Ölkə iqtisadiyyatının dinamik inkişafında mühüm rol oynayan özəl sektora, o cümlədən kiçik və orta biznes subyektlərinə dövlət dəstəyi getdikcə gücləndirilir. Bazar iqtisadiyyatı yolu ilə inamla irəliləyən ölkəmizdə uzun illərdir ki, əlverişli biznes və investisiya mühiti hökm sürür. İndi biznes fəaliyyətinə başlamaq istəyən şəxslər özünü daha inamlı və güvənli hiss edirlər. Bunun nəticəsidir ki, son illər sosial-iqtisadi həyatın bütün sahələrində sahibkarlıq subyektlərinin sayı getdikcə artır. Artıq iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilmiş özəl sektor ümumi daxili məhsul istehsalında xüsusi pay sahibinə çevrilib.
Son 5 ildə Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin sayı 54 faiz artıb. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun dediyinə görə, hazırda ölkənin qeyri-neft sektorunu əhatə edən layihələrin əksəriyyəti məhz sahibkarların səyləri və onların vəsaitləri hesabına reallaşdırılır.
Qurum rəhbəri 25 aprel – Sahibkarlar Gününə həsr olunmuş tədbirdə bildirib ki, bu müddətdə KOB-ların qeyri-neft-qaz sektoru üzrə əlavə dəyərdə payı 23,5 faizdən 27,2 faizə yüksəlib. Onun sözlərinə görə, son 5 ildə kiçik və orta biznes subyektlərinin yaratdığı əlavə dəyər 74 faizdən çox artaraq, təqribən, 17,2 milyard manat təşkil edib. KOB-ların işçilərinin sayında da müsbət dinamikanın müşahidə olunduğunu vurğulayan O. Məmmədov deyib ki, hesabat dövründə bu göstərici 31 faiz artaraq 370 min nəfəri keçib.
Bu ilin birinci rübündə KOBİA tərəfindən kiçik və orta biznes subyektlərinə 152 biznes-planın hazırlanmasında dəstək göstərilib. Qurum, həmçinin 800-dən çox KOB subyetinin və sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin biznes biliklərinin artırılmasına kömək edib. Bununla yanaşı, yanvar-mart aylarında KOB subyektləri üçün 75 təlim keçirilib, 208 sahibkara məsləhət xidməti göstərilib.
Son illər ölkədə KOBİA-nın təsis etdiyi “Startap” şəhadətnaməsinə də maraq xeyli artıb. Bu da təsadüfi deyil. Çünki bu sənəd KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına görə, 2024-cü ilin yanvar–mart aylarında 26 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi üçün quruma müraciət edib. Agentlikdən bildiriblər ki, Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən ekspertlər şurası tərəfindən hesabat dövründə 16 mikro və kiçik sahibkara belə şəhadətnamələrin verilməsi barədə qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarlıq subyektlərin 11-i hüquqi, 5-i fiziki şəxsdir. Onlardan da 15-i mikro, 1-i isə kiçik sahibkarlıq subyektidir. “Startap” şəhadətnaməsi almış layihələr təhsil, ictimai-iaşə, İKT, sənaye kimi sahələrdə innovativ həlləri nəzərdə tutan onlayn platformaların, mobil tətbiqlərin yaradılması, müxtəlif cihaz və qurğuların istehsalını nəzərdə tutur. Ümumilikdə, ölkə üzrə indiyədək 139 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.
Azərbaycanda keçiriləcək COP29 və “Yaşıl Dünya Naminə Həmrəylik ili” tədbirləri fonunda biznesin “yaşıl” transformasiyası mühüm əhəmiyyət kəsb edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun dediyinə görə, 2024-cü il ərzində KOB-ların “yaşıl” iqtisadiyyatda rolunun artırılması məqsədlə yeni institusional təsisatın və təşviq mexanizmlərinin yaradılması üzrə təkliflər hazırlanacaq. “KOBİA, həmçinin Azərbaycanın biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyasının “Ekoloji, sosial və korporativ idarəetmə standartları” altqrupuna rəhbərlik edir. Sözügedən altqrup çərçivəsində fəaliyyətlər ətraf mühit məsələlərinin də geniş əhatə olunduğu Ətraf mühit, sosial və idarəetmə prinsiplərinin Azərbaycanda tətbiqinin təşviqini hədəfləyir”, – deyə O.Məmmədov əlavə edib.
Agentlik rəhbəri deyib ki, resurs baxımından səmərəli və qənaətli texnologiyaların tətbiqi, eləcə də “yaşıl” innovasiyaların biznes proseslərinə inteqrasiyası kiçik və orta biznes subyektlərinin xərclərinin optimallaşdırılmasına, məhsuldarlığının yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına böyük ölçüdə təsir göstərməklə yanaşı, istehsal prosesinin ətraf mühitin mühafizəsi standartlarına uyğunlaşdırılmasına, eləcə də “yaşıl” məhsulların istehsalı bizneslərin ixrac potensialının və maliyyə resurslarına çıxış imkanının artırılmasına xidmət edir.
Bir məqamı da qeyd edək ki, ölkəmizdə kiçik və orta sahibkarlığın stimullaşdırılması məqsədilə KOB evləri yaradılır. Artıq Bakı, Xaçmaz və Yevlax şəhərlərində KOB evləri fəaliyyət göstərir. Bu yaxınlarda isə daha bir KOB evinin Gəncə şəhərində fəaliyyətə başlaması nəzərdə tutulur. Məlumat üçün bildiririk ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölməsi olan KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin təqdim olunduğu vahid məkandır. Sahibkarlar bu məkana daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər, vergi və gömrük məsələləri, kommunal xidmətlər üçün müraciət ediblər. KOB evlərində, həmçinin biznes subyektlərinə investisiya təşviqi sənədləri də təqdim olunur. Qeyd edək ki, investisiya təşviqi sənədi hüquqi şəxslərə və fərdi sahibkarlara Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar 7 il müdətində mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ƏDV-dən və gömrük rüsumundan azad edilir. Ötən müddətdə ölkəmizdə sahibkarların 588 layihəsinə investisiya təşviqi sənədi verilib.
Mirbağır YAQUBZADƏ
XQ