Azərbaycanın Serbiyadakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə Belqrad şəhərində rəsmi qəbul keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Serbiyanın mədəniyyət naziri, Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nikola Selakoviç əsas qonaq qismində iştirak edib. Bundan əlavə, Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç, Serbiya Milli Assambleyasının sədr müavini Marina Raqus, Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, deputatlar, elm, incəsənət və din xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz tədbirdə iştirak ediblər.
Hər iki ölkənin Dövlət Himni səsləndikdən sonra səfir Kamil Xasiyev 28 May - Müstəqillik Gününün Azərbaycanın dövlətçilik tarixində ən parlaq və unudulmaz günlərdən biri olduğunu qeyd edərək 106 il bundan əvvəl, 28 may 1918-ci ildə tarixi İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə Şərqdə və bütün müsəlman dünyasında ilk parlament tipli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən bəhs edib.
K.Xasiyev 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın 27 il ərzində məhəl qoymadığı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş əraziləri azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən, hərbi münaqişənin başa çatması ilə Cənubi Qafqazda davamlı sülh, sabitlik və iqtisadi inkişaf üçün yeni imkanlardan danışıb.
Səfir son illərdə Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq və səmimi dostluq münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini, bu münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik əsasında qurulduğunu diqqətə çatdırıb. Diplomat ötən ilin dekabrında Serbiyanın Niş şəhərində Bolqarıstan-Serbiya Qaz İnterkonnektorunun açılışının strateji tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırdığını, bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin ikitərəfli strateji tərəfdaşlığın inkişafında böyük şəxsi töhfələrinin olduğunu bildirib.
K.Xasiyev bu il Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq miqyasda ən əhəmiyyətli tədbirlərdən biri olan COP29-a ev sahibliyi edəcəyini, bu istiqamətdə ölkəmizin bütün tərəfdaşlarından, o cümlədən dost Serbiyadan dəstək və fəal iştirak gözlədiyini qeyd edib.
N.Selakoviç tədbirdə Serbiya Prezidenti Aleksandar Vuçiçin xüsusi nümayəndəsi qismində iştirak etdiyini bildirərək Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi təbriklərini çatdırıb. Nazir Serbiya ilə Azərbaycan arasında həyatın bütün sahələrində inkişafın uğurla davam etdirildiyini və bu istiqamətin hər iki ölkənin dövlət başçıları tərəfindən müəyyən edildiyini bildirib. N.Selakoviç deyib ki, bu münasibətlər prezidentlər arasında fövqəladə şəxsi münasibətlərə, səmimi dostluğa əsaslanır və bu, öz ölkələrini səmimiyyətlə təmsil edən, ilk növbədə beynəlxalq hüququn təməl prinsiplərinə hörmət etməyə çalışan dövlət başçılarının münasibətlərinə bir nümunə olmalıdır.
N.Selakoviç bu ilin yayında Bakıda iki ölkə arasında İqtisadi və Ticarət Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçiriləcəyini açıqlayıb, tezliklə Belqrad və Bakı arasında birbaşa reyslərin açılacağına inamını ifadə edib.
Nazir D.Djedoviç Handanoviç isə Serbiya ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq və dostluq münasibətlərindən, xüsusilə energetika sahəsində faydalı ikitərəfli əməkdaşlıqdan bəhs edib.
Daha sonra Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda, Serbiya Opera və Balet Teatrının prima sopranosu Yasmina Trumbetaş dünyaşöhrətli müğənni Müslüm Maqomayevin “Azərbaycan” mahnısını səsləndirib, azərbaycanlı uşaqlar Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyiblər.
Tədbir qonaqların şərəfinə verilmiş rəsmi ziyafətlə başa çatıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad