Azərbaycan dövlətçilik yaddaşında 28 May fenomeni

post-img

Dövlətçilik yaddaşının fəlsəfi anlamı

Dövlətçilik yaddaşı bizim anlamımız­da özəl fəlsəfi məzmuna və funksiyaya malikdir. Bu anlayışı “tarixi yaddaş”, “si­yasi yaddaş” və “dövlətin yaddaşı” anla­yışları ilə qarışdırmamaq lazımdır. Əlbət­tə, konkret məzmuna və funksiyaya malik bir anlayış kimi, “dövlətçilik yaddaşı” “ta­rixi yaddaş”, “siyasi yaddaş” və “dövlətin yaddaşı” anlayışlarının tərkib hissəsi kimi təsəvvür edilə bilər. Lakin onun məzmun və funksiyasi öz keyfiyyəti ilə digərlərin­dən fərqlənir.

Dövlətçilik yaddaşı hər bir cəmiyyətin tarixi yaddaşının mühüm tərkib hissəsi­dir. O, həmin cəmiyyətin dövləti simasını formalaşdırır və müəyyən edir. Dövlətçilik yaddaşı millətin siyasi və hüquqi “kimli­yi”ni təşkil edən başlıca faktorlar sırasına daxildir. Bu mənada o, dövləti formalaş­dıran və onu ənənə halına salan siyasi, sosial, mədəni, mənəvi, idarəetmə və ideoloji konstruktdur. 

Dövlətçilik yaddaşı fərdlərin və kol­lektivin dövlətçilik şüurunun məzmun və funksionallığına hər tarixi mərhələdə konkret yön verən fenomendir. Şüur yad­daşı özündə ehtiva edir. 

Dövlətçilik yaddaşı iki aspektdə tarixi­dir. Birincisi, dövlətçilik yaddaşı sosial-si­yasi institutların sistemli və məqsədyönlü fəaliyyəti sayəsində formalaşan ruhani, mənəvi, şüuri hadisə keyfiyyətində. Bu, tarix siyasəti çərçivəsində həyata keçi­rilir. İkincisi, dövlət dövlətçilik yaddaşını aktuallaşdıranda və reaktuallaşdıranda (yəni sosial praktikada əyaniləşdirəndə və təkrar əyaniləşdirəndə).

Bizə görə, dövlətçilik yaddaşı müa­sir tarixi mərhələdə bu iki aspektin qar­şılıqlı əlaqəsində dərk edilməlidir. AMEA bu prosesin təşkilatçısı və reallaşdırıcı­sı kimi ilk sırada yer almaqdadır. Bunu ölkənin baş elmi təşkilatının yeniləşməsi fonunda konkret faktlarda görmək müm­kündür. 

Dövlətçilik yaddaşının təbliği və təşviqi 

Son 2 ildə AMEA-nın bu istiqamət­də fəallığı xeyli artıb və faktiki olaraq özünün yeni təşkilati, funksional və təsir səviyyəsinə yüksəlib. Onun başlıca özəl­liyi dövlətçilik şüuru kontekstində dövlət­çiliyin yaddaş kimi təbliği ilə təşviqinin bir-birini funksional aspektdə tamamla­masından ibarətdir. Maraqlı və diqqətə alınan məqamdır ki, bu prosesdə akade­miya rəhbərliyi fəallıq nümunəsi göstərir. AMEA prezidenti öz çıxışlarında, fikirlə­rində və səslənişlərində müstəqil dövlət­çilik kursu fonunda dövlətçilik ənənəsinin müasirlik kontekstində daha dərindən və geniş araşdırılması ehtiyacını daim vurğulayır. Bunu, güclü dövlət, güclü cəmiyyət quruculuğu çərçivəsində azər­baycançılıq və multikulturallığın vəhdəti əsasında həyata keçirilməsi zərurəti kimi ayrıca qeyd edir. 

AMEA prezidenti öz mövqeyini əsas­landırmaq üçün konkret tarixi, fəlsəfi, siyasi və ideoloji faktlara müraciət edir. Həmin sırada müasir dövlətçiliyin banisi ulu öndər Heydər Əliyevin və siyasi vari­si İlham Əliyevin fəaliyyətlərinin müxtəlif aspektlərinin təhlilini verir. Bu kontekstdə AMEA prezidenti “Heydər Əliyev-İlham Əliyev xətti” ifadəsini akademik leksikona gətirmiş alimdir. Məhz həmin bağlılıqda AMEA rəhbərliyinin dövlətçilik yaddaşı­nın təbliği ilə təşviqini bir-biri ilə uyğun­laşdırmasının fəlsəfəsi üzərində düşün­mək lazımdır. Bu baxımdan elm üçün təbliğlə anlatmanın sontezinə nail olmaq çox vacibdir. Konkret olaraq, AMEA-nın dövlətçilik və liderlik ənənəsinin vəhdətdə tədqiqini daha da gücləndirdiyi görünür. Təşkilat bu kontekstdə Azərbaycanda dövlətçilik və liderlik ənənəsinin fəlsəfi, siyasi-nəzəri, tarixi, filoloji və başqa as­pektlərdə tədqiqinə həsr edilən araşdır­maları davamlı olaraq intensivləşdirir.

Dövlətçilik yaddaşında yeni mərhələ 

Bu cür yanaşma fəlsəfi xarakterli üç nəticə çıxarmağa əsas verir. Birincisi, dövlətçilik ənənəsi ilə liderlik ənənəsinin qarşılıqlı əlaqəsinin elmi obrazının ya­radılması Azərbaycanda bu istiqamətin qədimdən cəmiyyət və dövlət quruculu­ğu üçün xarakterik olduğunu təsdiq edir. İkincisi, dövlətçiliklə liderliyin ənənəyə malik olması Azərbaycanın özünün ta­rixi və müasir dövlət quruculuğu mode­linə malik olduğunu elmi şəkildə sübuta yetirir. Bu da müasir mərhələdə Heydər Əliyev–İlham Əliyev dövlət quruculuğu xəttinin obyektiv fəlsəfi-elmi, siyasi və geosiyasi obrazını formalaşdırmağa güc­lü təkan verir. Üçüncüsü, 28 May –Müstəqillik Gününün yaddaş məkanı kimi fəlsəfi dərk edilməsi üçün yeni imkanlar meydana gəlir. 

Əslində, müstəqil dövlətçiliklə bağ­lı hər bir elmi fikrin və ya sistemli araş­dırmanın 28 May – Müstəqillik Gününə aidiyyatı vardır. Burada elmi baxımdan vacib olan başlıca məqam “28 May”ın müasir dövlətçiliyin xüsusiyyətləri priz­masında araşdırılması ilə bağlıdır. Çün­ki dövlətçilik yaddaşı daim dövrə uyğun yeni məqamlarla zənginləşməlidir və bunu gələcəyin naminə etmək gərəkdir. Yəni dövlətçilik kontekstində yaddaşı indiki reallıqları nəzərə alaraq gələcəyin proqnozlaşdırılması üçün tədqiq etmək aktualdır. 

Vurğuladığımız yanaşma 28 May –Müstəqillik Gününün fəlsəfi-elmi anla­mında oldquca əhəmiyyətli bir məqamı ön plana çıxarır. Məsələ ondan ibarətdir ki, müasir Azərbaycan dövlətçiliyində 28 May dönüş məqamıdır. Çünki məhz Azərbaycan Respublikasının 1918-ci ilin 28 mayında rəsmən yaradılması ilə onun dövlət kimi sərhədləri, ərazisinin siya­si-hüquqi coğrafiyası məlum oldu. Həmin ərazini beynəlxalq aləm hüquqi olaraq tanıdı. O dövrə qədər 200 il Rusiya im­periyasının tərkibində olan Azərbaycanın ərazisi siyasi və hüquqi olaraq müəyyən deyildi. XX əsrdə Azərbaycan Demokra­tik Respublikası ölkənin ərazisinin siyasi və hüquqi təsbitinin rəmzi oldu. Əgər 28 May olmasaydı, Azərbaycan SSRİ tər­kibinə müttəfiq respublika kimi daxil ola bilməyəcəkdi. 

Bundan başqa, tarixi faktlar göstərir ki, SSRİ dövründə dəfələrlə Azərbaycanı Respublika kimi məhv etməyə çalışmış­lar. Ulu öndər Heydər Əliyevin şəxsi şü­caəti, siyasətçi məharəti və liderlik gücü buna imkan vermədi. Heydər Əliyev Mos­kvaya sübut etdi ki, Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən respublika­dır. Azərbaycan özünü iqtisadi cəhətdən təmin edə biləcək potensiala və onu real­laşdıra bilmək iradəsinə sahibdir.

Deməli, Azərbaycanın, faktiki surət­də, dövlət kimi mövcud olmasında XX əsrin ikinci onilliyində dövlətçilik yadda­şımıza “28 May”ın yazılması həlledici rol oynayıb. Müasir mərhələdə ilk dəfə ola­raq həmin tarix Azərbaycanın ərazisini siyasi və hüquqi olaraq tanıdıb. Bunun əsasında SSRİ dövründə respublikanı Heydər Əliyev saxlaya bilmişdir və XX əsrin 90-cı illərindən onu müstəqil dövlət kimi qurdu! 

II Qarabağ savaşında qazanılan möh­təşəm qələbə isə Azərbaycanın müstəqil respublika kimi ərazi bütövlüyünü və su­verenliyini təmin etdi. 

Beləliklə, 28 May tarixi Azərbaycan dövlətçilik yaddaşında bənzərsiz məz­mun və mənaya malikdir. Onun sayə­sində Azərbaycan Şərqdə ilk demokratik respublika qurdu, onu sovetlər dönəmin­də qorudu və müstəqillik mərhələsində güclü dövlətə çevrildi! Bunlara görə, 28 May həm də strateji əhəmiyyəti olan ha­disədir. 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət