Bişkek şəhərindəki Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyada STEAM mərkəzi açılıb

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi, ölkəmizin Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bişkek şəhərindəki Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyanın altı otağında yüksək texnologiyalı avadanlıqlarla təchiz edilmiş STEAM mərkəzi yaradılıb.  

      Uşaqların elmi-texniki yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə yaradılan STEAM mərkəzinin açılışında Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, bu ölkənin təhsil və elm naziri  Doqdurkul Kendirbayeva, Bişkek şəhər merinin müavini Viktoriya Mozqaçeva, məktəbin müəllim-şagird heyəti, jurnalistlər iştirak edib. 

Tədbirin əvvəlində Heydər Əliyevin məktəbin qarşısındakı büstü önünə gül dəstələri qoyuub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Məktəbin direktoru Kanikey Alimkulova qonaqları  STEAM mərkəzi ilə  tanış edib, şagirdlər bu avadanlıqlarla iş bacarıqlarını göstəriblər.

Tədbir məktəbin akt zalında müəllim və şagirdlərin iştirakı ilə davam edib.  Əvvəl Azərbaycanın  və Qırğızıstanın dövlət himnləri səslənib. 

D.Kendirbayeva öz çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə məktəb-qimnaziyada yaradılan STEAM mərkəzinə görə öz təşəkkürünü bildirib. 

Direktor Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri zamanı  təhsil naziri ilə görüşü və iki ölkə arasında təhsil sahəsi üzrə əldə olunan razılaşmalarla bağlı ətraflı məlumat verib. Nazir STEAM mərkəzində  əldə olunan biliklərin gələcəkdə bir çox sahədə istifadə olunacağını vurğulayıb. 

Lətif Qəndilov Prezident İlham Əliyevin göstərişi ilə yüksək texnologiyalı avadanlıqlarla  təchiz olunmuş STEAM mərkəzinin uşaqların elmi-texniki yaradıcılıq və qabiliyyətlərinin yüksəldilməsinə öz töhfəsini verəcəyini bildirib, deyib ki, mərkəzin aşılısının məhz Azərbaycanın Müstəqillik Gününə təsadüf etməsi bizim üçün çox sevindirici haldır. Səfir Azərbaycandakı təhsil müəssisələri, proqramlar haqqında məlumat verərək məktəbi bitirdikdən sonra şagirdləri Azərbaycanda ali təhsil almağa dəvət edib. O qeyd edib ki, mərkəzin açılışı ümumi tarixə, adət-ənənələrə malik olan xalqlarımız arasında  əlaqələrin bundan sonra daha da inkişafına xidmət edəcək. 

Sonra şagirdlər Azərbaycan və qırğız mahnı və rəqslərini ifa ediblər. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Bişkek







Sosial həyat