Paşinyan katolikosa “yer”ini göstərdi

post-img

Erməni apostol kilsəsi ilə hakimiyyət arasında münasibətlər gərgin olaraq qalmaqdadır. Sonuncu insident mayın 28-də yaşanıb. Həmin gün Ermənis­tan polisi bütün ermənilərin katolikosu II Qaregini ölkənin Armavir vilayə­tində yerləşən “Sardarapat” memorial kompleksində keçirilən təntənəli mərasimə buraxmayıb. Onu müşayiət edən şəxslərlə birlikdə kompleksə gələn katolikosa giriş icazəsinin olmadığı bildirilib.

Qeyd edək ki, mayın 28-i Ermənis­tanda da müstəqillik günü kimi qeyd olu­nur. Birinci Ermənistan Respublikasının müstəqilliyi 1918-ci il mayın 28-də elan edilib. Həmin günlə bağlı ölkədə ən əsas tədbir “Sardarapat” kompleksində keçiri­lir. Mərasimdə baş nazir Nikol Paşinyan, prezident Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan və digər rəsmi şəxs­lər iştirak ediblər. Hər il bu tədbirdə ka­tolikos da iştirak edib. Onun son aylarda siyasi proseslərə qarışması, o cümlədən hökumət əleyhinə keçirilən etiraz aksiya­larına açıq dəstək verməsi, kilsənin Ta­vuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın “Vətən naminə Tavuş” adlı hərəkat yaradaraq mi­tinqlər keçirməsi, nəhayət, mayın 26-da keçirilən mitinqdə keçid dövrü üçün baş nazirliyə namizədliyinin irəli sürülməsi ha­kimiyyətin də adekvat addımlar atmasına səbəb olub. Zənnimizcə, katolikosun mə­rasimə buraxılmamasına bu kontekstdə yanaşmaq lazımdır.

Baş vermiş insident Ermənistanda gündəmin əsas mövzularından birinə çevrilib. Yerli mediada dərc olunan ya­zılarda insidentin baş verməsinin ger­çək səbəbləri açıqlanır. Qeyd edilir ki, II Qaregin özü kölgədə qalmaq şərtilə arxiyepiskop Baqratı irəli verib. Yəni, faktiki olaraq, siyasi proseslərə qo­şulub. Bununla da katolikos “mənəvi missiyası ilə sığışmayan” addım atmış olub. II Qaregin məqalələrdə ölkənin ruhani ideologiyası və kilsə ənənələrini dağıtmaqda, habelə cəmiyyətdə düş­mənçilik və nifrət toxumları səpməkdə təqsirləndirilir: “Katolikos məhz bu cür münasibətə layiqdir. Çünki kilsəni uçu­ruma məhz onun özü sürükləyib. İndi isə qoy, özünün dondurulmuş statusu ilə fəxr etsin”.

Məsələyə Paşinyan özü də müna­sibət bildirib. Mayın 29-da parlamentin həyətində jurnalistlərin “Sardarapat” memorial kompleksində baş verən insi­dentə dair suallarını cavablandıran baş nazir gözlənildiyi kimi, polisin hərəkə­tinə haqq qazandırıb. Deyib ki, II Qare­gin tədbirə dəvət olunmamışdı: “Qeyd etməliyəm ki, bütün ermənilərin katoli­kosunun rəhbərlik etdiyi siyasi hərəkat həm əvvəllər, həm də dünən (mayın 28-də–S.H.) dövlət mərasimlərinin keçi­rilməsinin qarşısını almaq məqsədi da­şıyan addımlar atıb. II Qaregin həzrət­ləri dövlət mərasiminin keçirildiyi yerə yaxınlaşanda polis ona dəvətinin olma­dığını izah edib. Onun dəvət gözlədiyi barədə bizim məlumatımız da yox idi. Eyni zamanda, polis katolikosun rəh­bərlik etdiyi və siyasi tərəfdarlarının hə­yata keçirdiyi hərəkatın təxribat xarak­terli aksiyalarını davam etdirmək üçün, yoxsa başqa məqsədlə gəlib-gəlmədi­yini öyrənməyə çalışıb. Polis gəlişin yal­nız dövlət mərasimində iştirak məqsədi daşıdığına dair təminat alandan sonra patriarx həzrətlərinin “Sardarapat” me­morial kompleksinə girişini təmin edib”.

Onun sözlərinə görə, Ermənistanın hər bir vətəndaşının hər hansı hərəkat­da iştirak etmək və ya etməmək hüququ var. “Söhbət bundan gedir: Məqsəd dövlət mərasiminin keçirilməsinə mane olmaqdır, ya yox? Məsələ bundan ibarətdir”, – deyə Paşinyan bildirib.

Baş nazir onu da deyib ki, Ermənis­tanda kilsəyə qarşı kampaniya yoxdur, heç vaxt olmayıb və olmayacaq: “Əgər siz kilsəyə qarşı kampaniya görsəniz, bilin ki, bunun hökumətlə və parlament çoxluğu ilə heç bir əlaqəsi yoxdur”.

Ermənistanda populyar olan “Baq­ramyan 26” teleqram kanalında yer­ləşdirilmiş “II Qaregin, bilirik ki, siz bizi oxuyursunuz” sərlövhəli müraciətdə ka­tolikosla, Baqratla və ümumiyyətlə, kilsə ilə bağlı proqnozlar verilib. Qeyd edilib ki, II Qaregin hazırda qeyri-müəyyənlik və bataqlıq içindədir: “Biz qiymətləndir­mə və proqnozumuzu bölüşmək qərarı­na gəldik. Mayın 28-də “Sardarapat”da baş verənlər izaholunmaz dərəcədə utancverici idi. Birincisi, siz və elitanız o qədər dəyərsizləşmisiniz ki, hökumət və polis sadəcə olaraq, sizin ictimai yerlərə daxil olmağınıza qadağa qoyub. Yeri gəlmişkən, bu, hökumətin və ya cəmiyyətin deyil, sizin şəxsi problemi­nizdir. Hətta, ən qorxunc yuxuda belə, biz hansısa şəxsin və ya hakimiyyətin I Vazgenin (I Vazgen 1955–1994-cüillərdə bütün ermənilərin katolikosu olub – S.H.) qarşısını kəsməyə cəsarət edəcəyini təsəvvür edə bilməzdik. An­caq bir anlıq təsəvvür edək ki, birdən indiki vəziyyətlə üzləşsəydi Vazgen nə edərdi? O, sadəcə olaraq, təvazökar­lıqla və səssizcə polisin qarşısında da­yanardı və polisin ya utandığından, ya da gələn əmr əsasında yolu açmasına qədər gözləyərdi. Sənin etdiklərini heç vaxt etməzdi. Çünki xristianlığın gücü təvazökarlıqda və səbirdədir. Çünki xristian, xüsusən də din xadimi üsyan edəndə deyil, tədbirli və səbirli olan­da güclüdür. Bəs siz və qrupunuz nə etdiniz? Bir fəalın gücü ilə “polis diva­rını” yarmağa çalışdın, onlara yeniçəri (XIV-XIX əsrlərdə Osmanlı ordusunda piyada qoşunu – S.H.) deyib, başqa təhqirlər yağdırdın. Təsəvvür edin ki, sakit və səbirlə dayanıb gözləsəydiniz, sizə olan hörmət nə qədər artacaq və yolunuzu kəsmə əmrini verənlər nə qə­dər tənqid ediləcəkdilər. Bu, sizin xris­tianlığın həqiqi dəyərlərindən nə qədər uzaqlaşdığınızı, ləyaqətinizi itirdiyinizi və özünə hörmət hissinizin tükəndiyini açıq şəkildə göstərən bir epizod idi”.

Bu arada Ermənistan mediası baş nazirin mayın 24-də axşam xalqa etdiyi müraciətinin mətnində dəyişiklik etdi­yi barədə məlumat yayıb. Bildirilib ki, Nikol müraciətində sərhədlərin demar­kasiyası prosesindən, “tarixi” və real Ermənistandan danışıb, amma əsas məsələyə toxunmayıb. Əsas məsələ isə Tavuş vilayəti üzrə arxiyepiskop B.Qalstanyan başda olmaqla, nüma­yişçilərə qarşı sərt addımların atılması imiş. Paşinyan bu istiqamətdə zərurətin olduğunu anlayıb və bunu çıxışında da vurğulamaq istəyib. Hər halda, erməni mediasının yazdığı budur. Dünəndən başlayaraq, hökumət qüvvələri tərəfin­dən etirazçılara qarşı sərt tədbirlərin görülməsinə start verildiyini nəzərə al­saq, bu istiqamətdə yayılan məlumatı doğru saymaq mümkündür.

Bir sözlə, Ermənistan mediasında bildirilir ki, Paşinyan sərhədin demar­kasiyasına maneçilik törədən qüvvələrə sərt müqavimət göstərməyə, hətta fövqəladə vəziyyət rejimi elan etməyə hazırlaşırmış. Nikol, əslində, xalqa müraciət mətnində, belə demək müm­künsə, oxu atıb yayı gizlədib. Məsələn, o deyib ki, hökumət nəyin bahasına olursa-olsun, sərhədlərin müəyyənləş­dirilməsi istiqamətində başlanılmış işlə­ri başa çatdıracaq. Yəni, Baqrat başda olmaqla, kimlərin hansı oyunlara baş vurmasından, nələri etmələrindən ası­lı olmayaraq, götürülmüş kurs dəyiş­məyəcək, bu kursa qarşı çıxanlar cəza­landırılacaq. Yeri gəlmişkən, artıq cəza tədbirləri işə salınıb.

Ermənistanın “Armlur.am” saytının mənbələrinin məlumatına görə, Paşin­yan əvvəlcə mesajının böyük hissəsini Baqrata və rəhbərlik etdiyi hərəkata həsr etmək niyyətində olsa da, son anda bu hissəni mesajdan çıxarıb. Daha çox ümumi və fəlsəfi məqamlar, erməni milli identikliyi üzərində daya­nıb, ölkənin hazırda üzləşdiyi problem və çətinliklərin köklərinə diqqət yetirib, ən əsası isə çox tez-tez “real Ermənis­tan” ifadəsini işlədib. Bu ifadə o demək­dir ki, hazırda hakimiyyətin delimitasiya və demarkasiya sahəsində reallaşdırdı­ğı tədbirlərə əks mövqe ortaya qoyanlar reallıq hissini itirmişlərdir.

Mövzu ilə bağlı fikirlərini öyrən­diyimiz “Atlas” Araşdırmalar Mərkə­zinin rəhbəri, politoloq Elxan Şahi­noğlu bildirdi ki, Azərbaycana qarşı separatizmin bayraqdarı həmişə ermə­ni kilsəsi olub. Onun sözlərinə görə bü­tün təxribatların başında da hər zaman erməni kilsəsi dayanıb: “1980-ci illərinin sonlarında Azərbaycan torpaqlarına ərazi iddialarını dəstəkləyən məhz kilsə olub. O zaman kilsəyə I Vazgen rəhbər­lik edirdi. Onun anti-Azərbaycan, an­ti-türk mövqeyi, əslində, torpaqlarımızın işğalına və qətliamlara rəvac verdi. Er­məni kilsəsi bu siyasətini dəyişməyib”.

Politoloq qeyd etdi ki, ancaq indi kilsə ilə hakimiyyətin mövqeyi üst-üstə düşmür. “Din xadimləri” adlanan bu şəxslər keçmiş hakimiyyətlərlə əlbir olsalar da, Paşinyanla mövqeləri fərq­lidir. Çünki baş nazir və hökuməti Azər­baycanla yığılıb qalmış məsələləri həll etməyə, münasibətləri bərpa etməyə, sərhədləri müəyyənləşdirməyə çalışır. Bu isə kilsənin maraqlarına ciddi şəkildə ziddir: “Çünki kilsə qeyd etdiyimiz kimi, əbədi olaraq siyasətini anti-Azərbay­can, anti-türk mövqeyi üzərində köklə­yib. Bu siyasəti dəyişə bilmirlər. Baqratı irəli çıxaran, bu işlərin başında dayanan da məhz II Qaregindir. Özü isə kölgə­də dayanmağa çalışır. Katolikosun öz keşişinə açıq dəstək vermədiyi, bu eti­razların başında əslində, Eçmiədzinin dayandığını etiraf etmədiyi də səbəbsiz deyil. Çünki bu zaman büdcədən ayrı­lan yardımdan məhrum ola bilər. Paşin­yan və onun hökumətinin üzvləri artıq bu barədə açıqlama veriblər. Onlar sual verirlər ki, kilsə nə üçün vergidən azad olunmalıdır? Digər qurumlar kimi kilsə də vergi verməlidir. Çünki onun kifayət qədər gəliri var. Diaspordan pul alır, torpaq sahələri var və sair. Bu, kilsə ilə Paşinyan hökuməti arasında artıq açıq qarşıdurma deməkdir”.

Müsahibimiz onu da bildirdi ki, Pa­şinyan kilsə ilə açıq qarşıdurmaya get­məklə keşişi və onun arxasında daya­nan gücləri neytrallaşdırmağa çalışır. Paşinyan yaxşı bilir ki, keşişi qızışdıran məhz II Qaregindir: “Paşinyan “Sarda­rapat” memorial kompleksində keçirilən təntənəli mərasimə katolikosu burax­mamaqla ona açıq mesaj verir ki, artıq sən də radikal müxalifətin siyasətinin içindəsən. Mən radikal müxalifətlə müa­rizə apardığım kimi, səninlə də müba­rizə aparacağam”.

Erməni cəmiyyətinin hər zaman kil­sənin arxasınca getdiyini qeyd edən E.Şahinoğlu hayların bu dəfə Eçmiədzinə dəstək vermək istəmədiyini vurğuladı. Xalq Paşinyana Azərbaycan və Türkiyə ilə məsələləri həll etməsi üçün mandat verib. Nikolun son açıqlamaları rəsmi İrəvanın noyabr ayınadək Azərbaycan­la sülh və dövlətlərarası münasibətlərin qurulması barədə saziş imzalamaqda maraqlı olduğundan xəbər verir.

Səxavət HƏMİD
XQ



Siyasət