Azərbaycan paytaxtı beynəlxalq foruma hazırdır

post-img

Builki tədbirdə 37 ölkədən 300-dək şirkət iştirak edəcək

İyunun 4-də Bakı Enerji Həftəsi öz işinə başlayacaq. Ayın 6-dək davam edəcək həftə çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”), 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi (“Caspian Power”), eləcə də 29-cu Bakı Enerji Forumu keçiriləcək. “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə Bakı Konqres Mərkəzində baş tutacaq. Bu və ya digər məsələlər barədə Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında ətraflı məlumat verildi. 

“Iteca Caspian” şirkətinin İctimaiyyət­lə əlaqələr və tədbirlər departamentinin rəhbəri Nuru Səfərəliyev bildirdi ki, 3 gün ərzində keçiriləcək Bakı Enerji Həftəsi enerji sahəsində regionun ən böyük təd­birlərindən biridir. Qeyd olundu ki, həm ölkəmiz, həm də region üçün son dərəcə mühüm əhəmiyyət daşıyan tədbir dünya­nın enerji sahəsində lider şirkətlərini bir araya gətirəcək. Bakı Enerji Həftəsinin açılış mərasimində Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin şəxsən iştirak etməsi isə tədbirin yüksək statusunu təsdiqləyir. Bildirildi ki, Azər­baycan Respublikası Energetika Na­zirliyi tərəfindən dəstək göstərilən Bakı Enerji Həftəsi çərçivəsində keçirilən təd­birlərin baş tərəfdaşı qismində SOCAR çıxış edəcək. 

Bu il keçirilən Bakı Enerji Həftəsinin əhəmiyyətli bir hadisənin ildönümünə təsadüf etdiyi diqqətə çatdırıldı. Belə ki, 2024-cü ildə ölkəmizin neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqavilə­si”nin imzalanmasının 30-cu ili tamam olur. Bu mühüm hadisənin Bakı Ener­ji Həftəsinin proqramında da öz əksini tapdığını diqqətə çatdıran N. Səfərəliyev dedi ki, Azərbaycanın neft strategiyası­nın əsasını qoymuş “Əsrin müqaviləsi” görkəmli siyasi və dövlət xadimi, ümum­milli lider Heydər Əliyevin energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və ölkəmizi dünyanın neft ixracatçılarından birinə çevirən özül he­sab olunur. 

Bu il, həm də Beynəlxalq Xəzər neft və qaz sərgisinin təsis edilməsindən 30 il ötür. İlk dəfə 1994-cü ildə keçirilmiş sərginin müstəqil Azərbaycanın birinci beynəlxalq sərgisi kimi tarixə düşdüyü diqqətə çatdırıldı. Qeyd olundu ki, pande­miyanın yaratdığı çətinliklər səbəbindən 30-cu yubiley sərgisi 2025-ci ildə keçirilə­cək. 

Builki Bakı Enerji Həftəsinin daha bir əhəmiyyətli hadisəyə təsadüf etdiyini bildirən N. Səfərliyev dedi ki, ölkə Prezi­denti İlham Əliyevin sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisənin Bakı Enerji Həftəsinin tədbirlər proqramında öz əksini tapdığı diqqətə çatdırıldı. Qeyd olundu ki, “yaşıl ener­ji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. Bu səbəbdən Enerji Həftəsinin keçirildiyi günlərdə sözügedən məsələ də əsas müzakirə mövzularından biri ola­caq. Bir sözlə, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı oyunçuları beynəlxalq iştirakçıları, şirkətləri, sərməyədarları bir araya toplayan ideal bir platforma rolunu oynayacaq. Departament rəhbəri, həmçi­nin qeyd etdi ki, COP29-a ev sahibliyinin Azərbaycana həvalə olunması dünya ictimaiyyətinin ölkəmizə olan etimadın, etibarın nümunəsidir. 

Hər il olduğu kimi, 2024-cü ildə ke­çirilən Bakı Enerji Həftəsində də yüksək rütbəli qonaqların iştirakı gözlənilir. Bu barədə məlumat verən “Iteca Caspian” şirkətinin “Caspian Oil&Gas” və “Caspian Power” sərgilərinin layihə rəhbəri Nailə Əliyeva qeyd etdi ki, Bakı Enerji Həftə­sində 37 ölkədən 300-dək şirkət iştirakını təsdiq edib. Bildirildi ki, tədbirdə Azər­baycanla yanaşı, ABŞ, Almaniya, Avstra­liya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindis­tan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıni­ya, Rusiya Federasiyası, Səudiyyə Ərə­bistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edəcək. İsveç, Hindis­tan və Sloveniyadan olan şirkətlər isə ilk dəfədir ki, tədbirə qatılırlar. 

Builki sərginin tərkibinin iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yeniləndiyini diqqətə çatdıran layihə rəhbərinin sözlərinə görə, onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici şirkətlərdir. Ümumilikdə, sərgi sahəsinin 40 faizi tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsus­dur.

Media təmsilçilərinə məlumat verildi ki, “Caspian Oil&Gas” sərgisində Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlən­məsi, neft və qazın nəqli və hasilatı, tele­kommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işlə­ri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq. 

“Caspian Power” sərgisində isə bey­nəlxalq və yerli şirkətlərin energetika və bərpaolunan enerji mənbələrinin inkişa­fı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə ola­caq. Sərgidə günəş enerjisi, külək ener­jisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələ­ri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sek­torlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş etdiriləcək. 

Enerji Həftəsi çərçivəsində təşkil ediləcək daha bir mötəbər tədbir isə Bakı Enerji Forumudur. Bu barədə jurnalist­lərə məlumat verən Bakı Enerji Forumu­nun layihə rəhbəri Aynurə Nəzərli dedi ki, tədbirdə həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olacaq. Diqqətə çatdırıldı ki, 600-dən çox nümayəndənin qatılacağı builki tədbirdə “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaş­lıq”, “Enerji təhlükəsizliyi 2.0”, “Xəzər re­gionunda kəşfiyyat və hasilat imkanları”, “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı”, “Yeni texnologiyalar və rəqəmsallaşdırma”, “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Neft axınları: Kross-logis­tika və Azərbaycanda infrastrukturun inkişafı”, “Uğurlu enerji keçidində insan kapitalının rolu” kimi mövzular müzakirə olunacaq. 

Konfransda, həmçinin Energetika Nazirliyinin və SOCAR-ın mətbuat katib­ləri Cahid Mikayılov və Orxan Hüseynov Bakı Enerji Həftəsi çərçivəsində keçirilə­cək tədbirlərlə bağlı fikirlərini bölüşdülər. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat