Dünya ermənilərinin son həmləsi

post-img

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

 

Qərbdə anti-Azərbaycan qətnamələri qərəz və sifarişlə qəbul olunur

ABŞ Dövlət Departamenti aprelin 22-də açıqladığı “2023-cü ildə İnsan Haqla­rı Təcrübələri üzrə illik Ölkə Hesabatı”nda insan haqları üçün təhdid yaradan qlobal faktorları sadalayıb. Bu kontekstdə Rusiya – Ukrayna müharibəsinin, Su­dandakı daxili iğtişaşların və İsrail – HƏMAS qarşıdurmasının yaratdığı insan faciələrinə geniş yer ayırıb. Paralel olaraq, ayrı-ayrı ölkələrdə təzahür edən in­san haqları pozuntularını da sadalayıb və bu sırada Azərbaycana da yer ayırıb. 

Hesabatın ölkəmizə aid hissəsi tənqi­di ruhlu və qərəzlidir. ABŞ Dövlət Depar­tamenti 2023-cü il sentyabrın 19-20-də Qarabağ regionunda həyata keçirilmiş antiterror tədbirlərini “insan haqları po­zuntusu” kimi təsvir edib. 

Dövlət Departamentinin illik hesabatı ilə paralel şəkildə – aprelin 23-də ABŞ Konqresində Azərbaycana qarşı sank-siyaları nəzərdə tutan qanun layihəsinin təqdim edilməsinə təşəbbüs göstərilib. Konqresmen Dina Titusun təşəbbüsü ilə hazırlanan və “Azərbaycanda sanksi­yalara baxış Aktı” adlandırılan sənəddə II Qarabağ müharibəsinə, o cümlədən, Azərbaycan Ordusunun zəfərinə tənqidi münasibət yer tutur. Sanksiyaya məruz qalmalı olan şəxslərin siyahısına Azər­baycan ordusunun sayılıb-seçilən ko­mandirlərinin adları da daxil edilir.

Bundan cəmi 2 gün sonra – apre­lin 25-də Azərbaycan əleyhinə daha bir sənəd Avropa Parlamentində qəbul edilib. Qətnamənin motivi budur ki, guya, ölkə­mizdə vətəndaş cəmiyyəti institutlarına qarşı repressiya aparılır və Avropa Parla­menti də bundan narahatlıq keçirir

Hər üç sənədi ortaq nöqtədə birləş­dirən məqamlar vardır. İlk olaraq tarixi uyğunluq diqqət çəkir. Adı çəkilən sənəd­lər cəmi üç gün müddətində – aprelin 22-dən 25-dək meydana çıxıb. Məqsədli olaraq, qondarma “erməni soyqırımı”nın növbəti ildönümündə, 24 aprel ərəfəsində gündəmə gətirilib. Bir növü, ermənilərə hədiyyə kimi təqdim edilib. 

Sənədlərdə açıq mətnlə qeyd edilir ki, ABŞ və Avropa Birliyi Azərbaycanın 2023-cü il sentyabr ayında Qarabağ regi­onunda həyata keçirdiyi antiterror tədbir­lərindən məyus olublar. Bölgədə erməni separatizmin kökünün kəsilməsindən narazı qalıblar. Dina Tatusun rəhbərliyi ilə hazırlanıb Konqressə təqdim edilən sənəddə bu motiv daha aydın şəkildə ifa­də olunur. 

2024-cü ilin yanvar ayında Avropa Şu­rasında Azərbaycan nümayəndə heyətinə qarşı iddia qaldıranlar da açıq tekstlə bil­dirirdilər ki, “Dağlıq Qarabağda hümanitar böhranın yaradaılmasından, Laçın dəhli­zindən sərbəst keçidin təmin edilməmə­sindən” qəzəbləniblər. 

ABŞ Dövlət Departamentinin, Kon-qresin, Avropa Parlamentinin yaydıqları sənədlərdə anti-Azərbaycan ritorikasının yer almasında “erməni şəbəkəsinin” izi aydın görünür. Onlar erməni şəbəkəsinin təsiri altında addım atdıqlarını gizlətmirlər də. Məsələn, Amerika Erməni Milli Ko­mitəsinin (ANCA) saytında yerləşdirilmiş məlumatlardan belə aydın olur ki, Dina Titusun yaydığı sənəd “lobbiçilik fəaliyyə­ti” çərçivəsində hazırlanıb. Bunun üçün ANCA-dan ciddi dəstək alınıb. 

Məsələyə fərqli kontekstdən yanaşan­lar da var. “ABŞ və Avropa İttifaqı Cənu­bi Qafqazda təmsilçiliyə can atırlar, bu məqsədlə erməni kartından istifadə edir­lər” – barədə fikir yürüdənlər də haqlıdır­lar. Amma bu iki ideya bir-birinə zidd de­yil. Maraqlar qarşılıqlıdır: ABŞ və Avropa İttifaqı erməni kartından istifadə etməyə çalışırlar. “Erməni şəbəkəsi ” də prosesə qatqı verir, rəngləri tündləşdirir. Xüsusi olaraq, “lobbiçilik fəaliyyəti”ndən istifadə edərək, prosesin içində öz maraqlarını tə­min etməyə çalışır. 

Yaxın tarixdə baş vermiş 2 hadisə prosesə aydınlıq gətirmək üçün yaxşı nü­munədir. Məsələn, ABŞ Senatının Xarici əlaqələr Komitəsinin sədri Robert Menen­desin işi hazırda məhkəmə araşdırması altındadır. 2023-cü ilin oktyabr ayında ona qarşı rəsmi ittiham elan edilib. Pro­kurorluq Robert Menendesi Nyu-Cersidən olan 3 biznesmenlə korrupsiya əlaqəsinə girməkdə şübhəli bilir. O və arvadı rüşvət kimi nağd pullar, qızıl külçələr, lüks avto­mobillər, digər qiymətli əşyalar almaqda, qarşılığında ABŞ Kənd Təsərrüfatı Nazir­liyinin əməkdaşlarına təzyiq göstərərək, qanunsuz qərarlar çıxarmalarına vasitə­çilik etməkdə ittiham olunurlar. 

Menendes ailəsi qiymətli daş-qaş­lar almaq müqabilində xarici ölkələrdən olan qruplar üçün “lobbiçilik etməkdə” də təqsirləndirilir. Əslində, onun “xarici qruplarla” əməkdaşlığı üzrə faktlar yeni deyil. Ermənipərəst, türkofob mövqeyi ilə tanınan Robert Menendes hələ 2022-ciildə erməni lobbisindən rüşvət almaq it­tihamı ilə medianın gündəminə gəlmişdi. Amma həmin məlumat ABŞ-nin ümumi si­yasi kursuna uyğun görünmədiyi üçün qa­padılmışdı. İndi isə Menendesin ABŞ-ninmarağına cavab verməyən qruplarla iş birliyinə girməsi üzrə faktlar tapılıb. Onun məhkəməyə çəkilməsi də bu amillə bağ­lıdır. 

2022-ci ildə “lobbiçilik fəaliyyəti” adı ilə rüşvət alınması faktı Avropa Parlamentin­də də təsdiqini tapıb. Avropa Parlamenti­nin sədr müavini Eva Kayli Brüssel polisi tərəfindən saxlanılıb. Belçika Federal Prokurorluğu onun korrupsiya ittihamı ilə saxlanılması üçün sanksiya verib. Kayli futbol üzrə Dünya çempionatının Qətərdə keçirilməsi üçün rüşvət qarşılığında nü­fuz təmsilçiliyi etməkdə təqsirləndirilirdi. Amma bu, Eva Kaylinın adının hallandığı ilk rüşvət və korrupsiya qalmaqalı deyil. Avropa Parlamentinə (AP) Yunanıstan­dan seçilmiş Kayli Avropada fəaliyyət göstərən erməni lobbi qrupları ilə də sıx əməkdaşlıq edib. Bu qruplardan qanun­suz yollarla əldə etdiyi vəsaitlər mövzu­sunda media gündəminə düşüb. 2021-ci ildə dərc etdiyimiz məqalədə bu mövzu­ya biz də toxunmuşuq. 

“Erməni şəbəkəsi Avropa institutlarını necə yönləndirir?” sərlövhəli məqaləsində Kaylinın erməni şəbəkəsi ilə əməkdaşlığı­nın detallarını açmışıq (https://az.trend.az/azerbaijan/society/3517605.htm­l?fbclid=IwAR3CDHyC__Bj-BvOJjMq­DE2oZZ2C6RFAb-t6Mdp00F_35OGz­n1ivDURLe18). Bildirmişik ki, 2021-ci il noyabrın 19-da Azərbaycan əleyhinə qə­bul edilən bəyanat Avropa Parlamentinin adından elan edilsə də, bəyanatı yalnız 33 nəfər AP üzvü imzalayıb. Həmin 33 nəfər isə Avropa Parlamentində təmsil olunan “Ermənistanla dostluq qrupu”nun üzvləridir. Bəyanatın hazırlanmasında və qəbul etdirilməsində Lukas Furlas, Lefte­ris Xristofor, Lars Patrik Berq ilə yanaşı, yunan deputat Eva Kayli də xüsusi aktivlik göstərmişdi. 

Bəyanatda Azərbaycan silahlı qüv­vələrinin “Ermənistanın ərazi bütövlü­yünə qəsd etməsi” kimi qondarma itti­hamlar yer tutmuşdu. Həmin 33 deputat da “Ermənistanın ərazi bütövlüyünə qəsd edilməsinin qarşısını almaq üçün” Avro­pa İttifaqını bütün rıçaqlardan istifadə etməyə çağırırdı. Yəni, Eva Kaylı erməni diaspor nümayəndələrindən də lobbiçilik adı ilə rüşvət almış, onların xeyrinə qət­namələr qəbul edilməsinə şərait yarat­mışdı. 

Bu gün də eyni proseslər baş verir. Nümunələr çoxdur, lakin hamısını sada­lamağa zərurət yoxdur. Nəticə budur ki, ABŞ və Qərb institutlarında vacib mövqe tutan şəxslər təkcə “dövlət maraqları”n­dan deyil, həm də şəxsi maraqlardan çıxış edə bilirlər. “Lobbiçilik fəaliyyəti” adı altında rüşvət alıb, yanlış qərarlar qəbul etdirə bilirlər. “Erməni şəbəkəsi” bu fak­tordan ciddi şəkildə faydalanır. Son gün­lərdə Qərb institutlarında ortaya çıxan anti-Azərbaycan ritorikasında bu xətt çox aydın şəkildə hiss olunur. 

Ermənistan 2020-ci ildə – II Qarabağ savaşında məğlubiyyətə uğrayıb. İndiyə­dək məğlubiyyət sindromundan çıxa bil­mir. İş o yerə çatıb ki, Nikol Paşinyanın komandası ermənilərin son 2 yüzillik ide­ologiyadan imtina etmək məcburiyyətində qalması barədə tezisi gündəmə gətirib. O, “tarixi Ermənistan” ideologiyası ilə “müasir Ermənistan” ideologiyasının qar­şı-qarşıya gəldiyini, “müasir Ermənistanı qorumaq üçün” “tarixi Ermənistan ideo­logiyasından imtina etmək məcburiyyətin­də qaldıqlarını” etiraf edib. Erməni kilsəsi və erməni diasporu isə bununla barışmır. Həm Paşinyana, həm də Azərbaycana qarşı silsilə hücumlar təşkil edir. Dünya erməniləri son həmləsini gerçəkləşdirir. ABŞ və Avropa institutlarından istifadə edərək, Azərbaycana təzyiq göstərmək, geri addım atmağa məcbur etmək istəyir.



Siyasət