Azərbaycan İslam İnkişaf Bankının ən yaxın tərəfdaşıdır

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının (İİB) “COP29-a doğru” mövzusunda keçirilən “dəyirmi masa”da iştirak edib. M.Cabbarov bu barədə “X” sosial şəbəkəsində məlumat verərək tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələr aparıldığını, “yaşıl artım” və Azərbaycanın dayanıqlı enerji potensialının gerçəkləşdirilməsi istiqamətində görülən tədbirlərdən söhbət açıldığını və qlobal iqlim öhdəliklərinin yerinə yerinə yetirilməsi üçün birgə fəaliyyətin təşviqinin zəruriliyinin diqqətə çatdırıldığını bildirib. 

Xatırladaq ki, İİB 1973-cü ilin dekab­rında Ciddədə keçirilən İslam Əməkdaş­lıq Təşkilatına (İƏT) üzv ölkələrin maliyyə nazirlərinin konfransında imzalanan Niy­yət Bəyannaməsinin nəticəsi olaraq təsis edilib. Hazırda dünyanın aparıcı maliy­yə-kredit qurumlarından biri olan İİB-nin yaradılmasında əsas məqsəd yoxsullu­ğun azaldılması, davamlı iqtisadi artımın təşviq edilməsi və regional inteqrasiyanın dəstəklənməsindən ibarət olub. 

Bankın qarşısında duran əsas və­zifələrdən biri maliyyələşdirməni İslam prinsinpləri əsasında aparmaqdır. Belə ki, bank üzv ölkələrin və fərdi müsəlman cəmiyyətlərinin iqtisadi inkişafını və so­sial tərəqqisini İslam hüququ əsasında təmin edir. Qurum iqtisadi və sosial inki­şaf üçün layihələrin maliyyələşdirilməsi, müəssisələrin xüsusi kapitalında iştirak və ya investisiya qoyuluşu, qrantların və ssudaların verilməsi şəklində üzv dövlət­lərə maliyyə yardımı ayırır. 

Qeyd edək ki, əhalisinin mütləq çox­luğunun və əksəriyyətinin müsəlmanlar­dan ibarət olduğu 56 ölkə bu gün İİB-nin üzvüdür. Üzvlük üçün nəzərdə tutulan başlıca şərt isə iddiaçı qismində çıxış edən dövlətin İƏT-ə üzv olmalarıdır. 

İİB ilə Azərbaycan arasındakı əmək­daşlığın əsası ötən əsrin 90-cı illərinin əvvəllərində qoyulub. Belə ki, ölkəmiz tarixi müstəqilliyinə qovuşduqdan sonra beynəlxalq iqtisadi təşkilatlara inteqra­siya istiqamətində ardıcıl siyasətin apa­rılmasına başlanılıb və 1992-ci il iyulun 4-də Azərbaycan quruma üzv qəbul edi­lib. Bu isə sözügedən beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığın möhkəmləndi­rilməsini şərtləndirib. 

Bank ötən illər ərzində respublika­mızda bir sıra mühüm layihələri–Bakı bərk məişət tullantılarının yandırılması zavodu, Vəlvələçay-Taxtakörpü kanalı və Cənub İstilik Elektrik Stansiyasının tikintisi, eləcə də Yevlax-Gəncə avtomo­bil yolu, həmçinin Mingəçevir Su Elekt­rik Stansiyasının yenidən qurulması la­yihələrini maliyyələşdirib. Ümumiyyətlə, İİB ölkəmizlə əməkdaşlıq dövründə döv­lət zəmanəti ilə Azərbaycana 18 layihə üzrə kreditlər ayırıb və adları sadalanan layihələrin icrası uğurla başa çatdırılıb. 

Bankın 6 şəhərdə (Astara, Daşkəsən, Tərtər, Gədəbəy, Samux və Qazax) real­laşdırılan su təchizatı və kanalizasiya sisteminin bərpası, suvarılan əkinçiliyin kompleks inkişafı və İslam maliyyələş­məsi üzrə hüquqi bazanın hazırlanma­sına texniki dəstək istiqamətlərini əhatə edən 3 layihəsinin dəyəri isə 265 milyon dollar təşkil edib. 

Bu il yanvarın 30-dan etibarən Azər­baycanın İİB ilə əməkdaşlığında yeni mərhələ başlanıb. Həmin gün İqtisa­diyyat Nazirliyi ilə bu maliyyə qurumu arasında “Azərbaycan üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanması­na dair Anlaşma Memorandumu” imzala­nıb. Bu münasibətlə keçirilən mərasimdə adı çəkilən sənədin icrasının “yaşıl” və dayanıqlı infrastrukturun inkişafına, iqti­sadiyyatın şaxələndirilməsi və rəqəmsal transformasiyaya stimul verəcəyi qeyd olunub. Anlaşma Memorandumuna uy­ğun olaraq görüləcək işlərin tərəflər ara­sında əməkdaşlığı və ölkəmizin sosial-iq­tisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyəti gücləndirəcəyi bildirilib.

İİB ölkəmizdə “yaşıl enerji” layihələ­rinin icrasına da maraq göstərməyə başlayıb. Bununla bağlı bir qədər ətraflı bəhs etmək istərdik. Belə ki, 2022-ci ilin iyulunda Azərbaycanla Avropa Komis­siyası arasında energetika sahəsində əməkdaşlığa dair memorandum imzala­nıb. Sənəddə Azərbaycandan Avropaya “yaşıl enerji” ixracının təmin olunması nəzərdə tutulub. Həmin ilin dekabrında isə Buxarestdə Azərbaycan, Rumıniya, Macarıstan və Gürcüstan arasında Qara dənizin dibi ilə “yaşıl enerji” ötürəcək ka­belin çəkilməsinə dair saziş imzalanıb. 

Avropa İttifaqının prioritetləri sırasına daxil edilən layihənin yaxın 3-4 il ərzində başa çatdırılması nəzərdə tutulub. Hə­min vaxta qədər isə Azərbaycan üzərinə Avropaya ötürülmək üçün 3 Gvt “yaşıl enerji” istehsalını reallaşdırmaq öhdəliyi götürüb. Bu sahədə Azərbaycanın əsas tərəfdaşlarından biri İİB-in üzvü olan Birləşmiş Ərəb Əmirlikləridir. BƏƏ-nin “Masdar” şirkətinin Qaradağda inşa etdi­yi 230 MVt-luq günəş elektrik stansiyası ötən ilin oktyabrında fəaliyyətə başlayıb. 

Dəyəri 250 milyon dollar hesablanan layihə BƏƏ şirkəti tərəfindən maliyyələş­dirilib. Adıçəkilən günəş elektrik stansiya­sının açılış mərasimi çərçivəsində “Mas­dar”la Azərbaycan hökuməti arasında 1 milyard dollar dəyərində yeni bərpaolu­nan enerji güclərinin yaradılmasına dair müqavilə imzalanıb. Azərbaycanla BƏƏ arasında bir milyard dollarlıq maliyyə im­kanına malik Birgə İnvestisiya Fondunun yaradılması da nəzərdə tutulub. 

Bütün bunlarla bərabər, İİB-in digər nüfuzlu üzvü olan Səudiyyə Ərəbistanı­nın “ACWA Power” şirkəti hazırda Azər­baycanda 240 Mvt-lıq külək elektrik stan­siyası inşa edir. 

Qeyd edək ki, İİB-nin Ər-Riyadda keçirilən illik toplantısında İslam Maliyyə Xidmətləri Şurası (IFSB) Azərbaycanın İslam maliyyə sənayesini inkişaf etdirə­cəyinə ümid etdiyini bildirib. IFSB-nin baş katibi Qiyat Şabsiq İslam maliyyəsi­nin artıq bütün dünyada tanındığını, bir sıra ölkələrdə uğurla reallaşdırıldığını vurğulayıb. “Təbii ki, bu, həmin ölkələrin iqtisadi inkişafına öz töhfəsini verir. Bizim qaydalarımız, standartlarımız var və on­ları asanlıqla həyata keçirmək olar. Biz, həqiqətən, ümid edirik ki, Azərbaycan lazım gələrsə, bu standartları tətbiq edə­cək və İslam maliyyə sənayesini inkişaf etdirəcək”, - deyə o bildirib.

Göründüyü kimi, bankın qarşısında duran əsas vəzifə məhz maliyyələşdir­məni İslam prinsipləri əsasında apar­maqdır. Belə ki, bank üzv ölkələrin və fərdi müsəlman cəmiyyətlərinin iqtisa­di inkişafını və sosial tərəqqisini İslam hüququ əsasında təmin edir. Qurum iq­tisadi və sosial inkişaf üçün layihələrin maliyyələşdirilməsi, müəssisələrin xü­susi kapitalında iştirak və ya investitsiya qoyuluşu, qrantların və ssudaların ve­rilməsi şəklində üzv dövlətlərə maliyyə yardımı ayırır. 

Əhalisinin mütləq çoxluğunun və ək­səriyyətinin müsəlmanlardan ibarət oldu­ğu 56 ölkə İslam İnkişaf Bankının üzvü­dür. Üzvlük üçün nəzərdə tutulan başlıca şərt isə iddiaçı qismində çıxış edən döv­lətin İƏT-ə üzv olmasıdır.

Əvvəlki dövrlərdə olduğu kimi, hazır­da da Azərbaycanla İİB arasında əmək­daşlığın genişləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin ötən il fevralın 26-da ölkəmizdə səfərdə olan İİB qru­punun prezidenti Məhəmməd Süleyman Əl-Casiri qəbul edərək Azərbaycanla bu maliyyə qurumu arasında reallaşdırılan uğurlu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirib. Ölkəmizin həyata keçir­diyi layihələrə bankın verdiyi dəstəyə görə minnətdarlığını bildirən dövlətimizin başçısı həm regional səviyyədə inkişaf prosesləri, həm də artıq ölkəmizdə icra olunmağa başlanan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritet­lər” baxımından əməkdaşlığın gələcək formatının müəyyənləşdirilməsinin zəru­riliyini vurğulayıb. 

İİB-nin Azərbaycanın bu təşkilata üzvlüyündən qürur duyduğunu və ölkə­mizin həmişə fəal iştirakçı olmaqla bu qu­rumun fəaliyyətinə böyük töhfə verdiyin bildirən Məhəmməd Süleyman Əl-Casir həyata keçirilən birgə layihələrin respub­likamızda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmi­ni qeyd edib.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat