Qeyri-neft sənayesinin istehsal çəkisi artır

post-img

Cari ilin 4 ayında bu bölmədə 5,8 milyard manatlıq məhsul buraxılıb

Ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabət qa­biliyyətli müasir istehsal müəssisələrinin yaradılması, bu sahədə infrastruktur təmina­tının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra olunur, bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bu da sənaye sahəsində ümumi istehsalın artmasına səbəb olmaqla yanaşı, qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir. 

Dövlət Statistika Komitəsinin məlu­matına görə, 2024-cü ilin yanvar–ap­rel aylarında Azərbaycanda 38 milyard 181,9 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. Hesabat dövründə iqti­sadiyyatın qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 24 milyard 247,3 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 7,7 faiz artıqdır. 

ÜDM istehsalının 40,3 faizi ölkə iqti­sadiyyatının aparıcı sahəsi olan sənaye­nin payına düşüb. Belə ki, yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahib­karlar tərəfindən 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib. İlin ötən dövrü ərzində sənayedə qeyri-dövlət sektorunun payı 80,8 faiz təşkil edib. Ümumi istehsalın 89,7 faizi sənaye məh­sullarının buraxılışı, 10,3 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesa­bına yaradılıb. İlin əvvəlindən istehsal edilmiş məhsulun əksər hissəsi istehlak­çılara göndərilib. Bununla belə, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla bu il mayın 1-nə sənaye müəs­sisələrinin anbarlarında 976,3 milyon manatlıq hazır məhsul qalıb. 

Cari ilin ilk 4 ayında sənaye məhsu­lunun 64,6 faizi mədənçıxarma sektorun­da, 29,3 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların tə­mizlənməsi və emalı sektorunda istehsal olunub.

Yanvar–aprel aylarında sənayenin mədənçıxarma sektorunda 13,6 milyard manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisə­də bir qədər azdır. Hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 9,6 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 12,7 milyard kubmetr təşkil edib. Ötən ilin müfafiq dövrü ilə müqa­yisədə əmtəəlik neft hasilatı 5,7 faiz aza­lıb, əmtəəlik qaz hasilatı isə 4,3 faiz artıb. 

Bununla belə, ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sekto­runun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticə verir. Elə cari ilin yanvar–aprel aylarında ölkənin qeyri-neft sektorunda baş vermiş 8,7 faizlik artım da bunu təsdiqləyir. Yan­var–aprel aylarında emal sənayesində 6 milyard 184,5 milyon manatlıq məh­sul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Bəhs olunan sektor üzrə ən yüksək artım metallurgiya səna­yesində baş verib. Belə ki, ilin 4 ayında metallurgiya sənayesi və hazır metal mə­mulatlarının istehsalı sahələrində 418,7 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin müvafiq dövrünə nisbətən me­tallurgiya sənayesində 55 faiz, hazır metal məmulatlarının istehsalı sahəsin­də isə 12,6 faiz artım müşahidə olunub. Bununla yanaşı, yanvar-aprel aylarında sahənin digər məhsulları olan tikinti ma­teriallarının, mebellərin, kompüter, elekt­ron və optik məhsulların, rezin və plastik kütlə məmulatlarının, qida məhsullarının və içkilərin, dəri və dəri məmulatları­nın, ayaqqabı və geyimlərin, avtomobil, qoşqu və yarımqoşquların, tütün məmu­latlarının, elektrik avadanlıqlarının, hazır metal məmulatlarının, kimya sənayesi və neft məhsullarının, eləcə də kağız və kartonların istehsalında əhəmiyyətli artım baş verib. Sahənin digər məhsulları olan toxuculuq sənayesi, poliqrafiya, ağacın emalı və ağacdan məmulatların, maşın və avadanlıqların istehsalı, həmçinin ma­şın və avadanlıqların quraşdırılması və təmiri işlərində azalma qeydə alınıb. 

Yeri gəlmişkən, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbay­canda iqtisadiyyatın şaxələndirilməsi məqsədilə qeyri-neft sənayesinin inkişaf etdirilməsi, eləcə də bu sahədə ixrac potensialının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu da ölkəmizdə qeyri-neft sənayesində mü­hüm növ malların istehsalının getdikcə artmasına səbəb olur. Qeyri-neft səna­yesində məhsul istehsalının artması isə ölkənin ixrac potensialının genişləndiril­məsinə mühüm töhfələr verir. 

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın aprel sayına əsasən, 2024-cü ilin birinci rübü ərzində Azərbaycanın ümumi ixracı 6 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac isə 673,7 milyon dol­lar təşkil edib. Hesabat dövründə pam­bıq ixracı 47 faiz, meyvə-tərəvəz ixracı 15,3 faiz, bitki və heyvan mənşəli piylər və yağların ixracı 7,2 faiz, üzvi kimyə­vi birləşmələrin ixracı isə 2,1 faiz artıb. Nəşrin məlumatına görə, bu ilin ilk 3 ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (56,5 milyon dollar) birinci olub. Bu siya­hıda pomidor (tomat) (45 milyon dollar) ikinci, elektrik enerjisi (40,6 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb. 

Azərbaycanda qeyri-neft sənayesi müəssisələrinin yaradılması dövlət baş­çısının həyata keçirdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi xüsusi aktuallıq kəsb edir. Yerli xammal hesabı­na ölkənin qeyri-neft sənayesində rəqa­bətqabiliyyətli, ixrac yönümlü məhsulların istehsalı üçün isə imkanlar olduqca ge­nişdir. Bu baxımdan son illər yaradılmış sənaye parkları və məhəllələri müstəs­na rol oynayır. Təsadüfi deyil ki, səna­ye zonalarında yüksək texnologiyalar əsasında fəaliyyət göstərən müəssisələr ölkənin sənaye potensialının artmasında, ixrac yönümlü məhsulların istehsalında mühüm yer tutur. 

Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası”) və 5 sənaye məhəlləsi (Hacıqa­bul, Masallı, Neftçala, Sabirabad və Şə­rur) fəaliyyət göstərir. İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına əsasən, 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,79 mil­yard manat olan 142 sahibkarlıq subyek­tinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,7 milyard manatdan çox investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələ­də sənaye zonalarına əlavə 1 milyard manat investisiyanın yatırılması və 6 min 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. 

Qeyd edək ki, 2024-cü ilin birinci rü­bündə sənaye zonalarının rezidentləri tərəfindən, ümumilikdə, 640,3 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 223,6 milyon ma­natı ixracın payına düşüb. Ötən il sənaye parklarının rezidentləri tərəfindən satış 20,6 faiz, ixrac isə 10,8 faiz artıb. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat