Asiya nəhəngi respublikamızın 4-cü böyük ticarət tərəfdaşıdır
Son illər ölkəmizin ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.
Respublikada Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.
Qeyd edək ki, son illərdə respublikamızın qeyri-neft ixracı sahəsi coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidlərinin çoxalması ilə diqqət çəkib. Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına dəstək tədbirlərİ də ixracın artımına müsbət təsir göstərib.
Hazırda xarici ölkələrdə Azərbaycan məhsullarının və mətbəxinin təqdim olunduğu 11 ticarət evi fəaliyyət göstərir. Həmin ölkələr sırasında Çin xüsusi yer tutur. Artıq bir neçə gündür ki, respublikamızın bu ölkədə sayca 5-ci ticarət evi fəaliyyət göstərir. Ticarət evlərindən başqa, Azərbaycanın Çinin Şanxay, Harbin, Cinan və Uhan şəhərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 şərab evi də istehlakçılara xidmət edir. Ticarət və şərab evləri “Made in Azerbaijan” brendi ilə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli məhsulların Çin bazarında daha çox tanıdılmasını, eləcə də, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsini şərtləndirir.
Çinin Sıçuan vilayətinin paytaxtı olan Çendu şəhərində fəaliyyətə başlayan yeni “Azərbaycan Ticarət Evi”nin açılışı mərasimində bildirilib ki, ticarət evi respublikamızda dadı və keyfiyyəti ilə seçilən məhsulların bu ölkədə təşviqi ilə yanaşı, xalqlar arasında mədəni əlaqələrin dərinləşməsinə də töhfə verəcək.
Xatırladaq ki, yeni “Azərbaycan Ticarət Evi” Çendu şəhərinin Çinbaycian rayonundakı Siçuan Azad Ticarət Zonasında yerləşir. Çendu şəhərindən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzərindən Avropaya göndərilən yük qatarları məhz bu azad zonadakı beynəlxalq dəmir yolu limanından yola salınır. Liman ərazisindəki ölkə pavilyonları şəhərciyində yerləşən “Azərbaycan Ticarət Evi”nin sahəsi təxminən 600 kvadratmetrdir. Hazırda bu şəhərcikdə Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Niderland, Belçika və Yeni Zelandiya da daxil olmaqla 34 ölkənin pavilyonu fəaliyyət göstərir. “Azərbaycan Ticarət Evi” şəhərcikdəki ən böyük ticarət evlərindən biridir.
Ticarət evində Azərbaycanın zəngin mədəni irsinə, turizm potensialına, iqtisadi imkanlarına, eləcə də, sərmayə mühitinə aid materiallar nümayiş olunur. İqtisadiyyat Nazirliyinin dəstəyi, ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə yaradılan ticarət evində “Made in Azerbaijan” brendli məhsullar çinli istehlakçılara təqdim olunur. Bura əsasən çaylar, meyvə şirələri, şərablar, konservlər, mürəbbələr, qənnadı məmulatları və s. daxildir.
Azərbaycanın Çinlə əməkdaşlığında bir məqamı da xatırlatmaq istərdik. Belə ki, bu ölkənin innovasiyayönümlü investisiya imkanları respublikamız üçün mühüm önəm daşıyır. Başqa sözlə, bu, Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyini, eynin zamanda, Şərqlə Qərbin kəsişməsində strateji mövqeyə malik ölkəmizin çinli sərmayədarları cəlb edə biləcək geniş imkanlara malik olduğunu təsdiqləyir.
Beləliklə, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ticari–iqtisadi əlaqələrin inkişafını şərtləndirir. Təbii ki, belə bir şəraitin davamlı şəkildə formalaşması Azərbaycan–Çin arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlərin, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlərin uğurla gerçəkləşdirilməsi ilə sıx bağlıdır .
Yeri gəlmişkən, iki ölkə arasında münasibətlərin yeni mərhələyə daxil olmasında xüsusi yer tutan iqtisadi əlaqələrinin genişləndirilməsi, bu sahədəki problemlərin həlli məqsədilə yaradılan Hökumətlərarası İqtisadi Komissiya hər zaman səmərəli fəaliyyət göstərib. Adıçəkilən komissiyanın ilk iclası 2009-cu ilin mayında keçirilib. Bundan əlavə, 2012-ci il iyununda Pekin şəhərində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olub.
Ölkəmizin “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəyər 2017-ci ilin oktyabrında Bakı–Tbilisi–Qars dəmir yolunun açılışı ilə təsdiqlənib. Çin hökuməti bu polad magistralın istifadəyə verilməsini, marşrutun tikintisində respublikamızın rolunu, eləcə də “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəstəyi daim yüksək qiymətləndirib.
Onu da qeyd edək ki, son illərdə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika nəzərə çarpır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda respublikamızın ticarət dövriyyəsində Çin əsas ölkələr siyahısında 4-cü yerdə qərarlaşır. Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Dost ölkənin 1995-ci ildən indiyədək respublikamıza yatırdığı birbaşa investisiyanın həcmi isə 900 milyon dolları keçir.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin dinamik inkişafından bəhs edərkən, bir məqamı da xatırlatmaq istərdik. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanla birgə əməkdaşlıq, hər iki ölkənin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının səmərəli fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə gerçəkləşdirilən layihələr, respublikamızın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə fəal şəkildə qoşulması, eləcə də Şərq-Qərb, Orta Dəhliz layihələri çərçivəsində işgüzar münasibətlər dövlətlərimiz arasında yüksək iqtisadi göstəricilərin əldə olunmasını şərtləndirib.
Azərbaycan dost ölkə ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurub. Hər iki dövlət tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılıb. Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda da bu məsələyə toxunaraq deyib: “Nəqliyyat məsələsi daha böyük önəmə malikdir. Bu gün Transxəzər Nəqliyyat Dəhlizinə heç vaxt olmadığı qədər ehtiyac var. Biz Çindən gələn və Azərbaycandan keçən yüklərin ildən-ilə artdığını görürük. Yeri gəlmişkən, ötən ay Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı biz Siandan çıxmış və Bakıya çatmış konteyner qatarının birgə qarşılanma mərasimini keçirdik. Beləliklə, bu, ölkələrimiz arasında əməkdaşlığımızın birgə nümayişi idi”.
Onu da xatırladaq ki, dövlətimizin başçısının təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyənləşdirilib. Bununla yanaşı, dövlətimizin başçısının tapşırığına əsasən, işğaldan azad olunan ərazilərdə “Yaşıl enerji” zonasının yaradılması nəzərdə tutulub. Bu baxımdan alternativ və bərpaolunan enerji sahəsində iki ölkə arasında böyük əməkdaşlıq potensialı mövcuddur və Azərbaycan tərəfindən bu sahəyə də çinli investorlar dəvət edilib.
Vaqif BAYRAMOV
XQ