Sağlam rəqabət bolluq və tərəqqiyə təkandır

post-img

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatla­rı Milli Konfederasiyasının dəstəyi, agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “Yeni Rəqabət Mə­cəlləsi: rəqabət qanunvericiliyində aparılmış dəyişik­liklərin biznes mühitinə təsir imkanları” mövzusunda ictimai müzakirə keçirilib.

Müvafiq dövlət qurumlarının nümayəndələri və 80-ə yaxın biznes subyektinin iştirak etdikləri tədbirdə bu il iyulun 1-dən eti­barən qüvvəyə minəcək Rəqabət Məcəlləsi barədə sahibkarlar məlumatlandırılıb və onların sualları cavablandırılıb.

Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunan ictimai müzakirədə Rəqabət Məcəlləsinin tətbiqinin praktiki əsaslarından da­nışılıb, adıçəkilən məcəllənin ölkə­də biznes mühitinin əlverişliliyinin artırılması və sahibkarlığın inkişa­fına mümkün töhfələrindən bəhs edilib.

Tədbirdə qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanan Rəqa­bət Məcəlləsi, biznes və rəqabət mühitinin davamlı yaxşılaşdırılma­sı istiqamətində tətbiq olunan müa­sir yanaşmalar barədə məlumat verilərək bildirilib ki, yeni sosial-iqti­sadi çağırışlara cavab vermək, da­yanıqlı və rəqabətqabiliyyətli iqtisa­di inkişafı gerçəkləşdirmək, müasir tənzimləmə metodlarını tətbiqi zərurətindən irəli gələrək hazırla­nan Rəqabət Məcəlləsində sahib­karların sağlam rəqabət şəraitində fəaliyyətinin reallaşdırılması önə çəkilib. Bundan başqa məcəllə­də kartel tipli əlaqələrin qarşısının alınması, təbii inhisar subyektləri­nin fəaliyyətinə səmərəli nəzarətin təşkil edilməsi, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı məsələlərə dair tənzimləmə alətləri də diqqətdə saxlanılıb. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Rəqabət Məcəlləsinin qəbul edilməsini ölkə­mizin iqtisadi qanunvericilik baza­sının təkmilləşdirilməsi istiqamətin­də əldə edilmiş uğurlardan biri kimi qiymətləndirib və iqtisadiyyatın in­kişafında özəl sektorun artan rolu­nu nəzərə alaraq məcəllənin azad və sağlam rəqabət mühitinin təmin edilməsinə, onun prinsiplərinin qo­runmasına və inkişafına öz töhfəsi­ni verəcəyinə əminliyini bildirib. 

İctimai müzakirədə son illərdə dövlət-özəl tərəfdaşlığı çərçivə­sində biznes subyektləri ilə ge­nişlənən əlaqələrin sosial-iqtisadi artıma töhfə verdiyi vurğulanıb. Özündə inhisarçılıq və haqsız rəqa­bət halları ilə mübarizənin hüquqi əsaslarını ehtiva edən və iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin özəl sektorun inkişa­fını stimullaşdıracağı qeyd edilib. Eyni zamanda, “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısı­nın alınmasına dair Milli Fəaliyyət Proqramı”nın da kiçik və orta biz­nes subyektlərinin bazara sərbəst girişinə maneə yaradan amillərin aradan qaldırılmasına xidmət edə­cəyi də diqqətə çatdırılıb.

Ekspertlər bildirirlər ki, istər Rəqabət Məcəlləsində, istərsə də “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Proqramı”nda respublikamızda rəqabətə davam­lı milli iqtisadiyyatın yaradılması, rəqabətlilik mühitinin təminində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, rəqəmsal iqtisadiy­yatda rəqabət siyasətinə rəqəmsal baxışın diqqət mərkəzində sax­lanılması kimi məsələlərə böyük əhəmiyyət verilib. Bundan başqa, adları çəkilən sənədlərdə istehlak bazarında rəqabət üstünlüyünün gerçəkləşdirilməsinə, eyni za­manda müəssisələrin rəqabətqa­biliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texno­logiyaları vasitəsilə yüksəldilmə­sinə həlledici vasitə kimi yanaşılıb. 

