Ölkəmizdə həyata keçirilən uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq yaradılan in-frastruktur, fermerlərə göstərilən maliyyə dəstəyi, aqrar sektorda tətbiq edilən vergi güzəştləri əkin-biçin adamında təşəbbüskarlığı xeyli artırıb. Məhz bunun nəticəsidir ki, hazırda aqrar sektorda qabaqcıl texnologiyalara və müasir innovativ idarəetmə sisteminə əsaslanan yeni tipli müəssisələr yaradılır. Həmin müəssisələr kənd təsərrüfatının inkişafına, daxili bazarın keyfiyyətli məhsullarla təminatına, eləcə də ölkənin ixrac potensialının artırılmasına mühüm töhfələr verir.
Son illər Azərbaycanda yaradılan aqroparklar da onlara bəslənilən ümidləri doğruldur. Belə ki, ölkənin aqrar sektorunun inkişafı məqsədilə işlənib hazırlanmış yeni inkişaf konsepsiyasının mühüm istiqamətlərindən sayılan aqroparklar ərzaq təhlükəsizliyinin təminatında, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.
Cəmi bir neçə il əvvəl yaradılmış Yevlax Pilot Aqroparkı artıq regionun iri kənd təsərrüfatı məhsullarının istehsalçısına çevrilib. Son zamanlar parkın rezidentlərinin sayının artması və burada salınan intensiv meyvə bağlarının genişləndirilməsi ölkədə məhsul bolluğunun yaradılmasına səbəb olub. Bir il əvvəl parkın rezidenti olan “Agrotop” MMC tərəfindən ərazidə 40 hektarlıq meyvə bağları salınıb. Bağların 11 hektarında ərik, 15,5 hektarında nektarin, 13,5 hektarında isə şaftalı ağacları əkilib. Bir il əvvəl salınmasına baxmayaraq, meyvə bağlarında bol şaftalı və ərik yetişdirilib. Bugünlərdə meyvə bağlarında ilk dəfə olaraq məhsul yığımı həyata keçirilib. Qeyd edək ki, hazırda “Agrotop” MMC-nin Yevlax təsərrüfatında 11 nəfər daimi, 300 nəfər isə mövsümi işlə təmin edilib. Şirkət tərəfindən indiyədək aqroparkda görülmüş işlərə 600 min manat investisiya yatırılıb.
Bununla yanaşı, Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC-nin meyvə bağlarında da məhsul boldur. Havaların əlverişsiz keçməsinə baxmayaraq, artıq burada da məhsul yığımına start verilib. Artıq ikinci mövsümdür ki, şirkətin Yevlax təsərrüfatında ərik, nektarin, şaftalı, alça, gilas yığımı həyata keçirilir. Məlumat üçün bildiririk ki, “İSFA” MMC-nin təsərrüfatı aqroparkın ərazisində, ümumilikdə, 60 hektar ərazini əhatə edir. Bunun 50 hektarında meyvə bağları, 10 hektarında isə tingçilik təsərrüfatı salınıb. Meyvə bağlarında şaftalı, nektarin, ərik, gilas, alça, gavalı kimi meyvələrin erkən yetişən çeşidləri becərilir. Tingçilik təsərrüfatında isə 15 növdə meyvənin 150 çeşidi yetişdirilir. Təsərrüfatda müasir suvarma üsulundan istifadə edilir. “İSFA” MMC-nin aqroparkda yerləşən təsərrüfatında 14 nəfər daimi, 45 nəfər isə mövsümi işlə təmin olunub. Şirkət tərəfindən indiyədək aqroparkda görülmüş işlərə 1,5 milyon manat investisiya yatırılıb.
Xatırladaq ki, Yevlax Pilot Aqropark 2021-ci ildə yaradılıb. Burada prioritetləşdirilmiş məhsulların əkini həyata keçirilir. Ərazisinin genişliyi ilə seçilən aqropark 2855 hektar sahəni əhatə edir. 2023-cü ildə Yevlax Pilot Aqroparkda 33 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Ümumilikdə, aqroparka 100 milyon manatdan çox özəl sərmayə qoyulması, 500 daimi və 1000-dən artıq işçinin isə mövsümi işlərə cəlb edilməsi nəzərdə tutulur. Aqroparkda indiyədək ümumi ərazisi 1900 hektar təşkil edən 33 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər tərəfindən aqroparka, ümumilikdə, 51 milyon manatdan artıq investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Aqropark tam gücü ilə fəaliyyətə başladıqdan sonra istehsal olunacaq meyvəçilik məhsullarının böyük hissəsinin ixrac edilməsi planlaşdırılır.
Yaxın zamanlarda Yevlax Pilot Aqroparkın əkinə yararsız 129 hektar hissəsinin təyinatının dəyişdirilərək burada emal zonasının yaradılması da nəzərdə tutulur. Həmin ərazi bütün zəruri infrastrukturla təmin ediləcək. Elə parkın rezidentləri də yetişdirdikləri məhsulları burada emala təhvil verəcəklər. Qeyd edək ki, yeni yaradılacaq müəssisədə, əsasən, ərzaq və aqrar məhsulların emalı gözlənilir.
Yeri gəlmişkən, Azərbaycanda aqroparklar 2014-cü ildən etibarən Prezident İlham Əliyevin tapşırığına əsasən ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, regionlarda işsizliyin aradan qaldırılması və idxaldan asılılığın azaldılması məqsədilə yaradılıb. Mövcud aqroparkların fəaliyyətinə nəzarət İqtisadiyyat Nazirliyinin nəzdində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən həyata keçirilir. Agentlik respublikada fəaliyyət göstərən sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 22 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb.
Ölkə Prezidentinin 2021-ci il 21 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq İZİA tərəfindən 2023-cü ilin yanvar ayından etibarən aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanılıb. Bununla əlaqədar 2-si dövlət, 22-si özəl olmaqla, ümumilikdə, 24 aqropark qeydiyyata alınıb.
Aqroparkların ümumi layihə dəyəri 1,2 milyard manat təşkil edir. Bununla yanaşı, aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 147 milyon manat dövlət dəstəyi göstərilib. Agentliyin məlumatına görə, indiyədək 14 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 131 milyon manat güzəştli kredit ayrılıb, həmçinin investisiya təşviqi sənədi verilmiş 18 aqropark tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,1 milyon manat dəyərində güzəşt əldə edilib. Ötən il aqroparklar tərəfindən 96 milyon manatlıq məhsul satışı həyata keçirilib.
Qeyd edək ki, hazırda ölkəmizin 32 rayonu üzrə 51 aqropark və iri fermer təsərrüfatı fəaliyyət göstərir. Ümumi ərazisi 240 min kvadratmetr təşkil edən aqroparkların layihə dəyəri 2,4 milyard manat təşkil edir. Aqropark və iri fermer təsərrüfatlarının 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Ötən müddətdə aqroparklara 1,4 milyard manat özəl sərmayə qoyulub.
Mirbağır YAQUBZADƏ
XQ