasında mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsidir. Fond “Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti” ilə birlikdə müxtəlif layihələr həyata keçirir ki, bu fəaliyyətin də uğuru göz önündədir. Bundan başqa, 2023-cü ilin aprelində Pekində Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın “Yalnız bir dəfə yaşayırsan” poeziya kitabının Çin dilinə tərcümə olunmuş variantının təqdimatı keçirilib. Nəzərə alaq ki, bu nəşr Çin Xarici Dillər Nəşriyyatı Administrasiyası tərəfindən ölkələrin mədəni və humanitar sahələrdəki əməkdaşlığının gözəl nümunəsi kimi qiymətləndirilib.
Çin bu gün qlobal faktordur, dünyanın super gücüdür. Onunla 1992-ci ildən qurulmuş münasibətlərimizin yüksək məcraya çatdırılması həm tərəqqi və inkişaf təminatıdır, həm də qloballaşan və dəyişən dünyanın sərt reallıqlarına qarşı son dərəcə ciddi sığortadır. Nəzərə alaq ki, rəsmi Pekinlə ikitətərli münasibətləridəki dinamika bəzi Qərb dairələrinin, xüsusən Fransanın ökəmizi qlobal proseslərdən təcrid siyasətinə verilən ən layiqli cavabdır. Belə nəticəyə gəlirik ki, Azərbaycan və Çin liderlərinin görüşü və imzalanmış bəyannamə cavabın tutarlılıq təbiətinin, bir növ, rəsmiləşdirilməsidir.
Əlbəttə, Bakı–Pekin tərəfdaşlığındakı yüksək səviyyənin əldə edilməsində Azərbaycan və Çin liderlərinin şəxsi münasibətlərinin də böyük rolu var. Prezident İlham Əliyev ilə Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanmış yüksək səviyyəli dostluq isə indiyədək özünü bir çox məqamlarda göstərib. Cənab Cinpin ölkəmizin liderini bu ilin fevralında keçirilmiş Prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından olub.
Son illərin təmaslarına diqqət yetirsək, onu da deyə bilərik ki, dövlətimizin başçısı 2019-cu ilin aprelində ÇXR Sədrinin dəvəti ilə İkinci “Bir kəmər, bir yol” forumunda iştirak edib. Liderlər ŞƏT-in 2022-ci ilin sentyabrında Səmərqənddə gerçəkləşmiş sammiti çərçivəsində də bir araya gəliblər. Deməli, əməkdaşlığın inkişaf dinamikasının labüdlüyü nöqteyi-nəzərdən yanaşsaq, Astana Sammitindəki görüşdə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, əlaqələrin yeni inkişaf perspektivlərini doğurması məntiqi qanunauyğunluqdur.
Bəli, Azərbaycan və Çin rəhbərlərinin görüşündə imzalanmış birgə bəyannamə ölkələrin qarşılıqlı münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Bu, son dərəcə vacib və tarixi məqamdır. Sənəd barədə söz açmazdan əvvəl isə liderlərin səsləndirdikləri fikirlərə nəzər salaq:
Prezident İlham Əliyev: “Yenidən görüşməyimizə çox şadam. Siz qeyd etdiyiniz kimi, ölkələrimiz yaxın tərəfdaşlardır və bu gün qəbul ediləcək Bəyannamə Çin Xalq Respublikasını və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir. Hesab edirəm ki, bu, böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir. Biz gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik”.
ÇXR Sədri Si Cimpin: “Ölkələrimiz yaxşı dostlardır, bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlardır. Çin–Azərbaycan münasibətləri həmişə sağlam və sabit şəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb. Bu gün biz Birgə Bəyannamə qəbul edəcəyik. Bu sənədlə ikitərəfli əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcəyimizi bəyan edəcəyik. Bu, həm də yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik”
Ümumiyyətlə, liderlərin görüşündə ikitərəfli münasibətlərin ən geniş spektrinə nəzər salındığı vurğulanmalıdır. Liderlər, prinsip etibarilə, elə bir sahə qalmadı ki, onunla əlaqədar fikirlərini bildirməsinlər. Ancaq daha vacib və prinsipial görünən məsələlər var ki, onların üzərində xüsusi dayanmalıyıq. Əvvəla, görüşdə ölkəmizin daim “Vahid Çin” siyasətini dəstəklədiyi vurğulandı. Tayvanda keçirilmiş seçkilərin Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən pislənildiyi, Çinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə etdiyi qeyd olundu. Cənab Cinpin Bakının daim “Vahid Çin” siyasətini dəstəklədiyini bildirdi və buna görə təşəkkürünü ifadə etdi.