Yeri gəlmişkən, ekspertlərin Rəqabət Məcəlləsinin sahibkarlı­ğın inkişafını stimullaşdıracağı ilə bağlı fikirlərinə əsaslanaraq qeyd edək ki, bu, vergi, gömrük, dövlət satınalmaları və iqtisadi subyekt­lərlə qarşılıqlı əlaqədə olan digər dövlət sektorlarında şəffaflıq və ədalətliliyin təminini, ilk növbədə, rəqabət mühitini gücləndirir. Bu, həm də sahibkarlıq fəaliyyətinin qanun çərçivəsində qurulması, iqti­sadiyyatın əsaslarının möhkəmlən­məsi baxımından da zəruri şərtlər­dən biridir. Çünki sağlam rəqabətli iqtisadiyyat həm xalqın rifah səviy­yəsini yüksəldir, həm də xaricdən ölkəyə investisiya axınının miqya­sını artırır. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Rəqa­bət Məcəlləsinin sahibkarlığın inkişafını sürətləndiriləcəyini ifa­də edən məlumatında bildirilib ki, adıçəkilən sənəd özəl bölmənin bazarda rəqabət problemlərinin həllinə imkan verən işlək, çevik və çəkindirici qanunvericiliyə çevrilə­cək, milli bazarda təsərrüfat sub­yektlərini inhisarçı davranışlardan çəkindirəcək. 

Eyni zamanda, Rəqabət Mə­cəlləsinin qüvvəyə minməsi və iq­tisadiyyatın inkişafı ilə yeni iqtisadi modellər tətbiq ediləcək ki, bu da daha səmərəli tənzimləmə alətlə­rindən istifadəyə ciddi zərurət ya­radacaq. Bu isə mövcud rəqabət problemlərinin həllinə istiqamət­lənən və təsərrüfat subyektlərini inhisarçı davranışlardan çəkindirən qanunvericilik normalarının hazır­lanmasını şərtləndirəcək. 

Ekspertlərin, eləcə də özəl sektor nümayəndələrinin sözlərinə görə, iyulun 1-dən yeni Rəqabət Məcəlləsinin tətbiqi ölkə iqtisadiy­yatına, o cümlədən biznes imkan­larının səmərəliliyinə müsbət təsir göstərəcək, idxal-ixrac potensia­lını daha da gücləndirəcək. Digər tərəfdən bu, ölkədə monopoliyanın təsirlərinin aradan qaldırılması­nı və bazar payının azaldılması­nı şərtləndirəcək. Nəticə etibarilə Rəqabət Məcəlləsi respublikada rəqabət mühitinin daha da müs­bət istiqamətə dəyişməsinə, onun liberallaşmasına əlverişli şərait ya­radacaq. Bu isə qiymətlərin daha sabit qalmasını gerçəkləşdirəcək və süni bahalaşmanın qarşısını alacaq. 

Məcəllənin tətbiqinin kiçik və orta biznesə də müsbət təsirləri olacaq, onların fəaliyyətinin sti­mullaşdırılmasına, investisiya yö­nümünə təsir edəcək, idxal-ixrac əməliyyatları sürətlənəcək və fəa­liyyət istiqamətləri genişlənəcək. Bütün bunlarla bərabər, məcəllə valyuta gəlirlərinin artmasında, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayacaq. Kənd təsərrüfatında, eləcə də emal sahəsinin genişləndirilməsində də yeni mərhələ başlanacaq, həm yerli, həm də xarici investisiyaların artmasına əlverişli şərait yarada­caq. Bütün bunlar yeni iş yerlərinin yaranması və məşğulluğun artma­sına səbəb olacaq.

Bir sözlə, Rəqabət Məcəlləsi­nin tətbiqi ilə mikro, kiçik və orta sahibkarlığın maraqlarının qorun­masına və onların gələcək inkişa­fının təmin olunmasına böyük ümid bəslənilir. Ən başlıcası isə işğaldan azad edilmiş ərazilərdə yeni coğ­rafi bazarların yaranması və indiyə qədər mövcud olmayan biznes mühitinin ortaya çıxması gözlənilir. Yeni coğrafi ərazilərdə bazarların formalaşması və inkişafı mərhələ­sində rəqabət mühitinin yaradılma­sı mühüm önəm daşıyan amil kimi dəyərləndirilir. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat