Böyük Qayıdışa 16 milyard manatdan çox vəsait yönəldilib

post-img

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dövlət proqramı çərçivəsində 16 milyard manatdan çox vəsait ayrılıb.

İqtisadiyyat Nazirliyinin ərazilərin bər­pası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanovun sözlərinə görə, bu vəsa­itin əsas hissəsi yolların və sosial infrast­rukturun qurulması üçün nəzərdə tutulub. Bununla yanaşı, indiyədək özəl sektorun da bərpa-quruculuq işlərində iştirakı dəstəklənib və təşviq edilib. 

Z.Bədirxanov bildirib ki, hazırda həm dövlət-özəl tərəfdaşlığı, həm də birbaşa investisiya ilə özəl sektor həmin əra­zilərdə uğurlu fəaliyyət göstərir. Bu əra­zilərdə sahibkarlığa 1 milyard manatdan çox vəsaitin ayırması nəzərdə tutulub ki, artıq bunun da müəyyən hissəsi yatırılıb. Məsələn, həmin ərazilərdə 2 sənaye par­kında 2,7 mindən çox şəxsin işlə təmin edilməsi, bunun üçün 300 milyon manat­dan çox investisiya yatırılması planlaşdı­rılıb. 

İqtisadiyyat Nazirliyi nümayəndəsinin məlumatına əsasən, bu quruma təqdim edilən layihələr sırasında olan Cəbrayıl rayonunda BP şirkəti tərəfindən Günəş Elektrik Şəbəkəsinin (GES) tikintisini və “Neqsol Holdinq” tərəfindən bir sıra la­yihələrin də icrası nəzərə alınsa, ümumi­likdə, 1 milyard manatdan çox investisiya yatırılacaq.

Yeri gəlmişkən, cari ildə Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasında iştirak edən şirkətlərə kre­ditlər güzəştli şərtlərlə ayrılır. Güzəştli kreditin minimum məbləği 5 milyon ma­natdır və 7 il müddətinə 15 faizlə verilir ki, bunun da 10 faizini dövlət subsidiya şəklində ödəyir.

Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fonduna bu il daxil olan 48 şirkətin müra­ciətinə baxılıb və onlara 1,5 milyard manat kredit ayrılıb. Fond istehsal sahələrinin artması və xarici bazarlara Azərbaycan istehsalı olan məhsulun çıxarılması is­tiqamətində fəaliyyət göstərən sahibkar və şirkətlərə xüsusi diqqət verir.

Onu da qeyd edək ki, cari ilin birinci rübündə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası üçün döv­lət büdcəsindən xərcləmələr 1 milyard 221 milyon manat (2023-cü ilin eyni döv­rü ilə müqayisədə 58,6 milyon manat və ya 5 faiz çox) təşkil edib.

Maliyyə Nazirliyinin məlumatına görə, bu il işğaldan azad edilmiş ərazilərə büd­cədə 3 milyard 825 milyon manat vəsait nəzərdə tutulub. Yanvar-mart aylarında bu məbləğin 31,9 faizi xərclənib.

Vətən müharibəsi qələbəmizlə başa çatandan sonra bu torpaqlarda aqrar sektor üzrə layihələrin icrası da diqqətdə saxlanılıb. Təkcə 2022–2023-cü təsər­rüfat ili üzrə 84,4 min hektar sahədə payızlıq taxıl əkini aparılıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Prezident İlham Əliyevin 2021-ci il 27 aprel tarixli Fərma­nının icrası çərçivəsində aqrar sahədə fəaliyyət göstərən subyektlərlə Zəngilan rayonunda 2,2 min hektar (o cümlədən 720 hektar örüş), Qubadlı rayonunda 2 min hektar əkin sahəsi üzrə uzunmüddət­li (40 il), digər sahələr üzrə isə qısamüd­dətli (11 ay) icarə müqavilələri bağlanılıb. 

2022–2023-cü təsərrüfat ilində icarəyə verilən 68,5 min hektar əkin sahəsi üzrə icarə müqavilələrinin müddə­ti 2023-cü ilin noyabr ayında başa çatdığı üçün müqavilələrə xitam verilib. 2023–2024-cü təsərrüfat ili üzrə qısamüddət­li icarə müqavilələri imzalanıb. Həmin ərazilərin kənd təsərrüfatı potensialının dəqiqləşdirilməsi məqsədilə faktiki əkin yerlərinin məlumatlar bazasına daxil edilərək xəritələnməsi gerçəkləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən işğaldan azad edilən sahələr üzrə Ağ­dam, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Xocalı, Xocavənd, Zəngilan və Tərtər ra­yonlarının müvafiq ərazilərində fəaliyyət göstərən 18 kənd təsərrüfatı məhsul is­tehsalçısına 73,5 min hektarda becərilən əkinlərə və çoxillik əkmələrə görə, dövlət büdcəsinin vəsaiti hesabına 16 milyon 701 min manat məbləğində əkin subsidi­yası verilib.

Bundan başqa, Tərtərin Çaylı və Xo­cavənd rayonunun Məmməddərə kənd­ləri ərazisində salınmış meyvə bağları üçün Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına ümumi dəyəri 2 mil­yon 75 min manat olan 2 dəst, Qubadlı rayonunun Xanlıq kəndi ərazisində 14 dəst pivot suvarma sistemlərinin alışının maliyyələşdirilməsi məqsədi ilə güzəştli şərtlərlərlə 999 min manat ayrılıb. Eyni zamanda, ümumi dəyəri 525 min manat olan 15 kənd təsərrüfatı texnikasının alı­şının maliyyələşdirilməsi məqsədilə 86 min manatlıq kredit reallaşdırılıb.

Görülən işlər sırasında azad edil­miş rayonlarda daşınmaz əmlakın arxiv sənədlərinin rəqəmsallaşdırılma­sı da diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə 165 min daşınmaz əmla­kın arxiv sənədləri rəqəmsallaşdırılıb. Məsələn, Laçın rayonu ərazisində təmir olunan 367 fərdi yaşayış evinin və 144 mənzilin, Zabux kəndində yeni tikilən 223 fərdi yaşayış evinin və Şuşa şəhərində 223 mənzilin texniki pasportu hazırlanıb. Bundan başqa, Cəbrayıl, Qubadlı, Kəlbə­cər, Laçın, Zəngilan, Xocavənd, Ağdam rayonları üzrə arxiv sənədlərinin mövcud tikililərə bağlantısı prosesi həyata keçiri­lib, yaranan uyğunsuzluqlar araşdırılaraq müvafiq rayon icra hakimiyyətləri nü­mayəndələrinin iştirakı ilə dürüstləşdirilib.

Azad olunan ərazilərdə su anbarları­nın bərpası da diqqətdə saxlanılıb. Vətən müharibəsindən sonrakı müddətdə bu istiqamətdə işlər davam etdirilərək Tərtər rayonunda sututumu 5,86 milyon kubmetr olan Suqovuşan su anbarında və 5,2 ki­lometrlik magistral kanalda, Ağdam rayo­nunda sututumu 23 milyon kubmetr olan Xaçınçay su anbarında və 7 kilometrlik magistral kanalda tikinti işləri başa çat­dırılıb. Bundan başqa, Füzuli rayonunda ümumi sututumu 15,5 milyon kubmetr olan Köndələnçay üzərində 3 su anba­rında və uzunluğu 20,2 kilometr, sərfi 20 kubmetr/saniyə olan Tərtərçay Sol Sahil kanalının yenidən qurulması üzrə kana­lın 20,17 kilometr hissəsi betonla üzlənib, 1066 poqonometr uzunluğunda selötürən kanal tikilərək üzərində “SKADA” sistemi­nin quraşdırılması işləri tamamlanıb.

İqtisadiyyat