Bakı Enerji Həftəsi Azərbaycanın neft və qaz sahəsindəki tarixi irsini və qlobal uğurlarını “yaşıl enerji” sektorunda davam etdirmək əzminin nümayiş etdirilməsi baxımından uyğun beynəlxalq platformadır. Bu platforma respublikamızın “yaşıl enerji” və iqlimlə bağlı hədəflərin reallaşmasına milli səviyyədə töhfə vermək və iqlim fəaliyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmaq niyyətini bir daha gündəmə gətirir. Bundan əlavə, platforma Azərbaycanın “yaşıl artım” ölkəsi kimi imicini və beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, respublikada müvafiq sahənin inkişafına potensial investorların cəlbini də stimullaşdırır.
Tədbir Dünya İqtisadi Forumunun Enerji Keçid İndeksi Hesabatında Azərbaycanın irəliləyiş baxımından 2022-2023-cü illərdə dünya üzrə ən yaxşı inkişaf edənlər sırasında olduğunu və bir sıra digər uğurlarımızı vurğulamaq üçün fürsət yaradır. Eyni zamanda xarici investisiya hesabına reallaşdırılmış, təməli qoyulan və yaxın gələcəkdə icrası planlaşdırılan “yaşıl enerji” layihələrinin, ümumilikdə, ölkəmizin “yaşıl gündəliy”inin icrasına dair məlumatların Bakı Enerji Forumu çərçivəsində geniş kütləyə çatdırılmasını gerçəkləşdirir.
Bütün bunlarla bərabər, Bakı Enerji Həftəsində reallaşdırılan tədbirlər zamanı ikitərəfli işgüzar görüşlər keçirilir. Bu görüşlərdə yerli və xarici şirkətlərin nümayəndələri tərəfindən üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yolları müzakirə edilir, habelə respublikamızın “yaşı enerji” istehsalı ilə əlaqədar uğurları diqqətə çatdırılır.
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Bakı Enerji Forumundakı çıxışında da bu məqamlar xatırladılıb. Nazirin sözlərinə görə, 2027-ci ilin sonunadək Azərbaycanda 2 milyard ABŞ dollarından artıq investisiya sayəsində reallaşacaq 2 QVt-dək “yaşıl güc”lər hesabına elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payı 33 faizə yüksələcəyi proqnozlaşdırılıb.
Energetika naziri daha sonra deyib ki, 5,3 milyard kilovat/saat elektrik enerjisinin istehsalı, 1,2 milyard kubmetr qazın sərbəstləşməsi, 2,5 milyon tona qədər emissiyaların azalması bu layihələrin gözlənilən faydalarıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin ənənəvi və bərpaolunan enerji arasında sinerjinin yaradılması üzrə baxış və təşəbbüslərinə əsaslanan “yaşıl enerji”yə keçid dövrü ölkəmizin regional liderliyi ilə əlamətdar olacaq. Belə ki, 1 milyard ABŞ dollarına yaxın investisiya dəyərinə malik 1000 MVt gücündə günəş-külək elektrik stansiyalarından əlavə yaxın vaxtlarda Şərqi Zəngəzurda BP və “Nobel Energy” şirkətləri ilə daha 2 günəş stansiyasının təməli atılacaq, 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə ilk hərracın nəticəsi isə COP29-da elan ediləcək.
P.Şahbazov bildirib ki, bərpaolunan enerjinin inkişafına dekarbonizasiya ilə yanaşı, postkonflikt quruculuğu və enerji tədarükü mənbələrinin şaxələndirilməsi kontekstində yanaşma bu gün Azərbaycanı “yaşıl enerji” zonaları və “yaşıl enerji” dəhlizləri təşəbbüsləri ilə də ön plana çıxarır. “Xəzər–Qara dəniz–Avropa”, “Azərbaycan–Türkiyə–Avropa” və “Mərkəzi Asiya–Azərbaycan–Avropa” “yaşıl enerji” dəhlizlərinin yaradılması ilə bağlı atılan addımlar da qeyd edilən fikrin bariz ifadəsidir.
Mütəxəssislərin fikrincə, Azərbaycan dənizdə külək enerjisi üzrə də yüksək potensiala malikdir. Qiymətləndirməyə görə, Xəzər dənizinin respublikamıza məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt (dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt) səviyyəsindədir. Bu potensialın hərəkətə gətirilməsi baxımından Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli sərəncamı xüsusi diqqət çəkir. Adıçəkilən sərəncamla qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədilə sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi istiqamətində Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi” hazırlanması bunun parlaq nümunəsidir.
Bakı Enerji Forumundakı çıxışlarda bildirilib ki, Azərbaycanda enerji keçidi üzrə reallaşdırılan layihələr çərçivəsində, ümumilikdə, 1,5 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb və yatırılmaqdadır. 20–25 il müddətinə hesablanan böyük layihələr ölkəmizin gələcəyinə, dövlət siyasətinə olan inamın göstəricisidir.
Forumda qeyd edilib ki, Azərbaycanda dünyanın ən irimiqyaslı tədbirlərindən biri hesab olunan COP29-un keçirilməsi qərarı veriləndən dərhal sonra ölkəmiz “yaşıl enerji”nin inkişafı istiqamətində reallaşdırılan layihələrin icrasını daha da sürətləndirdi. Qısa müddətdə genişmiqyaslı işlər görüldü. Məsələn, Naxçıvan Muxtar Respublikasında “Yaşıl enerji zonası”nın yaradılması istiqamətində külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal gücləri xarici investisiya hesabına yaradıldı və onun ən azı 1000 MVt-nın Türkiyə və Avropaya ixrac olunması əsas hədəf kimi qarşıya qoyuldu.
Hazırda muxtar respublikada gücü 500 MVt-a qədər olan günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü şəbəkənin qurulması imkanları araşdırılır.
Bakı Enerji Forumunda, eyni zamanda, diqqətə çatdırıldı ki, təkcə Naxçıvan deyil, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur da “yaşıl enerji” mənbələrinin yüksək potensialı ilə fərqlənir. Belə ki, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında günəş enerjisi potensialı, Laçın və Kəlbəcər rayonlarında külək enerjisi potensialı yüksək qiymətləndirilir. BP şirkəti tərəfindən Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi həyata keçirilir. Bundan əlavə, “China Gezhouba Group Overseas Investment” və “Nobel Energy” şirkətləri ilə imzalanan müqavilələr çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.
Forumda bildirilib ki, Azərbaycanın daxili istehlakı, iqtisadiyyatın dekarbonizasiyası və ixracı məqsədilə quruda və dənizdə “yaşıl enerji” planları 2027-ci ilədək olan birinci mərhələdə 2 QVt, 2030-cu ilə qədər növbəti mərhələdə isə 8 QVt-dan çox “yaşıl enerji” güclərinin reallaşdırılmasına hədəflənib. Bununla da, bərpaolunan enerji potensialının ölkəmiz vasitəsilə, təxminən, 2027-ci ildə 2 dəfə, 2030-cu ilə olan dövrdə isə 4 dəfədən çox artımı nəzərdə tutulub. Respublikamızda elektrik enerjisinin qoyuluş gücündə “yaşıl enerji” payını ilkin hədəf göstəricisindən 3 faiz çox və 3 il tez olmaqla 33 faizə yüksəldən bu layihələr Avropa ölkələrində də bərpaolunan enerji potensialının artırılmasının mənbələrindən olacağı göstərilib.
Bakı Enerji Forumunda, həmçinin xatırladılıb ki, “yaşıl enerji”nin dünya bazarlarına nəqli Azərbaycan dövlətinin enerji siyasətində əsas istiqamətlərdən biridir. Azərbaycan 2030-cu ilədək 5 min meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır. 2023-cü ildə respublikamızda Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyası istifadəyə verilib və bu cür yeni stansiyaların tikintisi davam edir. Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq “yaşıl enerji” elektrik kabelinin inşası istiqamətində mühüm işlər görülür.
Forumda söylənilənlərdən bir daha aydın olur ki, “yaşıl enerji”yə keçid qlobal ekoloji problemlərin həllində əhəmiyyətli rol oynayır. Ekoloji fəlsəfədə “yaşıl enerji”nin xüsusiyyətləri insan-təbiət münasibətləri kontekstində öyrənilir. “Yaşıl enerji”yə keçid ekosistemdə dayanıqlığın və insanın tələbatları ilə təbiətin imkanları arasında tarazlığın təmin olunmasında böyük əhəmiyyət daşıyır.
“Yaşıl enerji” mənbələrindən enerji istehsalı iqlim dəyişikliyinin və qlobal istiləşmənin qarşısının alması üçün vacibdir. “Yaşıl enerji” istehsalı enerji təhlükəsizliyinin təmin olunmasında özünəməxsus yer tutur, yeni texnologiyaların və innovasiyaların inkişafına təkan verir. Azərbaycan Respublikası coğrafi baxımdan əlverişli “yaşıl enerji” potensialına malikdir və ondan səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır.