Dünən Bakı Konqres Mərkəzində Enerji Həftəsi çərçivəsində 29-cu Bakı Enerji Forumu öz işinə başladı. Azərbaycan və Xəzər regionu üçün vacib olan enerji məsələlərinin müzakirə olunduğu forumda 600-dən çox nümayəndə iştirak edirdi. Forumun gündəliyinə ekoloji problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də “yaşıl enerji” kimi mövzular daxil idi.
“Jamestown Fondation” təşkilatı idarə heyətinin üzvü Metyu Brayza sədrlik etdiyi “Enerji təhlükəsizliyi və dayanıqlığa dair beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olunmuş plenar iclasda Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış edərək ölkəmizin 30 il əvvəl Xəzərin neft-qaz resursları vasitəsilə enerji təhlükəsizliyinə, regionda sabitliyə və inkişafa nail olmaq siyasətinin bu gün nəhəng bərpaolunan enerji potensialının cəlbi ilə yeni səviyyəyə yüksəldiyini diqqətə çatdırdı. Qeyd olundu ki, ənənəvi enerji təchizatçısı və COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan bütün növ enerji resurslarını enerji təchizatında etibarlılığın, eyni zamanda, emissiyaların azaldılması və “yaşıl enerji”yə keçidin təmin edilməsi məsuliyyəti ilə inkişaf etdirir.
Nazir hazırda dünyada fossil yanacağın maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlərə və uzunmüddətli tələbata dair zəmanətin yoxluğuna baxmayaraq, Azərbaycanın hazırda tərəfdaşlarını qazla təchiz etmək missiyasına sadiq olduğunu və bu il proqnozlaşdırılan 24,3 milyard kubmetr qaz ixracının yarısının Avropaya tədarük ediləcəyini diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycandan və üçüncü ölkələrdən qazın Türkiyə və Avropaya təchizatı ilə bağlı Sazişin, SOCAR və BOTAŞ arasında sənədlərin imzalanması ölkələrimizin qaz ixracı və tranzitində mövqeyini gücləndirən perspektivlər kimi dəyərləndirilib.
Nazir Pərviz Şahbazov, həmçinin bildirdi ki, bu onillik Azərbaycan Prezidenti cənab İlham Əliyevin “yaşıl enerji” və iqlim məqsədlərinin həyata keçirilməsi, ənənəvi və bərpaolunan enerji arasında sinerjinin yaradılması üzrə baxış və təşəbbüslərinə əsaslanan “yaşıl enerjiyə keçid”də ölkəmizin regional liderliyi ilə əlamətdar olacaq. Eyni zamanda 1 milyard dollara yaxın investisiya dəyərinə malik 1000 meqavat gücündə günəş və külək elektrik stansiyalarından əlavə yaxın vaxtlarda Şərqi Zəngəzurda BP və “Nobel Energy” şirkətləri ilə daha iki günəş stansiyasının təməlinin qoyulacağı, 100 meqavatlıq Qobustan Günəş Elektrik Stansiyası üzrə ilk hərracın nəticəsinin isə COP zamanı elan ediləcəyi diqqətə çatdırıldı. “2027-ci ilin sonunadək reallaşacaq 2 qiqavatadək “yaşıl güc”lər hesabına elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payı 33 faizə yüksələcək. 2 milyard dollardan artıq investisiya, 5,3 milyard kilovat-saat elektrik enerjisinin istehsalı, 1,2 milyard kubmetr qazın sərbəstləşməsi, 2,5 milyon tona qədər emissiyaların azalması bu layihələrin gözlənilən faydalarıdır”, – deyə nazir əlavə etdi.
O da bildirildi ki, bərpaolunan enerjinin inkişafına dekarbonizasiya ilə yanaşı, post-konflikt quruculuğu və enerji tədarükü mənbələrinin şaxələndirilməsi kontekstində yanaşma bu gün Azərbaycanı “yaşıl enerji zona”ları və “yaşıl enerji dəhliz”ləri təşəbbüsləri ilə də ön plana çıxarır. Nazir çıxışında “Xəzər–Qara dəniz–Avropa”, “Azərbaycan–Türkiyə–Avropa” və “Mərkəzi Asiya–Azərbaycan–Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması sahəsində görülən işlərdən bəhs etdi. Bildirildi ki, ölkəmiz regional “yaşıl enerji“ bağlantılarının qurulmasında mühüm rol oynamaqla yanaşı, bu yeni mərhələdə Avropanın enerji təchizatını “yaşıl enerji”, hidrogendən əlavə bərpa olunan enerji hesabına sərbəstləşən böyük həcmlərdə təbii qazla da şaxələndirəcək.
Avropa Komissiyası Enerji Platforması İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin enerji üzrə baş direktoru Kristina Lobillo Borrero çıxışında qeyd etdi ki, Azərbaycan Avropa üçün qaz tədarükü və təchizatında etibarlı tərəfdaşdır və bu məsələdə xüsusi olaraq bir nümunədir. 2027-ci ildə Azərbaycanın Avropaya qaz tədarükünü 20 milyard kubmetrə çatdırmağı hədəflədiyini vurğulayan baş direktor təmsil etdiyi qurumun bu istiqamətdə ölkəmizlə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırdı. hazırda Avropada çox ciddi enerji böhranının yarandığını vurğuladı. Avropanın hər zaman alternativ qaz mənbələrinin və daim Rusiya qazını əvəz edəcək qaz təminatçısını axtardığını vurğulayan K. Borrero ölkəmizin bu məsələdə Avropa üçün qaz tədarükü və təchizatında etibarlı tərəfdaş olduğunu bildirdi.
Mövzu ətrafında çıxış edən Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyatto, Sloveniyanın ətraf mühit, iqlim və energetika nazirinin müavini Tina Sersen, Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Mohamed Hamel, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru Françesko La Kamera çıxış edərək enerji keçidi dövründə enerji mənbələrinin və yol xəritələrinin imkanları və yeni çağırışları, iqlim dəyişikliyinin qlobal enerji mənzərəsinə və enerji əməkdaşlığına təsiri, eləcə də qlobal və regional enerji təhlükəsizliyinin və dayanıqlılığın möhkəmləndirilməsində Azərbaycan və Xəzər regionunun rolu və potensialı məsələlərindən ətraflı bəhs etdilər.
Sonra “Liderlərin çıxışları: Enerji təhlükəsizliyi 2.0” mövzusunda müzakirələr aparıldı. Mövzu ətrafında Azərbaycanın energetika nazirinin müavinin Kamal Abbasov, GL Group-un baş icraçı direktoru Asif Zeynalov, Səudiyyə Ərəbistanının “Acwa Power” şirkətinin sədr müavini və idarəedici direktoru Raad al Saady, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və başqalarının çıxışları dinlənildi.
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf çıxışında bildirdi ki, SOCAR neft-qaz şirkəti olaraq yaradılsa da, artıq enerji şirkəti kimi fəaliyyət göstərir. Rəhbərlik etdiyi qurumun bərpaolunan enerji layihələrinə investisiya yatırmaq niyyətində olduğunu vurğulayan şirkət prezidentinin sözlərinə görə, bu məqsədlə dünyanın ən tanınmış, böyük enerji qurumları ilə əməkdaşlıq edilir. R.Nəcəf, həmçinin qeyd etdi ki, SOCAR 2050-ci ilə qədər karbon emissiyasının sıfıra endirilməsinə nail olunmasını hədəf götürüb.
Bütövlükdə isə, forumun ilk iş günündə 46 məruzəçi energetikanın müxtəlif sahələrinə aid çıxış etdilər, moderatorun suallarını ətraflı cavablandırdılar.
Forum bu gün öz işini davam etdirəcək.