Göygöl rayonunun Topalhəsənli kəndində 1 il sonra gördüklərimiz, eşitdiklərimiz
Sonuncu dəfə Topalhəsənli kəndində düz bir il qabaq, may günlərində olmuşduq və gördüklərimizdən dəhşətə gəlmişdik. Bir gün əvvəl, gecə saatlarında güclü sel kənddə elə fəsadlar yaratmışdı ki, onu sözlə ifadə etmək də çətin idi. Bir anda kəndin başının üstünü alan dəhşətli seldən sonra Topalhəsənlidə hara baxırdın dağıntılar, aşmış, əzilmiş, yararsız hala düşmüş maşınlar, evlər, mağazalar, digər tikililər çıxırdı qarşına. Sel suları evlərə dolmuşdu, qaz xətləri yararsız vəziyyətə düşmüşdü. O zaman hadisə yerinə dərhal aidiyyəti qurumların rəsmiləri, texnika və canlı qüvvə cəlb olunmuş, fəsadların aradan qaldırılmasına başlanılmışdı. Adamlar deyirdi ki, biz hər bir işi yoluna qoyacağıq, kəndi əvvəlki vəziyyətinə qaytaracağıq, lakin amansız selin ağuşuna alıb apardığı iki nəfərin həyatını geri qaytara bilməyəcəyik...
O zaman diqqətimizi bir məqam daha çox cəlb etmişdi. Hiss edirdik ki, bu yerin adamları dövlətə və dövlətçiliyə çox bağlıdırlar. Rayon icra hakimiyyətinin, digər əlaqədar təşkilatların köməyi, texnikası, maddi və mənəvi dəstəyi bir yana, böyüklü–kiçikli hamı qolunu çırmayıb dayanmaq bilmədən işləyirdi. Ağsaqqal bir kişinin dedikləri hələ də yadımdadır: “Topalhəsənliyə tərəf bir xeyirxah addım atana, qayğısını sözdə deyil, əməldə göstərənə biz ondan artıq eləməsək, rahatlıq tapa bilmərik...”
...İndi bayaqdan açıq havada təşkil edilmiş səyyar qəbulda çıxışlara qulaq asırıq və görürük ki, nəyi xahiş edirlər, arxasınca da “o birisini də özümüz edərik” deyirlər. Artıq iki ilə yaxındır ki, rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev də sanki kənd camaatının necə deyərlər, “damarını tutub”, xasiyyətinə, işgüzarlığına, canıyananlığına bələddir. Tez-tez “onda sizli– bizli gəlin bu işi başa çatdıraq”, yaxud “sizin fəallığınızdan çox şey asılıdır...” və sair bu kimi müraciətlər edir. Yeri gəlmişkən qeyd edək ki, rayon rəhbərinin qısa vaxt ərzində Göygöldə adamlarla qaynayıb-qarışması elə ilk andan hiss olunur və bu, Topalhəsənli görüşündə də açıq görünür. Şəhid anası yaxınlaşır, dərhal adını deyərək, qoluna girib problemini soruşur. Kənarda dayanıb söhbətə qulaq asan qaziyə uzaqdan “o işi tam başa çatdırdılar?” – deyə soruşur və sair.
Problemlər isə həmişə var. Çıxış edənlərdən biri yaxşı dedi ki, “nə qədər dünya var, problem də olacaq”.
Səyyar qəbulda kənd icra nümayəndəsi görülən işlərlə və problemlərlə bağlı qısa məlumat verdikdən sonra rayon icra hakimiyyətinin başçısı E. Paşayev görüşə toplaşanlar qarşısında çıxış etdi. Dedi ki, səyyar qəbulda icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak edirlər.
O, belə səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd etdi. Dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlərə şərait yaratdığını vurğuladı, eyni zamanda, Elektron–hökumət portalı tərəfindən yaradılmış Rəqəmsal icra hakimiyyəti platforması barədə məlumat verdi, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd etdi.
Bir məsələni də vurğulayaq ki, son iki ildə rayon icra hakimiyyəti aparatı işçilərinin istər vətəndaşlarla qarşılıqlı münasibətində, istərsə də özlərinin hazırlığında ciddi müsbət dəyişiklik hiss olunur. Rayon rəhbərinin təşəbbüsü ilə vaxtaşırı olaraq aparat işçilərinin daha hazırlıqlı olması, dünyagörüşlərinin formalaşdırılması, adi etiket qaydalarına kimi mənimsəmələri istiqamətində mühüm işlər görülüb. Dövlət qulluqçularının, ilk növbədə, rayon icra hakimiyyəti aparatı işçilərinin geyimindən tutmuş nitqinə, adamlarla münasibətinə kimi hamısı diqqət mərkəzindədir. Bakıdan da dəvət olunan mütəxəssislər tərəfindən aparat işçiləri qarşısında mühazirələr oxunur, məşğələlər aparılır.
Onu da deyək ki, səyyar qəbula getməzdən əvvəl icra hakimiyyətində vətəndaşların qəbulu ilə bağlı ASAN xidmət modelindən istifadə etməklə yaradılmış çox gözəl, əyani vasitələrlə, mebellə təchiz olunmuş xüsusi otaqlara baxdıq. Səliqəli, müasir, kompüterləri olan qəbul otaqlarında hər cür şərait yaradılıb. Sakin nə vaxt gəldi, icra hakimiyyətinin məsul işçisi onu qarşılayır, problemlərini öyrənir, şikayətinin təmin edilməsi istiqamətində konkret iş görür, məsləhət verir və yönləndirir.
...Səyyar qəbula maraq o zaman artır ki, orada qaldırılan problemlərə rayon rəhbəri, digər əlaqədar təşkilatlar diqqətlə yanaşırlar, onların həllinə biganə qalmırlar. Məsələn, kənd icra nümayəndəsi Cavid Əliyev dedi ki, Elvin müəllim qısa vaxt ərzində üçüncü dəfədir burada səyyar qəbul keçirir. Söylədi ki, əvvəlki səyyar qəbullar zamanı irəli sürülən, Gəncə çayının Topalhəsənli kəndindən keçən hissəsində sahil bəndləmə işlərinin aparılması, kənddaxili yolların cari təmiri, səliqə-sahman yaradılması, qəzalı vəziyyətdə olan elektrik dayaqlarının çoxunun yenisi ilə əvəz olunması məsələləri öz həllini tapmışdır.
Gəncəkənddən, 6 kilometr məsafədən çəkilən su borusunun 2 kilometr hissəsindəki sızmalar özümüzün daxili imkanlarımız hesabına cari təmir aparılmaqla aradan qaldırılmışdır.
“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində kəndin girişində, magistral yolun kənarında müxtəlif növ şam ağacları əkmişik. Kənd dağlıq ərazidə yerləşdiyi üçün evlər tez-tez təbii fəlakətə məruz qalır. Lakin adamlar evlərinin sığortalanması işlərinə biganə qalırdılar. Biz bu işi də yoluna qoymuşuq. Geniş izahat, maarifləndirmə işləri sayəsində artıq 25 ev sığortalanmışdır. Kənd fasiləsiz elektrik enerjisi, təbii qaz və internet ilə təmin edilir.
Elvin Paşayev görüşə toplaşan sakinlərə dönə-dönə müraciət etdi, problemlərinin nədən ibarət olduğunu öyrənmək istədi.
Bəsti İsgəndərova kəndə avtobus marşrutunun olmamasından şikayət etdi və digərləri də onu dəstəklədilər. Elə oradaca Topalhəsənli kənd bələdiyyəsinin sədri Validə Hacıyevaya tövsiyə olundu ki, nümayəndəliklə birlikdə bu məsələ ilə ciddi məşğul olsun.
Gəray Qəhrəmanov qəzalı vəziyyətdə olan elektrik dayaqlarının və naqillərin yenilənməsini, əyilmiş qaz xəttinin bərpa olunmasını təklif etdi.
Şubay Əliyev kənddən keçən yolun asfaltlanmasını, evinin yaxınlığındakı qəzalı vəziyyətdə olan elektrik dayaqlarının yenilənməsini və rabitə dayaqlarının standartlara uyğun qoyulmasını təklif etdi.
Tarix Həsənov kənddaxili yolların təmir edilməsini arzuladı və dedi ki, “bizdən də nə asılıdır, hazırıq”.
Səyyar qəbulda diqqətçəkən məqamlardan biri də bu idi ki, hər xırda məsələ belə, nəzarətə götürülür və şikayətçilərə operativ məlumat vermək üçün onların telefon nömrələri yazılırdı.
Adamlar razılıqla görüş yerini tərk etməyə başladılar. Hamının yanında çıxış etmək istəməyən, şəxsi xahişləri, digər ailə problemləri olanlar icra hakimiyyətinin başçısını dövrəyə aldılar və daha bir səmimi söhbət başlandı...
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Göygöl rayonu