Balaxanı Sənaye Parkında qablaşdırma zavodunun açılışı olub

post-img

“Təmiz Şəhər” ASC-nin təsərrüfat sahəsi olan Balaxanı Sənaye Parkında rezident kimi qeydiyyatdan keçərək fəaliyyət göstərən “ATAPACK” MMC-nin müasir standartlara cavab verən qablaşdırma zavodunun açılışı olub.

Bu barədə QSC-dən məlumat verilib.

Müxtəlif dövlət qurumlarının rəhbər şəxslərinin və ölkəmizdə fəaliyyət göstərən səfirlik əməkdaşlarının və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi nümayəndələrinin iştirak etdiyi mərasimdə qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən ölkədə təkrar istehsalı inkişaf etdirmək məqsədi daşıyan Balaxanı Sənaye Parkının yaradılması bu sahədə böyük dönüşə səbəb olub.

Diqqətə çatdırılıb ki, Balaxanı Sənaye Parkında qeydiyyatdan keçən 25 rezidentin ətraf mühitin mühafizəsinə, tullantıların azaldılmasına xidmət edən fəaliyyəti, eyni zamanda “yaşıl iqtisadiyyat”ın inkişafına da töhfə verir. Belə müəssisələrdən biri də “Atapack” MMC-dir. Qablaşdırma və “flekso” etiket istehsalı sahəsində fəaliyyət göstərən “Atapack” MMC 2018-ci ildə rezident kimi qeydiyyatdan keçərək Balaxanı Sənaye Parkında istehsal sahəsinə 7 milyon investisiya qoyub. Müasir avadanlıqları tətbiq etməklə istehsal imkanlarını genişləndirən müəssisədə 70 yeni iş yeri yaradılıb. “Atapack” MMC ölkədə əsasən su və qazlı içkilərin istehsalı ilə məşğul olan yerli, eləcə də qlobal şirkətlərin böyük bir qisminin etiketlərini istehsal edir. Yeni istifadəyə verilən istehsal sahəsi bu imkanları daha da artıracaq və müəssisə yerli bazarla yanaşı ixrac imkanlarını da genişləndirəcək. Balaxanı Sənaye Parkında fəaliyyət göstərən digər rezidentlər kimi “Atapack” MMC-nin də əsas prinsiplərindən biri tullantıları azaltmaq və istehsal prosesində ətraf mühitə təsiri minimuma endirməkdir.

Diqqətə çatdırılıb ki, bu müəssisədə böyük həcmdə tullantı kağızların təkrar istifadəsi və etiket kəsimindən sonra yaranan tullantıların təkrar emalı ətraf mühitin qorunmasına, xammala qənaət olunmasına xidmət edir. Açılış mərasimində o da vurğulanıb ki, ölkəmizin karbon emissiyası ilə bağlı götürdüyü qlobal öhdəliklər, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, eyni zamanda, COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi hər bir istehsalçıdan ətraf mühitə diqqətli yanaşmağı və minimum çirkəlndirən texnologiyalara üstünlük verməsini tələb edir.

Qeyd edək ki, Balaxanı Sənaye Parkında fəaliyyət göstərən istehsal müəssisələrində təkrar emal prosesi müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun həyata keçirilir. 2017-ci ildən 2023-cü ilin sonuna qədər 52 milyon manat investisiya qoyulan Balaxanı Sənaye Parkında ötən müddət ərzində tullantılardan istifadə edilərək 229 milyon manat dəyərində məhsul istehsal olunub. 1000 nəfərdən çox yeni iş yerinin yaradıldığı təsərrüfat sahəsində ümumi istehsalın 23 milyon manat həcmində olan hissəsi xarici ölkələrə ixrac edilib.















İqtisadiyyat