Ekstremizmə və separatizmə qarşı mübarizədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünün xüsusi qeyd olunduğu görüşdə, həmçinin Azərbaycanın ŞƏT-dəki hazırkı statusunun artırılmasının Çin tərəfindən dəstəkləndiyi, gələn il Pekinin sədrliyi çərçivəsində bu məsələyə xüsusi diqqət yetiriləcəyi vurğulandı. Cənab Cinpin ölkəmizin liderini qurumun Çində keçiriləcək Zirvə toplantısına, eyni zamanda, bu əsnada ölkəsinə dövlət səfərinə dəvət etdi.
***
Əslində, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapmış müddəalar Azərbaycan və Çin liderlərinin fikirlərindəki xoş niyyətin yazılı təzahürü kimi fundamental xassəyə malikdir. Sənədi iki baxımdan dəyərləndirmək mümkündür. Birincisi, Bakı–Pekin əlaqələrinin mövcud durumu, perspektiv inkişaf trayektoriyasının vurğulanması, ikincisi isə hər iki dövlətin xarici təsirlərə qarşı birgə müqavimət sahələrinin açıqlanması.
Birincidən başlayaq. Bəyannamədə bildirilir ki, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmətə, bərabərliyə, etimada, münasibətlər isə ərazi bütövlüyü və suverenliyə hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır, Azərbaycanla Çin xarici amillərdən asılı olmayaraq, bir-birini etibarlı tərəfdaş hesab edir. Həmçinin, tərəflər ticarət-iqtisadi əməkdaşlığının inkişafı üçün nəqliyyat və kommunikasiya, yaşıl enerji, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrə diqqət yetirir, “Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib sayır, Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta dəhliz) tikintisində və istismarında fəal iştirak edir, ölkə, həmçinin COP29-un Azərbaycanda keçirilməsini alqışlayır və ölkəmizin konfransda sədrliyini dəstəkləyir.
***
Bəyannamənin haqqında söz açdığımız 2 – birgə müqavimət tərəfinə gəlincə, mövcud xüsusda vurğulanır ki, Azərbaycanla Çin milli, regional və qlobal təhlükəsizliyin vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlayır, öz ərazilərindən hansısa bir qüvvənin digər tərəfə qarşı istifadəsinə imkan vermir, tərəflər BMT himayəsi altında beynəlxalq sistemi dəstəkləyirlər. Hər iki ölkə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq düzənin əsas normalarına riayət edir, real çoxtərəfliliyə sadiqlik göstərir, habelə hegemonluğa və güc siyasətinə, insan hüquqları ilə bağlı məsələlərin siyasiləşdirilməsinə və ikili standartların tətbiqinə, insan hüquqlarının müdafiəsi bəhanəsi altında hər hansı dövlətin daxili işlərinə müdaxiləyə qarşı çıxırlar.
***
Deməli, birgə əməkdaşlıq birgə müqavimət də formalaşdırır ki, əsl tərəfdaşlıq da elə budur. Mövcud prizmadan yanaşsaq, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”ni münasibətlərdəki yüksək səviyyənin pik nöqtəsi kimi də dəyərləndirmək mümkündür. Ancaq onu da bildirək ki, sözügedən bəyannamə ilə yanaşı, ŞƏT-in Zirvə görüşü çərçivəsində Bakı–Pekin əməkdaşlığının iqtisadi spektri ilə əlaqədar digər sənədlər də imzalanıb. Bütün bunlar ölkəmizin beynəlxalq miqyasdakı nüfuzunun və çəkisinin daha da yüksəldiyini nümayiş etdirir. Bu isə öz növbəsində Prezident İlham Əliyevin yürütdüyü siyasətin, dövlətimizin başçısının şəxsiyyətinə olan hörmət və etibarın təzahürüdür.
Tam qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin Si Cinpin ilə görüşü, eləcə də imzalanmış mühüm dövlət sənədi Bakı–Pekin münasibətlərini bütün sahələrdə daha da dərinləşdirəcək, qarşılıqlı təmasları və dialoqu intensivləşdirəcək, ikitərəfli əlaqalərə yeni məzmun və keyfiyyət qazandıracaq.
XQ-nin Analitik qrupu