“Xudafərin” və “Qız Qalası” – Araz üstündə yeni dostluq və əməkdaşlıq körpüsü

post-img

Azərbaycan və İranın dövlət sərhədində – Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri keçmiş SSRİ ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə inşaat işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.

2020-ci ildə Vətən müharibəsi nə­ticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqov­şaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istisma­ra qəbulu ilə əlaqədar bəzi məsələlər barədə sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan tərəfindən sifarişçi kimi müəyyənləşdirilib.

Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik ener­jisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hid­roqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. 

Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su an­barında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.

Mayın 19-da ölkələrimiz arasında əməkdaşlığın inkişafında yeni bir mər­hələnin başlanğıcı olan “Xudafərin” hid­roqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasi­mində energetika naziri Pərviz Şahbazov çıxış edərək adları çəkilən bu infrastruk­turları Azərbaycan və İranın mehriban qonşuluq və dostluq münasibətlərinin inkişafını gerçəkləşdirən siyasətin töhfəsi kimi dəyərləndirib. 

Energetika naziri qeyd edib ki, su tutumu 1,6 milyard kubmetr olan “Xu­dafərin” və 56,75 milyon kubmetr su tu­tumuna malik “Qız Qalası” hidroqovşaq­ları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan–İran təcrü­bəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq.

Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvar­manın yaxşılaşdırılması və 12 min hek­tar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq.

“Xudafərin” və “Qız Qalası” hidroqov­şaqları və su elektrik stansiyaları layihə­si üzrə 2016-cı ildə imzalanmış müvafiq Hökumətlərarası Sazişə əsasən, yaradıl­mış birgə Texniki Komissiya layihələrin icrası prosesindən irəli gələn məsələlərin müzakirəsi, razılaşdırılması və həllinə töhfə verir.

“Xudafərin” və “Qız Qalası” Şərqi Zən­gəzurun “yaşıl enerji zonası” kimi inkişa­fının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək. Stansiyaların qoşula­cağı “Cəbrayıl” enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək. Şübhəsiz ki, bu layihələr, eyni zamanda, “yaşıl enerji” sahəsində ölkələ­rimiz arasında əməkdaşlığın daha da ge­nişləndirilməsinə müsbət təsir göstərə­cək. 

Yeri gəlmişkən, İranın kütləvi infor­masiya vasitələrində (KİV) verilən ma­teriallarda sözügedən infrastrukturlar iki ölkə arasında ən önəmli layihələrdən biri kimi dəyərləndirilir. Eyni zamanda, Araz su bəndindən 196 kilometr aşağı hissədə yerləşən “Qız Qalası” hidroqovşağının istifadəyə verilməsi ilə İran ərazisində 74 min hektar kənd təsərrüfatı ərazisinin (Ərdəbil vilayətində 62 min hektar, Şərqi Azərbaycan vilayətində 12 min hektar) su ilə təmin olunacağı bildirilir. Beləliklə, qeyd olunan ərazilərdə kənd təsərrüfatı məhsulları istehsalının yaxın perspektiv­də artması gözlənilir.

İran mediasının yaydığı məlumata əsasən, “Qız Qalası” hidroqovşağına 5,5 trilyon rial (təxminən 131 milyon dollar) dəyərində vəsait xərclənib. Bu su bəndi vasitəsi ilə İranın Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində 74 min hektar ərazi su ilə təmin olunacaq və 85 min nəfərin işlə təmin edilməsi ilə nəticələnəcək. Bu su bəndi ildə 2 milyard kubmetr (1 mil­yard kubmetr Azərbaycan, 1 milyard kub­metr İran üçün) suyu tənzimləyəcək.

Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsindən az sonra – 2021-ci ilin aprelində İlham Əliyev Cəbrayıla səfəri zamanı İranla sərhəddə Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı zamanı Xudafərin körpüsünü Azərbay­can–İran dostluğunun rəmzi adlandıra­raq belə söyləmişdi: “Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan–İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə də sərhədimiz var və bu, sözün əsl mənasında, dostluq, əməkdaş­lıq sərhədidir”.

Bəli, dövlət başçımızın vurğuladı­ğı kimi, sözün əsl mənasında, dost­luq, əməkdaşlıq sərhədində suvarma və kənd təsərrüfatının sürətli inkişafı ilə yanaşı, “Qız Qalası” su elektrik stansi­yasının (SES) istismarı regionun iqtisadi inkişafına, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsinə və turizmin inkişafına gətirib çıxaracaq.

Qeyd edək ki, layihə iki su elektrik kompleksinin və quraşdırılmış gücü 100 MVt olan “Xudafərin” və 40 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının ti­kintisini nəzərdə tutur.

Bu layihənin həyata keçirilməsi təkcə Azərbaycana ildə 358 milyon kVt/saat elektrik enerjisi istehsal etməyə, 252 min hektar mövcud sahənin suvarılma­sını yaxşılaşdırmağa və 12 min hektar yeni əkin sahəsinin suvarılmasını təmin etməyə imkan verəcək. Ümumi gücü 1,6 milyard kubmetrdən çox olan bu su elektrik kompleksləri və elektrik stansi­yaları Azərbaycan və İrana sərhəd Araz çayının su və enerji ehtiyatlarından birgə istifadə etməyə şərait yaradacaq. 

2016-cı ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev Araz çayı üzərin­də “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının tikintisinin davam etdi­rilməsi, enerji və su ehtiyatlarının birgə istifadəsi haqqında Azərbaycan–İran sa­zişini təsdiqləyib.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

Azərbaycan–İran münasibətlərinin dərin tarixi kökləri var. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər sı­rasında İranın da olması və 1992-ci il mart ayının 12-də iki ölkə arasında diplomatik əlaqələrin qurulması da bu­nun bariz ifadəsidir. 

Umummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən gəlməsindən sonra Azərbaycanla İran arasında iq­tisadi əlaqələr sürətlə inkişaf etməyə başladı. Artıq uzun müddətdir ki, hər iki dövlət İslam Əməkdaşlıq və İqtisa­di Əməkdaşlıq təşkilatlarının üzvləri olaraq daim əlaqəli fəaliyyət göstərir­lər. 

Bu gün Azərbaycan ilə İran ara­sında iqtisadiyyatın müxtəlif sektorla­rında sıx əməkdaşlıq mövcuddur. Bu sırada energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, sərmayə qoyulu­şu sahələrindəki əməkdaşlıq xüsu­si qeyd olunmalıdır. Hər iki dövlətin təşəbbüsü ilə reallaşdırılan layihələr yalnız ölkələrimizin iqtisadiyyatının inkişafına deyil, bütövlükdə, regional tərəqqiyə öz töhvəsini verir.

Son illərdə Azərbaycanla İran ara­sında xarici ticarət əlaqələri yüksələn xətlə inkişaf edir. Belə ki, 2005-ci illə müqaisədə 2022-ci ildə iki ölkə ara­sında xarici ticarət dövriyyəsi iki dəfə­dən çox artaraq 506,3 milyon ABŞ dollarına çatıb. Bu illər ərzində İran­dan idxalın həcmi 8,5 dəfəyə qədər artaraq 476, 4 milyon dollara yüksəl­sə də sözügedən dövrdə respublika­mızdan İrana ixracın həcmi bir neçə dəfə azalıb. 

Müqayisə apardığımız dövrdə ticarət əlaqələrində idxalın sürətlə artması, ixracın isə sürətlə azalması siyasi motivlərlə deyil, obyektiv iqti­sadi səbəblərlə izah olunur. Belə ki, iki ölkə arasında idxal və ixracın həc­mindəki bu dəyişiklik birbaşa İran mil­li valyutasının bu illər ərzində sürətlə ucuzlaşması ilə izah edilir. İran milli valyutasının ötən illər ərzində sürət­lə ucuzlaşması səbəbindən adıçə­kilən qonşu ölkə bazarında ucuzla­şan malların respublikamıza, eləcə də Azərbaycan məhsullarının İran bazarlarına ixracı o qədər də sərfə­li olmayıb. Yəni, iki ölkə arasındakı ticarət əlaqələrində artımın yalnız idxalın hesabına baş verməsinin heç bir siyasi motivi yoxdur. Xarici ticarət dövriyyəsinin strukturunda baş verən bu dəyişiklik yalnız iqtisadi amillərlə izah olunur. 

Son illər ərzində Azərbaycan və İran dövlət başçıları arasında keçiril­miş görüşlər hər iki ölkənin qarşılıqlı iqtisadi əlaqələrinin inkişaf etdirilmə­sini və regionda birgə layihələrin re­allaşdırılmasını şərtləndirib. Bu sırada 2023-cü il noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əmək­daşlıq Təşkilatının 16-cı Zirvə toplan­tısı çərçivəsində Azərbaycanın dövlət başçısı İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Rəisinin görüşü xüsusi qeyd olunmalıdır. Həmin görüşdə İran Prezidenti ölkəsinin Azərbaycanla əlaqələrinin qənaətbəxş olmasını bil­dirib və eyni zamanda, birgə layihələ­rin icrasında və hətta Qarabağın bər­pasında yaxından iştirak etməyə hazır olduqlarını vurğulayıb. 

Həmin görüşdə Azərbaycan Pre­zidenti İlham Əliyev, öz növbəsində, “Çox şadam ki, İran və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsin­də biz Araz çayının cənub sahili bo­yunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsini razılaşdırdıq. Əminəm ki, bu layihə qısa müddətdə həyata keçiriləcək və Şimal–Cənub Nəqliyyat Dəhlizinin daha bir istiqamə­tinə çevriləcəkdir. Yəni, nəticədə bizim iki marşrutumuz olacaq: biri Astara çayı üzərindən, digəri Ağbənd ərazi­sindən. Hər iki marşrut İranla Azərbay­can arasında qardaşlıq münasibət­lərinin möhkəmlənməsi işinə xidmət edəcək, həmçinin qonşularımız və digər tərəfdaş ölkələr üçün əlçatan olacaq”, – demişdi.

Zəngilan rayonunun Ağbənd qəsə­bəsi yaxınlığında və Naxçıvanda ti­kiləcək körpülər vasitəsilə İran ərazi­sindən gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq, bu yol, eyni za­manda, tranzit yüklərin daşınmasına da xidmət edəcək. Regional əhəmiy­yəti böyük olan bu yolun açılması ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu bölgənin logistik mərkəzinə çevriləcək.

Bu ilin may ayının 19-da Azərbay­can və İran prezidentləri İlham Əliyev və Seyid İbrahim Rəisinin iki ölkə sər­hədindəki görüşü keçən ilin sonlarında onların arasında Daşkənddə reallaşan dialoqun məntiqi davamı idi. 

Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağı­nın açılışı iki ölkə arasında Araz çayı­nın su ehtiyatlarından səmərəli istifadə istiqamətində atılan mühüm addım və ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı kimi də dəyərləndirilə bilər.

V.BAYRAMOV
XQ



İqtisadiyyat