İqtisadi Zonaların İnkişafı Agentliyindən redaksiyamıza bildirilib ki, “Azgreentech” MMC-yə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib.
Məlumatda şirkət tərəfindən sənaye məhəlləsinin ərazisində plastik tullantıların təkrar emalı layihəsinin həyata keçiriləcəyi və investisiya dəyəri 2,3 milyon manat olan müəssisədə 20 nəfərin daimi işlə təmin ediləcəyi bildirilir.
Bundan başqa, “Azgreentech” MMC tərəfindən respublikanın bir çox bölgələrində plastik tullantıların toplama məntəqələri qurulacaq ki, bu da həmin ərazilərdə əlavə iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək. Müəssisənin istehsal edəcəyi məhsul çeşidlərinin böyük hissəsi ixrac üçün nəzərdə tutulub.