Mülki aviasiya – şəbəkə genişlənir, xidmət yüksəlir

post-img

Dünən Bakıda Avropa Mülki Aviasiya Konfransı və Avropa–Qafqaz–Asiya Nəq­liyyat Dəhlizi (TRASECA) Proqramının Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin təşkilatçılığı ilə “Aviasiyanın təhlükəsizliyi və risklərin qiymətlən­dirilməsi” mövzusunda seminar keçirilib. Aviasiya təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu tədbirdə Azərbaycanla yanaşı, Gürcüstan, Moldova, Rumı­niya, İran, Bolqarıstan, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkiyənin mülki aviasiya mütəxəssisləri iştirak ediblər.

Seminarda hava limanlarının və təy­yarələrin kiberhücumlardan müdafiə olunması, yeni texnologiyaların tətbiqi və digər məsələlər barəsində müzakirə və fikir mübadiləsi aparılıb. Bununla yanaşı, uçuş zamanı sərnişin və yük təyyarələ­rinin qorunması məsələsi də müzakirə edilib.

TRASECA Proqramının Hökumətlə­rarası Komissiyasının Daimi Katibliyində Azərbaycanın təmsilçisi Rüfət Bayramov deyib ki, ölkəmizdə aviasiyanın təhlükə­sizliyi yeni texnologiyaların tətbiqi ilə yüksək səviyyədə təmin edilir. Onun söz­lərinə görə, hazırda Azərbaycanda fəa­liyyət göstərən mövcud hava limanları ilə yanaşı, işğaldan azad olunmuş Qarabağ bölgəsində də 3 hava limanı inşa edilib. “Onlardan 2-si artıq fəaliyyət göstərir, bi­rinin tikintisi isə davam edir. Bu hava li­manları Azərbaycanın aviasiya vasitəsilə yük və sərnişindaşıma, eləcə də, tranzit potensialını artırıb ki, bu səbəbdən də onların təhlükəsizliyinin təmin olunması aktual xarakter daşıyır. Bununla əlaqədar olaraq yeni radar müşahidə sistemləri və yeni texnologiyaların imkan verdiyi digər vasitələrlə təhlükəsizlik tədbirləri həyata keçirilir”, – deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan 2002- ci il noyabrın 27-də Parisdə keçirilən Avro­pa Mülki Aviasiya Konfransı Təşkilatının (AMAKT) XXVI plenar sessiyası zamanı bu beynəlxalq quruma üzv qəbul olunub. Ona qədər isə Avropa Mülki Aviasiya Konfransı Təşkilatının ekspertlər qrupu dəfələrlə Azərbaycanda səfərdə olarkən ölkəmizin mülki aviasiyasının inkişaf sə­viyyəsinin quruma üzv qəbulunu nizam­layan bütün əsas normalara tam uyğun olduğunu müəyyən etsə də, bədxah qon­şumuz Ermənistanın apardığı siyasətin nəticəsində bu məsələ hər dəfə təxirə salınıb. Nəhayət, “Azərbaycan Hava Yol­ları” Dövlət Konserni (indiki “Azərbaycan Hava Yolları” QSC) rəhbərliyinin uğurlu işi sayəsində Ermənistan öz etirazını geri götürdükdən sonra məsələ müsbət həllini tapıb. 

Bu yaxınlarda isə Azərbaycan Mülki Aviasiyası üçün əlamətdar hadisə baş verib. Belə ki, aprelin 19-da Heydər Əli­yev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council International, ACI Europe) sıralarına qoşulub. Bunun­la yanaşı, Azərbaycanın digər aeroportu Gəncə Beynəlxalq Hava Limanı da şura­ya üzv seçilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev deyib ki, Avropa Beynəlxalq Hava Limanları Şurasına qoşulmaq ölkəmiz üçün yeni üfüqlər açan əlamətdar hadisə olmaqla yanaşı, inkişaf və təkmilləşmə istiqamə­tində də mühüm addımdır. Onun sözlə­rinə görə, bu, “Azərbaycan Hava Yolla­rı” QSC-nin xidmət keyfiyyətini daha da yaxşılaşdırmaq, qabaqcıl təcrübələri tət­biq etmək və qlobal aviasiya arenasında qurumun mövqeyini gücləndirmək imkanı verəcək. 

Yeri gəlmişkən, ACI Europe qabaqcıl təcrübələrin bölüşdürülməsində, konf­ransların və sərgilərin təşkilində, hava limanlarında innovasiyaların və texnoloji yeniliklərin təşviqində mühüm rol oyna­yır. Azərbaycan aeroportlarının Avropa Beynəlxalq Hava Limanları Şurasına qoşulması dünya hava limanları ilə fəal əməkdaşlıq üçün unikal imkanlar açmaq­la yanaşı, qlobal aviasiya siyasətinin və qanunvericiliyin inkişafına töhfə verir. Həmçinin, Bakı və Gəncə hava limanla­rının təkmilləşdirilməsi, ötürmə qabiliy­yətinin artırılması, menecerlərin peşəkar akkreditasiyası və müştərilərə xidmət üzrə akkreditasiya proqramlarında iştirak hüququ əldə edəcəklər.

Xatırladaq ki, dünyanın 1925 aero­portunun kollektiv mövqeyini təmsil edən ACI Europe Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası, Mülki Hava Naviqasiya Xidmətləri Təşkilatı, Avropa Hava Na­viqasiyasının Təhlükəsizliyi Təşkilatı və aviasiya sənayesinin digər əsas oyunçu­ları ilə də əməkdaşlıq edir.

Bütövlükdə isə, son 20 il ərzində Azərbaycanda aviadaşımalar qabaqcıl texnologiyaların və tərəqqinin simvoluna çevrilərək əhəmiyyətli dərəcədə inkişaf edib. Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyevin diqqət və qayğı­sı nəticəsində ölkənin mülki aviasiyası mühüm transformasiyalardan keçərək müasir, dinamik və perspektivli sənaye sahəsinə çevrilib. Belə ki, 2003-cü ildən etibarən dövlət başçısının rəhbərliyi altın­da ölkəmizdə bu sahə intensiv inkişafın yeni mərhələsinə qədəm qoyub. 

Ötən müddətdə ölkənin təyyarə parkı yenilənib, marşrut şəbəkəsi genişləndiri­lib. Təkcə onu qeyd etmək kifayətdir ki, 2005-2015-ci illər ərzində “Azərbaycan Hava Yolları” QSC (AZAL) öz təyyarə parkına “Airbus A319”, “Boeing 767-300ER”, “Airbus A340-500”, “Embraer 190”, “Embraer 170” və “Boeing 787-8 Dreamliner” kimi yeni təyyarə modellərini daxil edib. Ötən ilin əvvəlində isə 3 ədəd yeni “Airbus A320neo” təyyarəsi ilə uçuş­ların həyata keçirilməsinə başlanılıb. Bu­nunla yanaşı, AZAL “Airbus” və “Boeing” şirkətləri ilə daha 20 hava gəmisinin – 12 ədəd “Airbus A320neo” və 8 ədəd “Bo­eing 787” təyyarələrinin tədarükünə dair müqavilələr imzalayıb. Yeni təyyarələ­rin mərhələli şəkildə istismara verilməsi planlaşdırılır. Eyni zamanda, “GetJet Air­lines” şirkəti ilə təyyarələrin lizinqinə dair yeni əməkdaşlıq nəticəsində AZAL-ın parkı 3 ədəd “Airbus A320” hava gəmisi ilə genişləndirilib.

Eyni zamanda, ötən 20 il ərzində Naxçıvan, Lənkəran və Zaqatala hava limanlarına beynəlxalq status verilib. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin və Qəbələ aeroportunun istifadəyə verilməsi ilə ya­naşı, Gəncə Beynəlxalq Hava Limanı da əsaslı təmir olunub. 

Qarabağda quruculuq işləri çərçi­vəsində ən zəruri infrastrukturun yara­dılması ilə bağlı dövlət başçısının mü­vafiq tapşırıqlarına əsasən, 2021-ci ildə Qarabağın hava qapısı sayılan Füzuli Beynəlxalq Hava Limanı rekord müddət­də – cəmi 8 aya tikilib istifadəyə verilib. Bundan əlavə, 2022-ci ilin oktyabr ayın­da Zəngilan Beynəlxalq Hava Limanının istismara buraxılıb. 2021-ci ildə inşasına başlanmış Laçın Beynəlxalq Hava Lima­nında isə işlər davam edir. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat