Qarabağ iş adamlarını gözləyir

post-img

Azərbaycanın işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin inkişafı məqsədilə sağlam bünövrə yaradılır. İqtisadiyyat Nazirliyindən redaksiyamıza verilən məlumata görə, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının qurulması da bu istiqamətdə həyata keçirilən ən önəmli layihələrdən biridir. 

Hazırda hər iki sənaye parkında sa­hibkarlara biznes fəaliyyətini stimullaş­dırmaq üçün müxtəlif güzəştlər əsasında əlverişli şərait yaradılır. Belə ki, burada iş adamları üçün aşağı həddə icarə haqqı tətbiq edilir, dövlət vəsaiti hesabına kom­munikasiya və logistik infrastruktur qurul­ması diqqətdə saxlanılır. 

Xatırladaq ki, infrastruktur elektrik, təbii qaz, içməli və texniki su, sürətli in­ternet, eyni zamanda, daxili və tranzit yük daşımalarını həyata keçirməyə imkan verən avtomobil və dəmir yolu, eləcə də anbarlardan ibarətdir. Sənaye zonaları­nın avtomobil və dəmir yolları qovşaqları­nın üzərində yerləşməsi isə yüklərin asan daşınmasına imkan verir. Belə bir şərait həm də investisiya xərclərinin qənaət olunmasını, məhsulun maya dəyərinin aşağı salınmasını şərtləndirir. 

Bundan əlavə, sənaye parklarında iş adamlarına idarəetmə ilə bağlı məsləhət­lər verilir, sənaye üzrə ixtisaslı kadrlar ha­zırlanır və digər dövlət dəstəyi tədbirləri təşkil olunur.

Ölkəmizin digər yerlərində fəaliyyət göstərən sənaye zonalarından fərqli olaraq, Qarabağ və Şərqi Zəngəzurdakı sənaye parklarında kommunal, xammal, sosial sahələr üzrə əlavə güzəştlər pa­keti təklif edilir. Burada rezidentlərə qey­diyyata alındıqları vaxtdan başlayaraq 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olmaq imkanı yaradılır. Müvafiq iqtisadi fəaliyyət sahələrinə aid texnika, texnoloji avadan­lıq və qurğuların, xammal və materialla­rın idxalı ƏDV və gömrük rüsumlarından azad olunur.

Bütün bunlarla yanaşı, məcburi dövlət sosial sığorta haqqı da subsidiyalaşdırı­lır. Bölgədə vergi uçotuna alınan və riskli vergi ödəyicisi olmayan, eyni zamanda, istehsal fəaliyyəti göstərən sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödə­dikləri vəsaitin 20 faizi məbləğində ma­liyyə yardımı edilir. Sahibkarlara maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər verilir.

İş adamları bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kre­ditlər üzrə dövlət zəmanəti və subsidi­yadan da yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarlara məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan biznes kreditlərinin 90 faizədək hissəsi dövlət zəmanəti ilə verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsi­diyalaşdırılır.

Sahibkarlar elektron hökumət porta­lı və İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsi (https://edf.gov.az) üzə­rindən “Elektron kredit və zəmanət” infor­masiya sistemində qeydiyyatdan keçərək həmin mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər. 

İnsan kapitalının inkişafı məqsədilə işğaldan azad edilmiş ərazilərimizdə iş yeri olan mütəxəssislərə əlavə məzuniy­yət verilir və onların aylıq vəzifə maaşla­rına əlavələr hesablanır.

Yeri gəlmişkən, Ağdam Sənaye Par­kında tikinti materiallarının, havalandır­ma və yanğınsöndürmə avadanlıqları­nın, müxtəlif metal məmulatlarının, eləcə də ayaqqabı və s. məhsulların istehsalı müəssisələri tezliklə istehsal fəaliyyətinə başlayacaq. Yaradıldığı vaxtdan 3 ildən az keçməsinə baxmayaraq artıq bu sə­naye parkı rezidentlərinin sayına görə ölkədə ikinci sənaye parkına çevrilib. 

İqtisadiyyat Nazirliyi yanında İqtisa­di Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlovun bildirdiyinə əsasən, artıq parkın ərazisi­nin 60 faizdən çox hissəsi sahibkarların uzun müddətlik istifadəsinə verilib. Bu­rada ümumi investisiyaları 200,6 milyon manat olan 23 sahibkarlıq subyektinə re­zidentlik, 6 sahibkara isə qeyri-rezidentlik verilib. Parkda, ümumilikdə, 1900-dən çox iş yeri yaratmaq nəzərdə tutulub. İndiyədək 35 milyon manatdan artıq in­vestisiya yatırılıb, 300-dək daimi iş yeri açılıb. 

Bu il Ağdam Sənaye Parkında hava­landırma, yanğınsöndürmə avadanlıqla­rının və müxtəlif metal məmulatlarının, tikinti materiallarının, dam örtüklərinin, boru və qutu profillərin, elektrik paylayı­cı avadanlıqların və elektrik yuvaların, müxtəlif növ dəmir yolu avadanlıqların, divar kağızlarının, ayaqqabıların isteh­salına başlanılması nəzərdə tutulur. Eyni zamanda, hazırda parkda dövlət vəsaiti hesabına rezidentlər üçün infrastrukturun qurulması, elektrik yarımstansiyasının, inzibati binanın tikintisi istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, Prezident İlham Əliye­vin 2021-ci il 28 may tarixli fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı işğalçı­dan təmizlənən ərazilərin biznes poten­sialının reallaşdırılması, qeyri-neft sek­torunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məh­sul istehsalının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azad olunmuş ərazilərin iqtisadi po­tensialının hərəkətə gətirilməsində, eləcə də sənaye sahəsində məşğulluğun təmin olunmasında mühüm rol oynayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı isə “Araz Vadisi İqtisadi Zonası Sənaye Par­kının yaradılması haqqında” Prezident İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli Fərmanı ilə Cəbrayıl rayonunda yaradılıb. 

Parkın logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biri­dir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşməsi də onun uğurlu fəaliyyəti üçün zəmin ya­radır. Belə ki, parkın ərazisindən həmin magistral yollara birbaşa giriş-çıxışın tə­min edilməsi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan əra­zisindən Rusiyaya yüklərin daşınmasına imkan verir. 

200 hektar ərazini əhatə edən par­kın prioritet istiqamətləri kimi logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin təşkili müəyyənləşdirilib. Bütün bu amillər həm yerli, həm də xarici iş adamalarının marağına səbəb olub.

Bir sözlə, “Araz Vadisi İqtisadi Zo­nası” Sənaye Parkının yaradılmasında əsas məqsəd işğaldan azad edilən əra­zilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahib­karlığın dəstəklənməsi, müasir texno­logiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil olunması, eyni zamanda, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi, bu ərazilərdə həyatın əvvəlki məcrasına qaytarılması strategiyasında mühüm yer tutan səna­yeləşmə siyasəti artıq öz real nəticələrini verməkdədir. Hazırda bu bölgədə yerli və xarici investisiyalar hesabına adları çəkilən sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir. Həmin əra­zilərin iqtisadi potensialının hərəkətə gə­tirilməsi üçün lazımi infastrukturun yara­dılması sürətlə davam etdirilir.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat