Azərbaycan–Macarıstan: ikinci strateji dialoq

post-img

İyunun 5-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Nazirlər arasında keçirilən təkbətək görüşdən sonra hər iki tərəfdən nü­mayəndə heyətlərinin iştirakı ilə strateji dialoqun ikinci iclası keçirilib.

İclas zamanı ikitərəfli əsasda Azər­baycan və Macarıstan arasında iqtisa­diyyat, ticarət, investisiyalar, enerji təh­lükəsizliyi, bərpaolunan enerji ehtiyatları, humanitar, təhsil, mədəniyyət və sair is­tiqamətlər üzrə çoxşaxəli əməkdaşlıq gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə iqti­sadi əlaqələrin daha da gücləndirilməsi baxımından potensialın mövcudluğu, bu istiqamətdə perspektivlərin müzakirəsi istiqamətində Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın rolu vurğulanıb.

Görüşdə bərpaolunan enerji sahə­sinin inkişafı və ötürülməsi istiqamətinin strateji tərəfdaşlıq münasibətlərimizin vacib komponentlərindən biri olduğu, bu istiqamətdə Qara dəniz sualtı kabel/Yaşıl Orta Dəhliz təşəbbüsünün irəlilədilməsi fəaliyyətinin davam etdirilməsinin zəruri­liyinə diqqət çəkilib. 

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, iş­ğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma, minatəmizləmə fəaliyyə­ti, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırılıb. 

Macarıstanın aparılan quruculuq iş­lərinə töhfəsi, regional sülh səylərinə göstərdiyi dəstəyi, habelə prosesə töhfə verməyən addımlara qarşı sərgilədiyi mövqe minnətdarlıqla qeyd olunub. 

Daha sonra nazirlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Macarıstan Xarici İşlər və Ticarət Nazir­liyi arasında Konsulluq məsələləri üzrə Əməkdaşlığa dair Anlaşma Memoran­dumu, habelə Azərbaycan-Macarıstan Strateji Dialoqunun 2-ci iclasının proto­kolunu imzalayıblar.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Polşanın Xarici İşlər Nazirli­yinin dövlət katibi (nazir müavini) Marek Pravda ilə də görüşüb.

Görüşdə Azərbaycan və Polşa ara­sında əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə mövcud regio­nal vəziyyət barədə fikir mübadiləsi apa­rılıb.

Ceyhun Bayramov iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin, xüsusilə iqtisadi, ticarət, investisiyalar, enerji təh­lükəsizliyi, bağlantılar, təhsil, humanitar sahələr üzrə əməkdaşlığın inkişafında bu kimi səfərlərin, o cümlədən siyasi məs­ləhətləşmələr mexanizminin vacib rolu olduğunu vurğulayıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çər­çivə Konvensiyasının Tərəflər Konf­ransının 29-cu sessiyasına (COP29) sədrliyimiz çərçivəsində görülən işlər və gələcək planlar barədə qarşı tərəfi ətraf­lı məlumatlandıran Ceyhun Bayramov sədrliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində Polşa tərəfi ilə əməkdaşlıq üçün əlavə imkanlar olduğu­nu bildirib. 

Görüşdən sonra xarici işlər nazirinin müavini Fariz Rzayevin və Polşa nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan-Polşa strateji tərəfdaşlığına dair məsləhətləş­mələr keçirilib. 

XQ

Son xəbərlər