“Şimal–Cənub” dəhlizinin əhatəsi böyüyür

post-img

ABŞ isə Avrasiya keçidini sanksiyalarla hədələyir

Rusiyanın Qara dəniz vasitəsilə ticarəti təhlükə altındadır. Yük gəmiləri Ukraynanın pilotsuz katerləri və gəmi əleyhinə raketlərinin hücumuna məruz qalır. Bundan başqa, Finlandiya və İsveçin NATO-ya daxil olması, Baltikyanı ölkələrin müdafiə xətti qurmağa başlaması Moskva üçün Baltik dənizində də oxşar problemlər yaradır. Əgər bu, həqiqətən, baş verərsə, gəmilərin Finlandiya körfəzindən çıxışı bağlanacaq və Kalininqrad bölgəsi yaxın perspektivdə blokadada qalacaq. 

Rusiya isə bunun qarşısını almaq istəyir. Öz məhsullarını satmaq üçün al­ternativ bazarlara çıxışı təmin edən yeni nəqliyyat dəhlizləri axtarır. Onlardan biri Rusiya Federasiyası, İran və Hindistanı, eləcə də bir sıra qonşu regional dövlət­ləri, o cümlədən Azərbaycanı birləşdirə­cək Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir. Layihənin əsas tranzit ölkələri Xəzər dənizi ilə ayrılan Rusiya və İran­dır. Azərbaycan da tranzit ölkələrdən biridir. Xəzər regionunda isə dəhlizin üç qolu var - qərb (Azərbaycan vasitəsilə), şərq (Qazaxıstan, Özbəkistan və Türk­mənistan) və Transxəzər. Göründüyü kimi, marşrutlardan biri tamamilə Azər­baycandan asılıdır.

“The Japan Times” nəşrinin yazdığı­na görə, Şimal–Cənub Beynəlxalq Nəq­liyyat Dəhlizi Moskva üçün sanksiyalar­dan yan keçmək baxımından son dərəcə vacibdir: “ Bu səbəbdən Rusiya İranın nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoyur. Bununla belə, o, regional risklərdən təcrid olunmayıb”.

Nəşrdə daha sonra qeyd edilir ki, Şimal–Cənub Dəhlizi Moskvanı Asiya güclərinə – Çin və Hindistana yaxınlaş­dırır, Avropadan isə uzaqlaşmasına sə­bəb olur.

Avrasiya İnkişaf Bankının məluma­tında bildirilir ki, Rusiyadan Hindistana qədər uzanan nəqliyyat dəhlizi region üzrə beynəlxalq yükdaşımaların həc­minə xüsusi təsir göstərəcək. Həm Mərkəzi Asiya, həm də Xəzər dənizini əhatə edən dəhlizin gücü 2030-cu ilə qə­dər 85 faiz artaraq ildə 35 milyon metrik tona çata bilər. Bu hədəfə çatmaq üçün İran tez bir zamanda Çabahar–Zahidan və Rəşt–Astara dəmir yollarını inşa edib istismara buraxmalıdır. 

İstənilən halda Şimal–Cənub Dəhlizi Rusiyanı İran və Hindistanla, ola bilsin ki, Cənubi Asiya, Fars körfəzi və Afrika ölkələri ilə birləşdirəcək. Çünki Süveyş kanalında baş verən hadisələr bu dəhli­zin əhəmiyyətini daha da yüksəldir. İndi nəinki region ölkələri, həm də inkişaf etmiş dövlətlər ona əsas alternativ nəq­liyyat dəhlizi kimi yanaşırlar. Artıq Yaxın Şərqin monarxiyaları da Azərbaycan ərazisindən keçən və Rusiya üçün hə­yati əhəmiyyət kəsb edən beynəlxalq Şi­mal-Cənub Dəhlizinə maraq göstərirlər.

Rusiyalı ekspertlər qeyd edirlər ki, bu günlərdə Bəhreyn kralının Moskvaya səfəri zamanı müzakirə olunan mövzu­lardan biri Şimal–Cənub Nəqliyyat Dəh­lizi olub. Ötən ilin avqustunda isə Rusiya Səudiyyə Ərəbistanına ilk yük qatarını göndərib. Bu, o deməkdir ki, getdikcə daha çox ölkə alternativ ticarətə malik olmaqla birbaşa Qərbin nəzarətindən uzaqlaşacaq. Layihədə iştirak edən hər bir ölkə qazanclı çıxacaq. Məsələn, dəhlizin formalaşmasında iştirak edən Rusiya öz mallarını Asiyaya ixrac etmək imkanı ilə yanaşı, tranzit gəlirlər də əldə edəcək. Bu beynəlxalq layihə yeni xid­mət növlərinin açılmasına, iş yerlərinin yaradılmasına, ölkənin büdcəsinə əlavə gəlirin gəlməsinə və iqtisadi inkişafa bö­yük təkan verəcək. Hindistan öz malları­nı dəhliz vasitəsilə Mərkəzi Asiya, Avropa və Rusiyaya göndərəcək. Azərbaycan və İran tranzit ölkə kimi gəlir əldə edəcək. Azərbaycanın ilk dövrlərdə gəlirləri 3-4 milyard dollar təşkil edə bilər.

Bütün bu genişmiqyaslı fəaliyyət isə yalnız sülh və sabitlik şəraitində uğurlu­dur. Hələlik arzu olunan sabitlik yoxdur. Qərb layihənin həyata keçirilməsinə qarşıdır. Bu səbəbdən də ABŞ və Fran­sadan yüksək rütbəli qonaqlar Mərkəzi Asiyanın keçmiş sovet respublikalarına tez-tez gəlməyə başlayıb. Prezident Makron bu məsələdə ən fəaldır. Onlar regionda Rusiyanın təsirini zəiflətmək istəyirlər. 

Eyni zamanda, Vaşinqton Şimal–Cə­nub Beynəlxalq Nəqliyyat Dəhlizinin ən mühüm həlqəsinə sanksiyalar tətbiq et­mək istəyir. Bu barədə Hindistanın gün­dəlik “New Indian Express” qəzeti yazıb.

ABŞ Dövlət Departamenti bildirib ki, Hindistan şirkətləri İrana yatıracaqları sərmayələr üçün sanksiya riski daşıyır­lar. Yeni Dehli isə İranın strateji Çabahar limanını modernləşdirmək niyyətindədir. Artıq tərəflər 10 illik müqavilə də imzala­yıblar. Bu barədə ABŞ Dövlət Departa­mentinin sözçüsü Vedant deyib: “İranla ticarətdə maraqlı olan hər bir şirkət mə­ruz qalacaqları bütün potensial riskləri, o cümlədən sanksiyaları dərk etməlidir. Biz artıq bilirik ki, İran və Hindistan Ça­bahar müqaviləsini imzalayıblar”.

Xatırladaq ki, Yeni Dehli 2003-cü ildə Oman körfəzindəki Çabahar limanını yenidən tikməyi təklif etmişdi. Bu liman beynəlxalq Şimal–Cənub nəqliyyat dəh­lizinin bir hissəsidir. Rusiya və Hindistan bütün maneələrə baxmayaraq dəhlizin istifadəyə verilməsində maraqlıdır.

Pünhan ƏFƏNDİYEV
XQ

İqtisadiyyat