28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanın Qətərdəki səfirliyi tərəfindən Doha şəhərində rəsmi qəbul təşkil olunub.
Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qətərin dövlət qurumlarını təmsil edən bir sıra rəsmi şəxslər, o cümlədən ətraf mühit və iqlim dəyişiklikləri naziri Abdullah bin Abdulaziz bin Turki Al Subai, Qətərin Xarici İşlər Nazirliyinin protokol idarəsinin rəisi İbrahim Faxro, ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və diplomatları, o cümlədən 50 səfir və 9 müvəqqəti işlər vəkili, Qətərdəki Türk Hərbi Bazasının komandanı başda olmaqla yüksəkrütbəli zabitlər, iş adamları, həmçinin KİV nümayəndələri, Qətərdə yaşayan azərbaycanlılar iştirak ediblər.
Rəsmi qəbulda əvvəlcə Qətərin və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Qətər dövləti adından tədbirdə əsas qonaq kimi iştirak edən ətraf mühit və iqlim dəyişiklikləri naziri Abdullah bin Abdulaziz bin Turki Al Subai bayram münasibətilə Azərbaycan Respublikasının Prezidentini və xalqını təbrik edib.
Tədbirdə çıxış edən ölkəmizin Qətərdəki səfiri Mahir Əliyev Şərqdə ilk dəfə demokratik dövlət dəyərlərini yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan etməsi ilə xalqımızın müstəqillik əzmini nümayiş etdirməsindən, həmçinin yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etməsindən danışıb. Diplomat Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin suverenliyinin qətiyyətlə qorunub möhkəmləndirildiyini diqqətə çatdırıb, onun əzmkar səyləri ilə Azərbaycanın davamlı inkişaf strategiyasının əsasının qoyulduğunu qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətində əldə etdiyi möhtəşəm uğurlardan bəhs edən səfir ölkəmizin bütün istiqamətlər üzrə sürətlə tərəqqi etdiyini vurğulayıb.
Diplomat, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında (TDƏŞ) fəaliyyəti, Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyi, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), UNESCO və ICESCO-nun fəal üzvü olması haqqında məlumat verib. Ələt Azad İqtisadi Zonası, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mühüm infrastruktur layihələri, ölkəmizin iştirakı ilə həyata keçirilmiş və keçirilən iqtisadi və enerji layihələri barədə də danışılıb.
Azərbaycan ilə Qətər arasında əlaqələrin dinamik və davamlı inkişafını qeyd edən Mahir Əliyev iki dost xalqın tarixi və mədəni əlaqələri əsasında ölkə liderlərinin qardaşlıq əlaqələrinin olduğunu bildirib. Bu münasibətlərin ölkələrimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə daha da yaxınlaşmasına töhfə verdiyi qeyd olunub.
Azərbaycan və Qətər arasında mövcud siyasi dialoqun yüksək səviyyəsindən məmnunluğunu ifadə edən səfir istər ikitərəfli, istərsə də çoxtərəfli formatda mövcud qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğumuzu diqqətə çatdırıb.
Mahir Əliyev Azərbaycanın cari ilin noyabr ayında mötəbər tədbirə - COP29-a ev sahibliyi edəcəyini də deyib və bu hadisəni ən böyük uğurlardan biri kimi dəyərləndirib.
Tədbir bədii hissə ilə davam edib. Azərbaycan milli musiqisi səsləndirilib və ölkəmizin tarixi, mədəniyyəti, iqtisadi inkişafı və uğurlarından bəhs edən film və fotosərgi nümayiş etdirilib.