Yeni tarixi mərhələdə milli ideya

post-img

XII məqalə

Tarix yaddaş məharətidir, yad­daşların kəsişmə sahəsidir.

Patrik HATTON, ABŞ tarixçisi

Türk dünyası yaddaşdır! Bu yadda­şın tərkibində ayrı-ayrı türk xalqlarının özəl yaddaşları vardır. “Fransa yadda­şı”ndan və Amerika “yaddaşsızlığından” türk xalqlarının yaddaşını fərqləndirən başlıca cəhət, türklərin müasir mərhələdə dövlət statusunda inteqrasiyasına qədər özünəxas təkamül yolu keçməsi ilə bağ­lıdır. Bu yolda qarşılıqlı dəstəklə yanaşı, müəyyən ziddiyyətlərin, dartışmaların olduğu da məlumdur. Bir sıra araşdırma­çılar burada problem görməyə çalışırlar. Əslində isə keçilən yol indiki mərhələdə real inteqrasiya etməyi təmin edəcək fay­dalı “mənəvi-tarixi və yaddaş bazasıdır”. Bunu sübut edək.

Türk toplumlarının özəlliyinin bir tarixi-fəlsəfi izahı

Türklər qədimdən çox passionar ol­maları və mifdən gələn tarixi missiyanı yerinə yetirmək izinə düşmələri ilə ana­loqu olmayan bir toparlanma, parçalanma və dövlət qurma dinamikasına sahibdirlər. Bu dinamikada öncə türk tayfalarının, sonra tayfa birliklərinin və daha sonra xalqların və nəhayət, millətlərin münasi­bətlərinin fərqli “ritmləri” özünü göstərmiş­dir. Təsəvvür edək ki, tarixi qaynaqlara görə, qədimdən, hətta, eyni boya mən­sub türk tayfaları arasında qanlı savaşlar, dartışmalar, hətta qan davaları, qisaslar olmuşdur. Bu özəllik tayfalar birliyi səviy­yəsində də özünü göstərmişdir. 

Müxtəlif türk boyları arasında dost­luq və qohumluqdan düşmənçilik və sərt qarşdurmalara, qanlı müharibələrə qədər dəyişkən bir mənzərə yaranmışdır. Lakin bu proseslər heç zaman türkləri türklük­lərindən və ağır məqamlarda bir-birinə dəstəkdən məhrum edə bilməmişdir. Türk tarixi yaddaşında daha ədalətli və güclü olmaq üçün, hətta, ən yaxın ətrafı ilə sərt savaşlar mövcuddur. Türk hökm­darları arasında “daha ədalətli və güclü türk mənəm” imici uğrunda savaşlar da olmuşdur.

Birgə yaşamın xalq səviyyəsində bu proses bir qədər səngimişdir. Səbəbi isə maraqlıdır ki, türklərin xalq kimi formalaş­mağa başladığı dövrdə başqa toplumların təsiri altına düşmələri ilə əlaqəli olmuşdur (təbii ki, bu, hər bir türk xaqlına aid de­yildir). Tayfalar birliyindən xalq formasına keçid bu səbəbdən yaddaş aspektində ziddiyyətli və qovğalarla doludur. Xüsu­silə, türk xalqları içərisində ideya, siyasi aktivlik və dövlət quruculuğu baxımından daha passionar olan Qafqaz və Anadolu türkləri başqalarından seçilmişlər. Azər­baycan türkləri indi “İran” adlanan ərazidə əsrlərlə dövlət idarə etmişlər. Onların yad­daşından bu prosesin möhtəşəmliyi, qü­ruru və buraxılan səhvlərin təhlili silinməz. Anadoluda türklər dünyanın ən güclü im­periyalarından birini qurmuşlar. Azərbay­can türklərinin qurduqları güclü imperiya ilə Anadoluda mövcud olan türk imperiya­sı arasında bir neçə dəfə savaş olmuş və bu da tarixi yaddaşa izini salmışdır. 

Eyni zamanda, Mərkəzi Asiya türkləri­nin öz aralarında, Azərbaycan və Anadolu türkləri ilə münasibətlərdə yaddaşlarda bir sıra izlər hələ də qalmaqdadır. Bütün bunlar fəlsəfi aspektdə iki özəlliyi bizim yaddaşımızda saxlamaqdadır. Birincisi, türk xalqları arasında dövlət səviyyəsində qarşıdurmalar əsasən tayfalar və tayfalar birliyi formasında kəskinləşmişdir. Dövləti olan türk xalqları kimi Osmanlı – Səfə­vi rəqabəti ön planda olmuşdur. Həmin mərhələnin başlıca tarixi dərsi bundan ibarətdir: türk dövlətçiliyi imperiya forma­sında inkişaf edə bilmir. Bunu tarix boyu 10 dəfədən çox nümunədə türklər sına­mışlar. 

Türklər xalq və millət səviyyəsində an­caq demokratik, dünyəvi, hüquqi idarəet­məyə əsaslanan dövlət quruluşları şərai­tində uğurlu ola bilirlər. Bu, hətta, xanlıqlar dövründə Azərbaycanın başına gələnlərin işığında belə aydın görünür. 

Deməli, türk xalqları və sonra millət­ləri tarixin dərsləri nəticəsində dünyəvi hüquqi dövlət qurmağın ən perspektivli və faydalı olduğu qənaətinə artıq yaddaşla­rında gəlmişlər. Bu gerçəkliyi XX əsrin əv­vəllərində Şərqdə ilk dəfə demokratik res­publika quran Şimali Azərbaycan türkləri (bu ərazidə yaşayan hər bir xalq və etnik qruplarla birgə – bizdə ayrı-seçkilik heç zaman olmamışdır) öz acı təcrübələrində bir daha sınaqdan keçirdilər. Ona görə “acı təcrübə” ki, biz anladıq ki, müstəqil dövlət qurmaq işin yarısıdır və burada ta­rixi keçmişdə olan təcrübə kifayət etmir. Çünki artıq “millət” və “dövlət” məfhum­larının “müstəqillik” və “müasirliklə” fərqli münasibətləri mövcuddur və buna “za­manın tələbi” deyirik. Həmin səbəbdən, biz Azərbaycan Demokratik Respublikası dövrünün geosiyasi ziddiyyətlərindən sa­lamat çıxa bilmədik. Ulu öndər Heydər Əliyev bunlara görə öyrədirdi ki, “müstəqil­liyi qorumaq, onu əldə etməkdən daha çə­tin məsələdir”! Azərbaycanlıların dövlətçi­lik kontekstində bu təcrübəsi artıq vardır, ondan dərs almağı bu toplum bacarmış­dır. Və bu prosesdə həlledici rolu ümum­milli lider Heydər Əliyev oynamışdır.

Bəli, Heydər Əliyevin “bir millət, iki dövlət” formulu faktiki olaraq tarixi yad­daşımızın “yaşamaq ekologiyasını”, “döv­lət kimi müstəqil mövcud olmaq yolu”nu müəyyənləşdirir. Tarixi yaddaş aspektin­də bu formul yaddaşda iki faktorun – toplu kimi var olmaq ilə (mədəniyyət vasitəsilə) dövlət kimi varolmanın (millət olmaq yolu ilə) sintezini lakonik ifadə etmişdir. Biz ta­rixi, mədəni birgəyaşam üsulu aspektində türk millətiyik, müstəqil dövlət kimi möv­cud olmaq üçün isə azərbaycanlılarıq. Dövlət məsələsində dünyaduyumu, yad­daşı, şüuru və davranışı azərbaycançılı­ğa yönəltməliyik. Azərbaycançılıq Heydər Əliyevin müəyyən etdiyi məzmunda Azər­baycan dilini, mədəniyyətini, adət-ənənə­sini sevməklə Vətənimizin müstəqil dövlət kimi mövcudluğu naminə yaddaşda döv­lətçilik şüurunu daim aktuallaşdıraraq, on­ların vəhdətini yaratmaqla bağlıdır. Azər­baycançı olmaq Azərbaycanı müstəqil dövlət kimi “görməyi bacarmaq” demək­dir. Və müstəqil dövlət olaraq Azərbaycan hər bir dövlətlə münasibətlərini qurmasını qəbul etmək deməkdir. 

Deməli, azərbaycanlıların tarixi yad­daşı həm mədəniyyət, həm də dövlətçi­lik aspektlərində artıq yetkin və konkret məzmuna malik faktor kimi mövcuddur. Bu keyfiyyətdə Azərbaycan türk dövlət­lərinin inteqrasiya prosesini stimullaşdırır və haqlı olaraq aparıcı rol oynayır. 

Türk tarixi yaddaşının başqa özəlliyi indi TDT-yə üzv olan hər bir dövlətin et­nik yolu keçməsi ilə şərtlənir. Yəni TDT-dəolan üzv dövlətlər, Türkiyə istisna ol­maqla, yaddaş aspektində Azərbaycan kimi acı təcrübəyə malikdirlər. Onlar da “tarixin dövlətçilik qazanında” bişmişlər və özlərinə xas təcrübəyə malikdirlər. Amerika inteqrasiya formasından türk­lərin inteqrasiya formasının üstün cəhəti və perspektivi bu aspektdən qaynaqlanır. Yəni türk inteqrasiyasının təməlində etnik eynilik deyil, mədəniyyət ümumiliyi, dini ümumilik və dövlət təcrübəsi dayanır! Mə­dəniyyət, din və dövlət yaddaşı öncədən inteqrasiya münasibətlərində “böyük qar­daş – kiçik qardaş” münasibətlər iyerarxi­yasını aradan çıxarır. Ön plana qarşılıqlı faydalı və beynəlxalq hüquqa əsaslanan müttəfiqlik və həmin anlamda da birlik, bütövlük modeli çıxır. Bundan sonra heç bir təsir türk xalqlarını bərabərhüquqlu münasibətlər çərçivəsindən kənara çıxa­ra bilməz. Bizim tarixi yaddaşımız həmin sapmaların bütövlükdə millətə, türk qöv­münə və insanlığa nə qədər zərər verdiyi­ni göstərən nümunələrlə doludur. Türklər həmin tarixi səhvləri təkrarlamazlar! 

Azərbaycanlılıq və dövlətçilik 

Azərbaycanlı olmaq etnik mənsubluq deyildir. Azərbaycanlı olmaq eyni mədə­niyyətə və dövlətə sahib olan insanların vətəndaşlıq hüququdur. Mənəvi-əxlaqi və psixoloji birliyinin, birgəyaşam üsulunun ən gözəl formuludur. Azərbaycanlı oldu­ğunu duymadan, hiss etmədən müstəqil Azərbaycan dövlətini görə bilməzsən – başqa yanaşma hər zaman qüsurlu və məhdud olacaqdır! Azərbaycan bura­da yaşayan hər bir insanın, vətəndaşın dövlətidir. Burada hər hansı etnik üstün­lükdən söhbət gedə bilməz. Eyni anlam türkiyəlilikdə, qazaxıstanlılıqda, özbəkis­tanlılıqda, qırğızıstanlılıqda və türkmə­nistanlılıqda mövcuddur. TDT-yə üzv olan dövlətlərin toplumları bu baxımdan multi­kultural mühitdə birgəyaşam təcrübəsinə malik, tarixin sınaqlarından çıxmış formu­la malikdirlər. Məsələn, hələ Qaraxanlar xanlığı dönəmində müxtəlif dinə mənsub olanları Xan (Kağan) bir araya toplayıb, onlarla fərqli dinlərin, konfessiyasaların dinc yanaşı yaşamasını təmin etmənin ideoloji və hüquqi məsələlərini müzakirə edərdi. Yəni multikulturallıq TDT üzvlərinə kənardan gətirilmiş münasibətlər ənənə­si deyildir, əsrlərlə toplumların daxilində formalaşmış və dövlət tərəfindən dəstək­lənən sosial-psixoloji və siyasi-mədəni fenomendir. 

Beləliklə, əsrlərlə formalaşmış və özündə multikulturallığı, öz dövlətinin ol­masına canatmaları ehtiva edən tarixi yaddaşa malik xalqların müasir şərtlər daxilində inteqrasiya formasından söhbət gedir! Təbii ki, təməlində multikulturallıq anlayışı olan inteqrasiya avtomatik ola­raq hüquqi, mənəvi-mədəni bərabərliyi də özündə daşıyır. Bu cür inteqrasiyanı çox perspektivli hesab etmək olar. 

Məsələ milli ideya aspektində çox maraqlıdır. Çünki yuxarıda vuğuladığı­mız faktorların işığında türk dövlətlərinin inteqrasiyasının hər bir dövlətin milli ide­yasının reallaşması kontekstində konkret məzmun aldığı aydınlaşır. O cümlədən, yeni tarixi mərhələdə Azərbaycanın milli ideyasının məzmununda türk inteqrasiya­sı faktorunun nəzərə alınması və ayrıca TDT-nin təşkilat kimi bu prosesdə ak­tiv iştirakı maraqlı düşüncələrə yol açır. Onu vurğulayaq ki, Azərbaycanın xarici siyasətinin yeni tarixi dönəmdə prioritet istiqamətlərindən biri TDT-nin gücləndiril­məsi ilə bağlıdır. 

Prezident İlham Əliyevin bu məsələ­nin strateji əhəmiyyəti kontekstində ifadə etdiyi fikirlər çox əhəmiyyətlidir. Dövlət başçısı andiçmə mərasimində demişdir ki, TDT-nin formalaşmasının bazasında “təbii müttəfiqlik” anlayışı yerləşir. Bu an­layış tarixi, mədəni və dövlətçilik ənənələ­rini ehtiva edir. Azərbaycan lideri fikirlərini ümumləşdirərək bəyan etmişdir ki, “Bizim ailəmiz türk dünyasıdır”! Deməli, TDT, sadəcə olaraq, müstəqil dövlətlərin birli­yi deyildir – onun anlamı bu sərhədi aşır. Çünki, o, məcazi mənada bir ailə sayılan xalqların tarixindən, mədəniyyətindən, adət-ənənələrindən qaynaqlanan dəyər­lərin, dəyişməz “mənəvi-əxlaqi və birgə­yaşam kodlarından” qidalanan ideyanın reallaşmasıdır. 

Azərbaycan Prezidenti bu ideyanın tərkib hissələrini də müəyyən etmişdir və onları biz yazılarımızda “Türk birliyinin 8 təməl faktorları” kimi təqdim etmişik. Hə­min faktorları bir daha vurğulayaq: böyük coğrafiyası, böyük ərazisi, böyük hərbi gücü, böyük iqtisadiyyatı, zəngin təbii sər­vətləri, geniş nəqliyyat yolları, dinamik de­moqrafik sferası və “bir soydan, kökdən olan xalqlar” (İlham Əliyev). Bu 8 təməl amilinin mərkəzində tarixi-mədəni faktor –eyni soy və kök dayanır! Çünki məhz hə­min faktor türk inteqrsiyasını perspektiv baxımından ideya statusunda bütün in­teqrasiya modellərinin fövqünə yüksəldir! Bu da inteqrasiya prosesinin hər bir üzvü­nün öz milli ideyasını ümumtürk və bəşəri miqyasa transformasiya etməsi zərurətini və ehtiyacını meydana çıxarır. Yəni türk inteqrasiyası, əslində, böyük milli ideya­nın tarixdə ilk dəfə olaraq çox sayda döv­ləti birləşdirən aparıcı faktora çevrilməsi imkanı və tarixidir! Milli ideya ilk dəfə ola­raq bir toplumun mənəvi, əxlaqi, ideoloji, mədəni çərçivəsini aşaraq eyni soya və kökə malik toplumların birgə varolma fəl­səfəsinin mərkəzinə gətirilir!

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət