Ölkəmiz bu qlobal layihənin inkişafına sadiqlik nümayiş etdirir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına əsasən, Orta Dəhlizin inkişafı istiqamətində ölkəmiz bu gün dəniz, dəmir, avtomobil yolları, hava nəqliyyatı ilə bağlı genişmiqyaslı layihələr həyata keçirir. Bu isə uzunmüddətli strategiyanın nəticəsi olaraq respublikamızın nəqliyyat və logistika dəhlizinə çevrilməsini şərtləndirir.
İndiyədək görülən işlərə diqqət yetirsək deyə bilərik ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. 2017-ci ildə istifadəyə verilən və Orta Dəhliz vasitəsilə daşımalarda mühüm önəm daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılması üçün əlavə infrastruktur tədbirlərinin hazırlanmasına başlanılıb. Bundan əlavə, əsas dəmir və avtomobil yolları şəbəkələrinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini artıracaq növbəti mərhələnin tikintisi planlaşdırılıb.
Azərbaycanın beynəlxalq ticarət bazarında rolunun gücləndirilməsi məqsədilə, həmçinin Ələt Azad İqtisadi Zona (ƏAİZ) yaradılıb. Bu iqtisadi zonanın yaradılmasında əsas məqsəd yüksək gəlirli istehsal, ixrac fəaliyyəti və innovativ texnologiyalarla investorların cəlb edilməsi, iqtisadiyyatın dayanıqlı inkişafı və yeni iş yerlərinin yaradılmasına töhfə vermək olub.
Orta Dəhlizin səmərəli fəaliyyəti həm də güclü nəqliyyat infrastrukturu ilə bağlıdır. Ölkəmizdə bu istiqamətdə də mühüm layihələr həyata keçirilir. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin layihə hissəsində müvafiq işlər aparılır. Tikinti işləri başa çatdıqdan sonra dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artacağı gözlənilir.
Orta Dəhlizin tərkib hissəsi olacaq və Azərbaycanı qardaş Türkiyə ilə birləşdirəcək Qars-Naxçıvan dəmir yolu xəttinin tikintisi üzrə işlər də uğurla aparılır. Qeyd edək ki, nəzərdə tutulan dəmir yolu xəttinin uzunluğunun 224 kilometr təşkil edəcəyi planlaşdırılır. Türkiyə tərəfindən isə bu dəmir yolu xəttinin 5 il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.
Qarabağ bölgəsində işğalçıdan təmizlənən ərazilərdə Horadiz-Ağbənd dəmir və avtomobil yollarında tikinti işləri də davam etdirilir, sözügedən layihənin yaxın vaxtlarda başa çatdırılması gözlənilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin Qars-Naxçıvan (Osmanlı-Horadiz-Ağbənd-Naxçıvan-Qars) dəmir yolu ilə birləşdirilərək Azərbaycanın tranzit qovşağının formalaşmasında mühüm rol oynayacağı bildirilir.
Bundan əlavə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində Zəngilan rayonunun Ağbənd kəndi yaxınlığında avtomobil körpüsünün və sərhəd-gömrük infrastrukturunun tikintisinə başlanılıb.
Onu da xatırladaq ki, ötən il martın 17-də Azərbaycan–Rusiya sərhədində yenidən qurulan “Xanoba” buraxılış məntəqəsinin açılış mərasimi olub. Həmin keçid məntəqəsindən hər iki istiqamət üzrə 550-dən çox yük maşını, 1000-dən çox minik avtomobili, 30-dan çox avtobus və 5000-dək fiziki şəxsin keçəcəyi planlaşdırılıb.
Bundan əlavə, Orta Dəhlizə malların cəlb edilməsi və sabit dövriyyənin təmin olunması üçün də mühüm işlər görülüb ki, bunlara dövlət başçısının 23 noyabr 2023-cü il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” daxildir. Fəaliyyət Planı beynəlxalq yük daşımaları sahəsində bir sıra mühüm islahatları özündə ehtiva edir. Dəhlizin infrastrukturunun təkmilləşdirilməsi, özəl şirkətlər və prosesdə iştirak edən dövlət qurumları arasında koordinasiyanın müasirləşdirilməsi, prosedurların vahid rəqəmsal platformada tətbiqi, eləcə də normativ-hüquqi bazanın sadələşdirilməsi və beynəlxalq qaydalara uyğunlaşdırılması – bütün bunlar ölkəmizin Avrasiyada qitələrarası ticarət münasibətlərində mühüm nəqliyyat əlaqəsini təşkil edən strateji tərəfdaşa çevrilməsinə böyük töhfə verəcək.
Diqqətə çatdırılmalı məsələlərdən biri də nəqliyyat əməliyyatlarının rəqəmsallaşdırılması ilə bağlı addımların atılmasıdır. Bu istiqamətdə nəqliyyat və logistika sahəsində fəaliyyətin şəffaflığını və sadələşdirilməsini təşviq etməklə proqnozlaşdırmanın, o cümlədən “ağıllı” yüklərin idarə edilməsinin səmərəliliyini, operativliyini və keyfiyyətini artıracaq Rəqəmsal Nəqliyyat Logistika İnformasiya Sistemi hazırlanır. Bu sistem gələcəkdə hazırda bərpa və islahat prosesindən keçən Gömrük Xidmətinin “bir pəncərə” proqramının daxil edilməsini nəzərdə tutur.
Dövlət Gömrük Komitəsi proseslərin səmərəliliyinin və müasirliyinin artırılmasına yönəlmiş gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması təşəbbüslərini fəal şəkildə həyata keçirir.
Son olaraq qeyd edək ki, Azərbaycan qlobal nəqliyyat infrastrukturunun ayrılmaz elementi kimi çıxış edir və onun qlobal iqtisadiyyata təsirinin nə qədər vacib olduğunu bildirir. Ölkə nəqliyyat imkanlarını fəal şəkildə inkişaf etdirir, regionun əsas nəqliyyat mərkəzinə çevrilməyə çalışır ki, bu da nəticədə milli iqtisadiyyatın yüksəldilməsinə və beynəlxalq ticarətdə çəkisinin artmasına xidmət edəcək. Belə bir sürətli tərəqqi isə təkcə strateji coğrafi mövqe ilə deyil, həm də Azərbaycanın həyata keçirdiyi mühüm nəqliyyat layihələri ilə diqqət çəkir.
Vaqif BAYRAMOV
XQ