Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 293 Bakı şəhəri, 3 iyun 2024-cü il

“Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Res­publikasının Kənd Təsərrüfatı Nazir­liyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistem­lərinin alınması üçün kredit təşkilatla­rının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin ve­rilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi və Azər­baycan Respublikasının Kənd Təsərrüfa­tı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 noyabr tarixli 2367 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icra­sını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ərzaqlıq buğda istehsalı ilə bağ­lı öhdəlik götürərək Azərbaycan Res­publikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq sub­yektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz və­saitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki:

2.1. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkar­lıq subyektlərinə veriləcək 280 (iki yüz səksən) milyon manat kredit portfeli 168 (yüz altmış səkkiz) milyon manat məb­ləğinədək dövlət zəmanəti ilə təmin edilir;

2.2. bu Qərarın 2.1-ci bəndində nəzərdə tutulan dövlət zəmanəti Azər­baycan Respublikasının Maliyyə Nazirli­yi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanılan, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya əlavə - “Ərzaqlıq buğda isteh­salı ilə bağlı öhdəlik götürərərək fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ve­rilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir.

3. Azərbaycan Respublikasının Ma­liyyə Nazirliyi “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin dövlət zəmanəti verilmiş, lakin icra edilməmiş borc öhdəliyini Döv­lət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına ye­rinə yetirsin.

4. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq verilən dövlət zəmanəti 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bü­tün kredit müqavilələrinə şamil edilir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 3 iyun 

tarixli 293 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

“Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi

QAYDASI

1.             Ümumi müddəalar

1.1.            Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6.1-1-ci və                6.1-2-ci bəndlərinə uyğun olaraq hazırlanmışdır və “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanına əsasən ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə (bundan sonra – sahibkarlıq subyektləri) müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının (bankların, xarici bankların yerli filialları və ya bank olmayan kredit təşkilatlarının) öz vəsaitləri hesabına verilən kreditlər üzrə dövlət zəmanətinin verilməsinə dair müraciət qaydasını, ödəniş şərtlərini və digər məsələləri müəyyən edir.

1.2.            Bu Qayda zəmanətin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra ‒ AKİA) ilə kredit təşkilatının  qarşılıqlı münasibətlərini tənzimləyən müqavilə (bundan sonra - əməkdaşlıq müqaviləsi) bağlamış kredit təşkilatlarının öz vəsaitləri hesablarına verdiyi kreditlərə şamil edilir.

1.3.             Əməkdaşlıq müqaviləsinin nümunəvi forması bu Qaydanın tələbləri nəzərə alınmaqla AKİA tərəfindən təsdiq edilir.

2.             Dövlət zəmanətinin verilməsi şərtləri

2.1.            Dövlət zəmanəti Azərbaycan Respublikası Prezidentinin 2018-ci il  19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6.1-1-ci və 6.1-2-ci bəndlərinin tələblərinə uyğun olaraq verilir.

2.2.            Dövlət zəmanəti aşağıdakı hallarda verilmir:

2.2.1.         kredit hesabatına əsasən sahibkarlıq subyektinin kredit almaq üçün müraciət etdiyi tarixə 60 (altmış) gündən artıq davam edən aktiv gecikməsi olduqda (habelə sahibkarlıq subyektinin AKİA qarşısında gecikdirilmiş aktiv öhdəlikləri olduqda);

2.2.2.        sahibkarlıq subyekti “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.13-cü maddəsinə və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən zəmanət üçün müraciət etdiyi kredit təşkilatına aidiyyəti şəxs olduqda; 

2.2.3.        sahibkarlıq subyekti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265  nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən riskli vergi ödəyicisi olduqda;

2.2.4.         sahibkarlıq subyekti ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamadıqda və ya bağlanılmış müqavilə üzrə öhdəliklərini pozduqda;

2.2.5.        sahibkarlıq subyektinin ərzaqlıq buğda əkinini həyata keçirdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarını təsdiq edən sənəd  olmadıqda;

2.2.6.        sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olduqda.

2.3.            Dövlət zəmanəti bu Qaydanın 2.1-ci bəndinin tələbinə cavab verən kreditlərə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən bu Qaydaya əlavə - “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərərək fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir.

2.4.             AKİA dövlət zəmanətindən istifadə edilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rübdə 1 (bir) dəfə hesabat verir. Hesabatın forması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.

2.5.            Hər bir kredit təşkilatı üçün onun müraciəti əsasında AKİA limit müəyyən edir. Kredit təşkilatının müraciəti əsasında 30 (otuz) təqvim günü müddətində AKİA-nın qərarı ilə ona əlavə limit müəyyən edilə bilər. Kredit təşkilatı tərəfindən istifadə edilməmiş limit            AKİA-nın qərarı ilə azaldıla və ya ləğv edilə bilər.

2.6.            Dövlət zəmanəti verilmiş kredit vəsaitindən sahibkarlıq subyektləri yalnız təyinatına uyğun istifadə etməlidirlər.

2.7.            Dövlət zəmanəti üzrə öhdəliklərin icrası və bu öhdəliklərlə bağlı edilmiş ödənişlərin bərpası müvafiq olaraq bu Qaydanın 5-ci və 7-ci hissələrinə uyğun həyata keçirilir. 

3.             Dövlət zəmanətinin verilməsi üçün müraciət

3.1.            Dövlət zəmanəti aşağıdakı qaydada verilir:

3.1.1.        sahibkarlıq subyekti dövlət zəmanəti ilə kredit almaq üçün bu Qaydanın 1.2-ci bəndi ilə müəyyən edilmiş kredit təşkilatına müraciət edir;

3.1.2.        kredit təşkilatı müraciət daxil olduğu gündən 10 (on) iş günü müddətində sahibkarlıq subyekti barədə bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş halların mövcudluğunu yoxlayır, sifariş üzrə maliyyə-kredit təhlili aparır, müvafiq qərar qəbul edir. Dövlət zəmanəti üçün edilmiş müraciət barədə imtina edildikdə səbəbləri göstərilməklə bu barədə sahibkarlıq subyektinə rəsmi məlumat verilir. Kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətlə bağlı dövlət zəmanətinin verilməsi üçün bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş sənədləri təqdim etməklə AKİA-ya elektron qaydada müraciət edir;

3.1.3.        AKİA bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulmuş müraciət daxil olduğu gündən 10 (on) iş günü müddətində kredit təşkilatının dövlət zəmanəti ilə bağlı müraciətinə dair göndərdiyi məlumatları təhlil edərək (habelə bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş halların mövcudluğunu yoxlayaraq) qərar qəbul edir. Dövlət zəmanəti üçün edilmiş müraciət barədə imtina edildikdə səbəbləri göstərilməklə bu barədə kredit təşkilatına rəsmi məlumat verilir. AKİA müsbət qiymətləndirilmiş müraciətlə bağlı kredit təşkilatına zəmanət məktubu göndərir.

3.2.            Dövlət zəmanətinin verilməsi üçün kredit təşkilatı aşağıdakı sənədləri AKİA-ya təqdim etməlidir:

3.2.1.        kreditin ayrılmasına və həmin kreditə dövlət zəmanəti verilməsi üçün aparılmış təhlil əsasında AKİA-ya müraciətə dair kredit təşkilatının qərarından çıxarış;

3.2.2.        ərzaqlıq buğda istehsalı ilə bağlı layihənin xüsu-siyyətindən və kreditin məbləğindən asılı olaraq sahibkarlıq subyekti, layihə barədə sənədlər və ya məlumatlar;

3.2.3.        sahibkarlıq subyektinin kredit təşkilatına aidiyyəti şəxs olmadığını təsdiqləyən və kredit təşkilatının səlahiyyətli nümayən-dəsinin imzaladığı sənəd;

3.2.4.        sahibkarlıq subyektinin kredit tarixçəsi barədə hesabat;

3.2.5.        sahibkarlıq subyektinin ərzaqlıq buğda əkinini həyata keçirdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarını təsdiq edən sənəd.

3.3.            Bu Qaydanın 3.2.2-ci yarımbəndində nəzərdə tutulan təsdiqedici sənədləri və məlumatları  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müəyyən edir.

3.4.            Dövlət zəmanətinin verilməsi üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sahibkarlıq subyektindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sahibkarlıq subyektinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sahibkarlıq subyekti tərəfindən təmin edilir.

3.5.            Dövlət zəmanətinin məbləği bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla kredit təşkilatının müraciəti əsasında müəyyən edilir. Zəmanətin qüvvədə olduğu müddətdə zəmanətin kreditə nisbəti kredit təşkilatının müraciəti əsasında azaldıla bilər.

3.6.            Kreditə dövlət zəmanətinin verilməsi ilə bağlı məlumat kredit təşkilatı və sahibkarlıq subyekti arasında bağlanılan kredit müqaviləsində qeyd olunur. Zəmanət bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan birdəfəlik zəmanət haqqı AKİA-nın müvafiq hesabına ödənildiyi tarixdən qüvvəyə minir. AKİA-nın zəmanət məktubu verildiyi tarixdən 30 (otuz) təqvim günü müddətində kredit müqaviləsi imzalanmadığı halda zəmanət məktubu etibarsız sayılır.

3.7.            Kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında kredit müqaviləsi bağlanıldıqdan sonra müvafiq kredit müqaviləsinin bir nüsxəsi (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin təsdiq olunmuş surəti və ya bir nüsxəsi (olduqda), birdəfəlik zəmanət haqqının ödənilməsini təsdiq edən sənəd kredit təşkilatı tərəfindən 5 (beş) iş günü müddətində AKİA-ya təqdim edilir.

3.8.            AKİA kredit təşkilatı tərəfindən hər bir sahibkarlıq subyektinə ayrılan kredit vəsaiti, kredit vəsaitinin istifadə istiqamətləri, kreditin faiz dərəcəsi, müddəti (güzəşt müddəti ayrıca göstərilməklə), kredit təşkilatının ayrılan kredit müqabilində götürdüyü girov (olduqda) barədə, habelə sahibkarlıq subyekti kredit təşkilatı qarşısında kredit öhdəliklərini vaxtında yerinə yetirmədikdə, bu barədə məlumatları hər rübün sonunda növbəti ayın 10-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

3.9.            Müraciətindən imtina edilmiş sahibkarlıq subyekti imtinaya əsas olmuş hallar aradan qaldırıldıqdan sonra yenidən müraciət edə bilər.

4.             Birdəfəlik zəmanət haqqı və komissiya

4.1.            Kredit təşkilatı dövlət zəmanəti verilməsinə görə AKİA-ya birdəfəlik, geri qaytarılmayan zəmanət və illik komissiya haqları ödəyir.

4.2.            Birdəfəlik zəmanət haqqı kredit təşkilatı tərəfindən verilmiş kredit məbləğinin 1,0 faizi həcmində hesablanır və kredit müqaviləsinin imzalandığı tarixdən 3 (üç) iş günü müddətində AKİA-ya ödənilir. AKİA ödənilmiş birdəfəlik zəmanət haqqını 2 (iki) iş günü müddətində Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürür və bu barədə müvafiq təsdiqedici sənədləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

4.3.            Kredit təşkilatı zəmanətin qüvvəyə mindiyi tarixdən həmin kredit təşkilatına verilmiş cəmi zəmanət məbləğinin qalıq məbləğinin 0,5 faizi həcmində illik komissiya ödəyir. Komissiya zəmanətin qüvvədə olduğu müddətdə gündəlik əsasda zəmanətin qalıq məbləğinə hesablanır və aylıq qaydada ödənilir.

4.4.            Kredit təşkilatı hər ay üçün növbəti ayın ilk 3 (üç) iş günü müddətində illik komissiyanı ödəyir və bu barədə hesabatı AKİA-ya təqdim edir. Həmin vəsait qeyd olunan müddət ərzində ödənilmədikdə qalıq komissiya məbləğinə görə hər təqvim günü üçün 0,1 faizi həcmində peniya hesablanır.

4.5.            İllik komissiya və zəmanət haqlarının ödənilməsi qaydası əməkdaşlıq müqaviləsi ilə tənzimlənir.

4.6.            Bu Qaydanın 4.4-cü bəndində qeyd olunmuş hesabatın formasını AKİA müəyyən edir. 

5.             Dövlət zəmanəti üzrə öhdəliyin icrası

5.1.             Dövlət zəmanəti verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 (yüz iyirmi) günü keçdikdə, kredit təşkilatının dövlət zəmanəti üzrə tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 60 (altmış) gün müddətində qüvvədə olur. Bu müddətdə kredit təşkilatı ödəniş tələbini bu Qaydanın 5.2-ci bəndində göstərilən sənədlərlə birlikdə irəli sürmədikdə zəmanət qüvvəsini itirir. Sənədlər tam və ya düzgün təqdim edilmədikdə, çatışmaz-lıqların 5 (beş) iş günü müddətində aradan qaldırılması üçün kredit təşkilatına məlumat verilir. Bu müddətdə çatışmazlıqlar aradan qaldırılmadıqda zəmanət qüvvəsini itirir.

5.2.            Kredit təşkilatı verilmiş dövlət zəmanəti üzrə ödəniş aparılması üçün AKİA-ya yazılı müraciət edir. Müraciətə aşağıdakı məlumat və sənədlər əlavə olunur:

5.2.1.        kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinə kreditin verilməsi zamanı tələb olunan sənədlər;

5.2.2.        həmin kredit öhdəliyinin təminatı kimi kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlakın yüklülüyünə dair sənədlər (olduqda);

5.2.3.        dövlət zəmanətini təsdiq edən sənədin, dövlət zəmanəti verilmiş kredit üzrə sahibkarlıq subyekti ilə bağlanılmış kredit müqaviləsinin və bu müqavilə ilə əlaqəli digər müqavilələrin surətləri;

5.2.4.        dövlət zəmanəti verildiyi tarixdən zəmanət üzrə ödəniş aparılması üçün müraciət etdiyi tarixədək sahibkarlıq subyektinin müvafiq bank hesabından çıxarış, o cümlədən sahibkarlıq subyektinin razılığı ilə onun kredit təşkilatlarında yerləşdirilmiş vəsaiti barədə məlumat;

5.2.5.        sahibkarlıq subyektinə, o cümlədən zaminlərə, girov qoyanlara və digər təminat verənlərə göndərilmiş bildirişlər və (və ya) pretenziya məktublarının, bu məktublara cavabların (olduğu təqdirdə), habelə sahibkarlıq subyektlərinə qarşı məhkəmədə iddia qaldırılmasını təsdiq edən sənədlərin surətləri.

5.3.            Dövlət zəmanəti üzrə ödənişin məbləği kredit üzrə əsas borcun icra edilməmiş hissəsinə münasibətdə qüvvədə olan zəmanətin ümumi kredit məbləğinə nisbəti həcmində (borcun qalıq məbləği həmin nisbətə vurularaq) hesablanır.

5.4.            AKİA bu Qaydanın 5.1-5.3-cü və 6.4-cü bəndlərində göstərilənləri nəzərə almaqla, tələbin irəli sürüldüyü tarixdən etibarən 15 (on beş) iş günündən gec olmayaraq, dövlət zəmanətinin ödənilməsi ilə bağlı qərar qəbul edir və kredit təşkilatına bu barədə bildiriş göndərir. Bildiriş əsasında kredit təşkilatı 3 (üç) iş günü müddətində sahibkarlıq subyektinə münasibətdə dövlət zəmanəti verilmiş kredit ilə bağlı tələb hüquqlarını tam həcmdə tələbin güzəşti müqaviləsi və adlı qiymətli kağız üzrə (olduqda) indossament yolu ilə AKİA-ya güzəşt edir. Bu güzəşt rəsmiləşdirildiyi andan kredit üzrə tələb hüquqları AKİA-ya keçir.

5.5.            Tələb hüquqları AKİA-ya güzəşt edildikdən sonra AKİA əməkdaşlıq müqaviləsinin, kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında bağlanılmış kredit müqaviləsinin (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin (olduqda) təsdiq edilmiş surətlərini, kredit təşkilatının rekvizitlərini və AKİA-ya rəsmi müraciətini əlavə etməklə, dövlət zəmanəti üzrə ödənişin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə  müraciət edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi  AKİA-nın müraciəti əsasında 30 (otuz) iş günü müddətində dövlət zəmanəti üzrə ödənişi kredit təşkilatının hesabına köçürür. Dövlət zəmanəti üzrə ödəniş birdəfəlik həyata keçirilir və hissə-hissə ödənilməsinə yol verilmir.

5.6.            Dövlət zəmanəti üzrə edilmiş ödənişlərin bərpa olunması şərtləri bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan Çərçivə Zəmanət Sazişi ilə müəyyən edilir.

6.             Dövlət zəmanətinin dayandırılması və ləğv edilməsi

6.1.            Bir kredit təşkilatına zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə AKİA-ya daxil olan vəsait çıxılmaqla) və kredit təşkilatının cari ödəniş tələbinin ümumi məbləği AKİA-nın həmin kredit təşkilatına verdiyi bütün zəmanətlərin 20 faizini keçdikdə, kredit təşkilatına verilmiş zəmanətlər üzrə ödənişlər dayandırılır. Bu zaman son 4 (dörd) ayda verilmiş zəmanətlər bütün zəmanətlərin qalıq məbləğlərinin hesablanmasında nəzərə alınmır.

6.2.            Bir kredit təşkilatına zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə AKİA-ya daxil olan vəsaitlər çıxılmaqla) ümumi məbləği AKİA-nın həmin kredit təşkilatına verdiyi bütün zəmanətlərin 20 faizindən aşağı düşdükdə zəmanətlər üzrə ödənişlər bərpa edilir.

6.3.            Aşağıdakı hallarda kredit təşkilatına yeni zəmanət verilmir: 

6.3.1.        bu Qaydanın 6.1-ci bəndi ilə müəyyən olunmuş hal baş verdikdə;

6.3.2.        dövlət zəmanətinin verilməsi üçün müraciət zamanı kredit təşkilatının bilərəkdən AKİA-ya yanlış məlumat təqdim etdiyi məlum olduqda;

6.3.3.        kredit təşkilatı bu Qaydanın 1.2-ci bəndinə uyğun olaraq Müsabiqə Komissiyası tərəfindən seçilmiş kredit təşkilatlarının siyahısından çıxarıldıqda;

6.3.4.        kredit təşkilatı bu Qaydada və əməkdaşlıq müqaviləsində nəzərdə tutulmuş tələb və öhdəlikləri yerinə yetirmədikdə.

6.4.            Aşağıdakı hallarda kredit üzrə verilmiş zəmanət ləğv edilir:

6.4.1.        zəmanət verilməsinə görə ödəmə vaxtı çatmış komissiyanın ödənişi    1 (bir) aydan çox gecikdirildikdə;

6.4.2.        zəmanətlə təmin olunmuş kreditlər üzrə tələb hüquqları AKİA-nın yazılı razılığı olmadan kredit təşkilatı tərəfindən üçüncü tərəfə ötürüldükdə;

6.4.3.        sahibkarlıq subyekti ilə bağlanılmış kredit müqaviləsinin, girov və digər təminat müqavilələrinin şərtləri bu Qaydaya uyğun olmadıqda və ya AKİA-nın əvvəlcədən yazılı razılığı olmadan kredit müqaviləsi bağlandıqda;

6.4.4.        hərbi əməliyyatlarla bağlı yaranmış şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar restrukturizasiya edilmiş kreditlər istisna olmaqla, zəmanət verilmiş kredit restrukturizasiya olunduqda;

6.4.5.        kredit təşkilatı zəmanət verilmiş kreditin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmədikdə; 

6.4.6.        zəmanətin verilməsi üçün müraciət, habelə kreditdən təyinatı üzrə istifadə ilə bağlı kredit təşkilatının bilərəkdən AKİA-ya yanlış məlumatlar təqdim etdiyi məlum olduqda;

6.4.7.        zəmanətlə təmin olunmuş kreditlər üzrə girov və digər təminatlarla bağlı ilkin müqavilə şərtləri  AKİA-nın yazılı razılığı olmadan dəyişdirildikdə;

6.4.8.        “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş digər hallarda.

6.5.            Əməkdaşlıq müqaviləsində AKİA-nın tələbi əsasında kredit və onun təminatı üzrə tələb hüquqlarının ötürülməsi şərtləri müəyyən olunur.

6.6.            Əməkdaşlıq müqaviləsi həmin müqavilədə nəzərdə tutulmuş hallarda yalnız qarşılıqlı öhdəliklər tam icra edildikdən sonra ləğv edilə bilər.

6.7.            Bu Qaydanın 6.3-cü bəndində nəzərdə tutulan hallar baş verdikdə, kredit təşkilatı zəmanətlər üzrə komissiya ödənişini əməkdaşlıq müqaviləsi qüvvədə olduğu müddətdə davam etdirir.

7.             Dövlət zəmanətinə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitlərin bölüşdürülməsi

7.1.            Dövlət zəmanətinə görə ödəniş edilmiş kredit üzrə sahibkarlıq subyekti tərəfindən kredit təşkilatına daxil olan vəsait bir hissəsi həmin kredit üzrə zəmanətin ümumi kreditə faiz nisbətinə müvafiq olaraq, dövlət zəmanət ödənişi həddində AKİA-ya, qalan hissəsi isə kredit təşkilatına ödənilir.

7.2.             Əməkdaşlıq müqaviləsi ləğv edildikdə ödəniş edilmiş kreditlər üzrə daxil olan vəsait AKİA-nın tələbləri bitənədək bütünlüklə AKİA-nın tələblərinin ödənilməsinə yönəldilir.

7.3.            Bu Qaydanın 7.2-ci bəndində göstərilən tələblər tam ödənildikdə AKİA 5 (beş) iş günü müddətində kredit təşkilatına bu barədə məlumat verir və sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüququnu kredit təşkilatına geri qaytarır.

7.4.            AKİA dövlət zəmanətinə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaiti tam həcmdə 5 (beş) iş günü müddətində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hesabına köçürür.

7.5.            Dövlət zəmanəti verilmiş krediti olan sahibkarlıq subyektinin kredit təşkilatında bir neçə krediti olduqda, bu kreditlər üzrə daxil olan vəsait aşağıdakı hallarda kredit təşkilatı tərəfindən zəmanət verilmiş kredit üzrə ödənişlərin həyata keçirilməsinə yönəldilir:

7.5.1.        dövlət zəmanəti verilmiş kredit gecikmədə olduqda – həmin kredit gecikmədən çıxanadək;

7.5.2.        dövlət zəmanəti verilmiş kredit üzrə zəmanət ödənişi həyata keçirildikdə – həmin kredit tam ödənilənədək.

7.6.            Bu Qaydanın 7.5-ci bəndində qeyd olunan şərtlər sahibkarlıq subyekti ilə bağlanılmış kredit müqaviləsində nəzərdə tutulmalıdır.

7.7.            Dövlət zəmanəti üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı AKİA-nın adından və onun xeyrinə tələb hüquqlarını kredit təşkilatı həyata keçirir. Dövlət zəmanəti üzrə ödəniş edildikdən sonra əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarını AKİA (və ya              AKİA-nın müəyyən etdiyi üçüncü şəxs) həyata keçirə bilər.

7.8.            AKİA-nın tələb hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranan xərclərin ödənilməsi əməkdaşlıq müqaviləsi ilə tənzimlənir.

7.9.            Dövlət zəmanəti üzrə edilmiş ödənişlərin sonradan Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna bərpa edilməsi məqsədilə AKİA ilə Zamin arasında müqavilə imzalanır.

8.             Monitorinq

8.1.            Kredit təşkilatı ildə azı bir dəfə kredit verdiyi sahibkarlıq subyektində kreditdən təyinatı üzrə istifadənin, suvarma sistemi avadanlıqlarının istismar vəziyyətinin və sahibkarın təsərrüfatının monitorinqini aparır və bu barədə AKİA-ya hesabat verir.

8.2.            Dövlət zəmanəti verilmiş kreditdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə AKİA sahibkarlıq subyektlərində monitorinqlər apara bilər.

8.3.            Kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında bağlanılan kredit müqaviləsində sahibkarlıq subyektinin AKİA tərəfindən monitorinq aparılması üçün zəruri şərait yaratmaq, kreditdən istifadəyə dair tələb olunan sənədləri və məlumatları təqdim etmək öhdəliyi nəzərdə tutulmalıdır.

8.4.            AKİA aparılmış monitorinqlərin nəticəsi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verir.

 

“Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma     sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydası”na

                   əlavə

Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərərək fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə

ÇƏRÇİVƏ ZƏMANƏT SAZİŞİ

1.             Ümumi müddəalar

1.1.            “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərərək fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” (bundan sonra – Saziş) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il             19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit           və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın (bundan            sonra – Fərman) 6.1-1-ci və 6.1-2-ci bəndlərinə uyğun olaraq verilən kreditlərin dövlət zəmanəti ilə təmin olunması şərtlərini müəyyən edir.

1.2.            Bu Saziş “Dövlət borcu haqqında” Azərbaycan Respub-likası Qanununun 12-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının adından çıxış edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra ‒ Zamin) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra ‒ AKİA) arasında imzalanır.

2.             Sazişin predmeti

2.1.            Bu Sazişin predmetini sahibkarlıq subyektlərinə verilməsi nəzərdə tutulan 280 (iki yüz səksən) milyon manatadək kredit üzrə əsas borc öhdəliyi yerinə yetirilmədikdə, onların əsas borcunun Fərmanın 6.1-1-ci və 6.1-2-ci bəndlərinə uyğun olaraq müəyyən edilmiş həddə ödənilməsinə dair AKİA-ya Zamin tərəfindən bu Sazişin 3.1.3-cü yarımbəndinin tələbləri nəzərə alınmaqla dövlət zəmanətinin verilməsi təşkil edir.

2.2.            Bu Saziş üzrə dövlət zəmanətinin yuxarı həddi 168 (yüz altmış səkkiz) milyon manat təşkil edir.

3.            AKİA-nın öhdəlikləri

3.1.            AKİA aşağıdakı öhdəliklərin yerinə yetirilməsini təmin edir:

3.1.1.       kredit təşkilatı tərəfindən hər bir sahibkarlıq subyektinə ayrılan kredit vəsaiti, kredit vəsaitindən istifadə istiqamətləri, kreditin faiz dərəcəsi, müddəti (güzəşt müddəti ayrıca göstərilməklə), ayrılan kredit müqabilində götürülən girov (olduqda) barədə məlumatların hər rübün sonunda növbəti ayın 10-dək Zaminə təqdim edilməsini;

3.1.2.       sahibkarlıq subyekti kredit təşkilatı qarşısında kredit öhdəliklərini vaxtında yerinə yetirmədikdə, bu barədə kredit təşkilatlarından daxil olmuş məlumatların hər rübün sonunda növbəti ayın 10-dək Zaminə təqdim edilməsini; 

3.1.3.       müəyyən edilmiş limit çərçivəsində sahibkarlıq subyektlərinə ayrılacaq zəmanət məbləğinin 1,0 faizi həcmində birdəfəlik əvəzsiz haqqın (bundan sonra ‒ zəmanət haqqı) “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respub-likasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydası”nın (bundan sonra – Qayda) 4.2-ci bəndində nəzərdə tutulmuş qaydada, Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülməsini və bu barədə müvafiq təsdiqedici sənədlərin Zaminə təqdim edilməsini;

3.1.4.       Qaydanın 8-ci hissəsinə əsasən aparılmış monito-rinqlərin nəticəsi barədə ildə bir dəfə Zaminə məlumat verilməsini.

3.2.           Dövlət zəmanəti bu Sazişin 3.1.3-cü yarımbəndində nəzərdə tutulan zəmanət haqqı ödənildikdən sonra və ödənilən zəmanət haqqına mütənasib şəkildə qüvvəyə minir.

4.             Zaminin öhdəlikləri

4.1.            Zamin AKİA-nın müraciəti əsasında kredit təşkilatı tərəfindən sahibkarlıq subyektlərinə ayrılan kredit vəsaiti üzrə öhdəliklərin (əsas borc) 168 (yüz altmış səkkiz) milyon manat məbləğinədək hissəsinin yerinə yetirilməsinə Fərmanın 6.1-1-ci və 6.1-2-ci bəndlərinə uyğun olaraq müəyyən olunmuş həddə dövlət zəmanəti verir.

4.2.            Zamin, sahibkarlıq subyektinin kredit təşkilatı qarşısında kredit müqaviləsi üzrə vaxtı keçmiş borcu yarandığı təqdirdə, kredit təşkilatının bu barədə AKİA-ya müraciəti və müvafiq olaraq AKİA-nın Zaminə müraciəti əsasında (Qaydanın 5.2-ci bəndində göstərilən sənədlər əlavə olunmaqla), bu Sazişin 6-cı hissəsində qeyd edilən müddət və şərtlər çərçivəsində borc öhdəliklərinin dövlət zəmanətinə aid edilən hissəsini kredit təşkilatına ödəməyi öhdəsinə götürür.

5.             Zaminin hüquqları

5.1.            Qaydanın 6-cı hissəsi ilə müəyyən edilən hallardan biri və ya bir neçəsi baş verdikdə, Zamin dövlət zəmanətinin verilməsini dayandırmaq və ya verilmiş dövlət zəmanətinə xitam vermək hüququna malikdir. Bu zaman əvvəlki kredit tranşları üzrə verilən kreditlərlə bağlı dövlət zəmanəti qüvvədə qalır.

5.2.            Zamin AKİA-ya dövlət zəmanətinin verilməsi üzrə əlavə məlumatların (sənədlərin) əldə edilməsi ilə bağlı sorğu verə bilər.

6.             Zəmanət üzrə öhdəliyin icrası

6.1.            Dövlət zəmanəti verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 (yüz iyirmi) günü keçdikdə, kredit təşkilatının dövlət zəmanəti üzrə tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 60 (altmış) gün müddətində qüvvədə olur. Bu müddətdə kredit təşkilatı ödəniş tələbini Qaydanın 5.2-ci bəndində göstərilən sənədlərlə birlikdə irəli sürmədikdə zəmanət qüvvəsini itirir. Sənədlər tam və ya düzgün təqdim edilmədikdə çatışmazlıqların 5 (beş) iş günü müddətində aradan qaldırılması üçün kredit təşkilatına məlumat verilir. Bu müddətdə çatışmazlıqlar aradan qaldırılmadıqda zəmanət qüvvəsini itirir.

6.2.            Kredit təşkilatı verilmiş zəmanət üzrə ödəniş aparılması üçün AKİA-ya yazılı müraciət edir. AKİA Qaydanın 5.1-5.3-cü və   6.4-cü bəndlərində göstərilənləri nəzərə almaqla, tələbin daxil olduğu tarixdən etibarən 15 (on beş) iş günündən gec olmayaraq, zəmanətin ödənilməsi ilə bağlı qərar qəbul edir və kredit təşkilatına bu barədə bildiriş göndərir. Bildiriş əsasında kredit təşkilatı 3 (üç) iş günü müddətində sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqlarını tam həcmdə tələbin güzəşti müqaviləsi və adlı qiymətli kağız üzrə (olduqda) indossament yolu ilə AKİA-ya güzəşt edir.

6.3.            Tələb hüquqları AKİA-ya güzəşt edildikdən sonra AKİA əməkdaşlıq müqaviləsinin, kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında imzalanmış kredit müqaviləsinin (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin (olduqda) təsdiq olunmuş surətləri, kredit təşkilatının rekvizitləri və AKİA-ya rəsmi müraciətini əlavə etməklə, zəmanət üzrə ödənişin həyata keçirilməsi üçün Zaminə müraciət edir. Zamin AKİA-nın müraciətini qəbul etdikdən sonra 30 (otuz) iş günü müddətində zəmanət üzrə ödənişi kredit təşkilatının hesabına köçürür. Zəmanət üzrə ödəniş birdəfəlik həyata keçirilir və hissə-hissə ödənilməsinə yol verilmir.

6.4.            Dövlət zəmanəti üzrə edilmiş ödənişlərin sonradan Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna bərpa edilməsi məqsədilə AKİA ilə Zamin arasında müqavilə imzalanır.

6.5.            Tələb hüquqlarının realizə edilməsi üçün görüləcək tədbirlər Zaminlə razılaşdırılır və həyata keçirilən bütün tədbirlər nəticəsində əldə edilən vəsait bu Sazişin 6.4-cü bəndində qeyd olunan müqaviləyə əsasən Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında yaranmış öhdəliklərin yerinə yetirilməsinə kifayət etmədikdə, həmin vəsaitin çatışmayan hissəsi Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun zərərinə silinir.

6.6.            Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət zəmanətinə görə ödəniş edilmiş kredit üzrə sahibkarlıq subyekti tərəfindən kredit təşkilatına daxil olan vəsaitin bölüşdürülməsi Qaydanın 7-ci hissəsi ilə müəyyən edilən şərtlər çərçivəsində tənzimlənir.

7.             Dövlət zəmanətinin dayandırılması və ona xitam verilməsi

“Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanu-nunun 15-ci maddəsi, habelə Qaydanın 6-cı hissəsi ilə müəyyən edilən bir və ya bir neçə hal baş verdikdə, Zaminin verdiyi dövlət zəmanəti dayandırılır və ya ona xitam verilir.

8.             Sazişin qüvvədəolma müddəti

Bu Saziş imzalandığı tarixdən qüvvəyə minir və kredit təşkilatları tərəfindən müvafiq kredit müqavilələri üzrə sahibkarlıq subyektlərinə ayrılmış kreditlər ilə bağlı öhdəliklər tam icra olunana qədər qüvvədə qalır.

9.             Mübahisələrin həll olunması

AKİA ilə Zamin arasında mübahisələr danışıqlar yolu ilə, tərəflərin qarşılıqlı razılaşması əsasında məhkəmədənkənar digər yollarla və ya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilə bilər.

10.          Sair şərtlər

10.1.         AKİA-nın əsasında yeni orqan (qurum) yaradıldıqda, bu Sazişdən irəli gələn öhdəliklər bütünlüklə AKİA-nın hüquqi varisinə keçir.

10.2.         Bu Saziş eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə imzalanır, bir nüsxə Zamində və bir nüsxə AKİA-da saxlanılır.

10.3.         Bu Sazişlə əlaqədar bütün məlumatlar yazılı formada tərtib edilir və poçt rabitəsi, faks və ya elektron poçt vasitəsilə göndərilir.

11.          Tərəflərin hüquqi ünvanı və rekvizitləri

 

ZAMİN

 

Azərbaycan Respublikasının

Maliyyə Nazirliyi

 

 

 

____________

M.Y.
AKİA

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və

 İnkişaf Agentliyi

 

____________

M.Y.
 

Nazirlər kabinetinin qərarları