İnkişafın və müasirliyin Astara nümunəsi

post-img

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirərək ölkəmizi bugünkü tərəqqiyə çatdıran möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində doğma Vətənimiz gündən-günə inkişaf edir, daha da gözəl, abad, yaraşıqlı bir diyara çevrilir. 

Cənab Prezidentin tövsiyə və tapşırıqlarına uyğun olaraq  ölkəmizin digər bölgələrində olduğu kimi, Astara rayonunda da son illərdə əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində genişmiqyaslı tədbirlər  həyata keçirilir. Dövlət başçısının imzaladığı sərəncamlarla ayrılan vəsaitlər hesabına Astara şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərdə çoxlu tikinti-quruculuq, abadlıq işləri görülüb, yüzlərlə yeni iş yerləri açılıb. Bu quruculuq işləri rayonun hüsnünə misilsiz gözəllik verir. 

Bu baxımdan 2023-cü ildə və bu ilin ilk beş ayı ərzində rayonda görülən işlər diqqət çəkir. Belə ki, bu dövr ərzində Astara şəhərində bir neçə çoxmənzilli yaşayış binasının dam örtükləri dəyişdirilib, fasad və blokları təmir olunub. Bununla yanaşı, küçələrin işıqlandırılması və səkilərə tamet düzülməsi işləri davam etdirilib. Ötən müddətdə Diqo kəndində modul tipli ibtidai məktəb binasının inşası başa çatdırılıb, Sərək kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanıb. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən Şümrüd kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə hazırlıq görülür.

Əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü bir neçə ərazidə istismar müddəti başa çatmış transformatorlar, köhnəlmiş dayaqlar və naqillər yeniləri ilə əvəz edilib. Hazırda Astara şəhərinin böyük bir hissəsində, Suparibağ və Pəlikəş ərazisində yüksək gərginlikli elektrik xətlərinin yenilənməsi, Şiyəkəran, Kakalos, Kolatan, Çayoba, Siyaku, Vaqo, Liəzi və Giləşə kəndlərində SİP kabelləşmə işləri aparılır.

Rayonun kənd təsərrüfatı sahəsindəki nailiyyətləri də ürəkaçandır.  Prezident İlham Əliyevin  çayçılığın, çəltikçiliyin və sitrusçuluğun inkişafı ilə bağlı imzaladığı sərəncamlardan sonra rayonda yeni innovativ üsullarla sitrus və subtropik meyvə bağlarının salınmasına maraq xeyli artıb. Artıq sitrus meyvə bağlarının sahəsi genişləndirilərək 2600 hektardan 4500 hektara çatdırılıb. Ötən il sitrus bağlarından, ümumilikdə, 62 min ton məhsul yığılıb. Vətəndaşlarımız bu məhsulların satışından, təqribən, 60 milyon manatdan çox qazanc əldə ediblər. Son illər rayonda ekzotik meyvələrin becərilməsinə də maraq artıb. Bunun nəticəsidir ki, Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda ilk dəfə Astarada 42 hektarlıq təsərrüfatda 7 növdən ibarət avokado bağı salınıb. Ötən il 231 hektar çay sahəsindən 710 ton yaşıl çay yarpağı, 235 hektar çəltik sahəsindən isə 970 ton yüksək keyfiyyətli düyü tədarük edilib. 

Astara rayonunun yol infrastrukturunun yaxşılaşdırılması, əsasən dağ kəndlərinə avtomobil yollarının çəkilməsi istiqamətində həyata keçirilən tədbirləri xüsusilə vurğulamaq istəyirəm. Ötən müddətdə şəhərdə, həmçinin qəsəbə və kəndlərdə, ümumilikdə, 30 min kvadratmetrə qədər yol asfaltlaşdırılıb. Uzun müddətdir Şiyəkəran kəndində Təngərüd­çay üzərindəki qəzalı vəziyyətdə olan avtomobil körpüsü və 15 min nəfərə yaxın əhalinin daimi istifadə etdiyi yolda yerləşən, sel-suları nəticəsində dağılmış Vaqo körpüsü yüksək səviyyədə yenidən tikilərək bu ilin may ayında istifadəyə verilib. 

Rayonun dağ kəndlərinin inkişafı cənab Prezident İlham Əliyevin 21 kilometrlik Deqadi–Pəlikəş avtomobil yolunun asfaltlaşdırılması ilə əlaqədar 2013-cü ildə imzaladığı sərəncamla başladı. Bundan sonra Taxtanəkəran–Miki, Taxtanəkəran–Toradi, Kijəbə–Tüləküvan–Təngərüd avtomobil yollarına müasir asfalt örtüyü döşənib. Bunudan əlavə, yüksək dağlıq ərazidə yerləşən Dolu, Şəvqo, Sibiyyət, Diqo, Avyarud,  Dürriyə və Şümrüd kəndlərinə avtomobil yolları çəkilib. Hazırda isə 26 kilometrlik Çayoba–Astara magistral avtomobil yolunun əsaslı təmiri və yenidən qurulması yüksək səviyyədə davam edir. Eyni zamanda, sıldırım qayaların qoynunda, çətin relyefdə yerləşən Dolu kəndindən Reqloba kəndinə və Diqoli yaşayış massivinə 5,5 kilometrlik avtomobil yolunun salınması üçün əraziyə ağır texnikalar gətirilərək işlərə başlanıb. 

Yeri gəlmişkən, yol olmadığı üçün yığılıb qalan sosial problemləri həll etmək mümkün deyildi. Yollar istifadəyə veriləndən sonra Pəlikəş, Hamoşam və Asxanakəran nümayəndəliklərində 14 ümumtəhsil məktəbi, 2 xəstəxana binası, torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş Şümrüd kəndinin sakinləri üçün 18 fərdi yaşayış evi tikilərək istifadəyə verilib. 

Astaranın embleminə çevrilmiş park-bulvar kompleksi tikilib istifadəyə veriləndən və ucqar dağ kəndlərinə asfalt yollar çəkiləndən sonra rayona gələn qonaq və turistlərin sayı xeyli artıb. Bulvara yaxın ərazidə və Qamışoba kəndində inşa edilmiş kotteclər, qonaq evləri, hotellər və restoranlarda yüksək səviyyədə xidmət təşkil edilib. Rayonun digər kəndlərində də istirahət mərkəzləri salınıb, iaşə obyektləri inşa edilib və yeniləri tikilməkdədir.

İnsanların xəyallarına gətirmədiyi bu cür möhtəşəm layihələrin reallaşması, ən ucqar kəndlərimizin hərtərəfli, sürətli inkişafı cənab Prezidentin ölkə vətəndaşlarına olan hədsiz diqqət və qayğısının davamlı sübutu, müstəqil Azərbaycanımızın sürətli inkişafının bariz nümunəsidir. 

Mərasim HACIZADƏ 
Astara

 

İqtisadiyyat