Xəzərin də öz “Xocalı”sı var

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına “Handysize” ölçü tipli ilk gəmi qəbul edilib. ASCO-dan redaksiyamıza verilən məlumatda daha sonra bildirilir ki, bununla da QSC quru yüklərin daşınmasında yeni seqmentə daxil olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, gəmiyə tarixi torpağımız Xocalının adı verilib.

Çində Dövlət himnimizin sədaları altında gəmidə Azər­baycanın üçrəngli dövlət bayrağı qaldırılıb və “Xocalı” istis­mara qəbul olunub.

“Xocalı” gəmisi dövlətimizin başçısının tapşırıq və tövsiyələri rəhbər tutularaq hazırlanan və ASCO-nun Mü­şahidə Şurasının qəbul etdiyi gəmiçiliyin strateji inkişaf proqramı çərçivəsində alınıb. Sözügedən proqramda milli gəmiçiliyin Xəzərdənkənar fəaliyyət coğrafiyasının geniş­ləndirilməsi, beynəlxalq hövzələrdə yükdaşıma potensialı­nın daha da artırılması, eləcə də xarici sularda yükdaşıma­lar üçün yeni tipli daha böyük gəmilərin alınması ilə bağlı investisiya fəaliyyətinin maliyyələşdirilməsi məsələləri xü­susi yer tutur.

Bu istiqamətdə icra olunan işlərin davamı kimi, ASCO “Handysize” ölçü tipli quru yük gəmisinin alınması layihə­sinin maliyyələşdirilməsi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edib. Bank ASCO-da bey­nəlxalq prinsiplərə uyğun qurulmuş korporativ idarəetmə və hesabatlılıq sistemlərinin mövcudluğunu, əməliyyatlar­da şəffaflığın və sağlam maliyyə vəziyyətinin təmin edilmə­sini nəzərə alaraq, dövlət zəmanəti olmadan sözügedən layihənin maliyyələşməsi barədə qərar verib. Bununla da gəminin alınması üzrə maliyyələşmənin 70 faizi Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit vəsaiti, 30 faizi isə ASCO-nun daxili imkanları hesabına həyata keçirilib.

“Xocalı” gəmisi 38 min 593 ton yükgötürmə imkanına malikdir. Bu da ASCO-nun mövcud quru yük gəmilərinin yükgötürmə qabiliyyətindən təxminən 8 dəfə çoxdur. Gə­minin uzunluğu 180 metr, eni 30 metr, bortunun hündür­lüyü 15 metr, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 uzeldir. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.

Qeyd edək ki, “Xocalı” gəmisinin yükləndikdən sonra ilk səfəri Cənubi Koreyanın “Bukpyung” limanından ABŞ-nın “Portland” limanınadır. Bununla da, “Xocalı” müstəqil Azərbaycan bayrağı altında Amerika sularında üzəcək ilk gəmi olacaq.

XQ

İqtisadiyyat