Son illər ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər qeyri-neft sektorunun inkişafını xeyli sürətləndirib. Bunun da nəticəsində ümumi daxili məhsulda, eləcə də ixracda sözügedən sahənin xüsusi çəkisi getdikcə artır. Hazırda Azərbaycanda qeyri-neft sektorunun prioritet sahələrindən olan turizmin inkişafına da xüsusi önəm verilir. Bu da təsadüfi deyil. Çünki ölkəmiz yüksək turizm potensialına görə daha çox diqqət çəkir. Elə bu səbəbdən də gəzinti və istirahət üçün Azərbaycanı seçən əcnəbi turistlərin sayı ildən-ilə artır.
Ölkəmizə gələn turistlər isə paytaxt Bakı ilə yanaşı, gözəl təbiəti, tarixi-memarlıq abidələri və müasir infrastrukturu olan regionlarımıza da səfər edirlər. Azərbaycanın zəngin turizm potensialını aqrar sahə ilə əlaqələndirmək məqsədilə həyata keçirilən tədbirlər rayon və kəndlərimizin turizm potensialının üzə çıxarılması üçün yeni imkanlar yaradır. Bu mühüm amili nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi artıq bir neçə ildir ki, tərəfdaş qurumlarla birgə “Şəhərdən kəndə” adlı aqrar turizm layihəsini həyata keçirir.
Nazirliyin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən bu layihə ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi və təsərrüfat sahibləri üçün əlavə gəlir imkanlarının yaradılmasına xidmət edir. Məlumat üçün bildirirk ki, sözügedən layihənin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.
“Şəhərdən kəndə” layihəsinin uğurları ildən-ilə artır. Bu baxımdan 2023-cü ildə də layihə çərçivəsində yaddaqalan tədbirlər həyata keçirilib, bölgələrdə aqroturizmin inkişafı istiqamətində bir sıra uğurlara imza atılıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, il ərzində Şabran, Qusar, Göygöl, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında, ümumilikdə, 33 təsərrüfatın qiymətləndirilməsi həyata keçirilib. Bununla yanaşı, İsmayıllı, Zaqatala, Göygöl, Şamaxı, Oğuz, Qax, Lənkəran və Astara rayonları üzrə 9 aqroturizm təsərrüfatında abadlaşdırma işləri yekunlaşdırılıb.
Yeri gəlmişkən, “Şəhərdən kəndə” adlı aqroturizm layihəsi fermerlər üçün istehsal etdikləri məhsulları nümayiş etdirmək baxımından əla fürsətdir. Belə ki, layihəyə qoşulan fermer və təsərrüfat sahibləri istehsal etdikləri kompot, mürəbbə, turşu, arıçılıq məhsulları, quru meyvələr və digər təbii, orqanik məhsulları bölgələrdə təşkil edilən stendlərdə nümayiş etdirməklə onların dequstasiyası və satışını həyata keçirmək imkanı qazanırlar.
Eyni zamanda, layihə ölkəmizdə aqroturizmin inkişafı, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılması baxımından önəmli tədbir kimi diqqət çəkir. Bunun nəticəsidir ki, layihəyə qoşulmaq istəyən fermerlərin sayı ildən-ilə artır.
Xatırladaq ki, layihədə iştirak üçün əsas meyar fəaliyyətlərində aqrar sahənin mövcudluğu, əraziyə qədər yolun rahatlığı, turistlər üçün istirahət imkanlarının müxtəlifliyi və təsərrüfat sahibinin turistlərlə rəftar baxımından malik olduğu şəxsi keyfiyyətləri nəzərə alınır. Eyni zamanda, əvvəl dəstək göstərilən “Lakeside Garden”, “Tofiqoğlu bal”, “Bio Garden”, “Bal Evi”, “EKO Zaqatala”, “Hope lake”, “Sitrus vadisi”, həmçinin Quba rayonunun Qımılqazma kəndində yerləşən təsərrüfatlarda təmirdən sonra monitorinqlər keçirilib. Monitorinqin nəticələrindən məlum olub ki, ötən il 2019-cu illə müqayisədə aqroturizm istiqamətində regionlara turist axını 5 dəfə artıb. Layihənin icrasına başlanıldığı ötən müddətdə isə təsərrüfatlara səfər edən turistlərin ümumi sayı 230 min nəfərə çatıb.
2023-cü ildə dəstək göstərilən təsərrüfatlar üzrə turistlər üçün 8 aqrotur yaradılıb, aqroturların satış şəbəkəsinin genişləndirilməsi məqsədilə 53 turizm şirkətinin nümayəndələri üçün infoturlar təşkil edilib. İl ərzində, həmçinin təsərrüfat sahiblərinin “Şəhərdən kəndə” layihəsi barədə məlumatlılığını artırmaq məqsədilə ölkənin şimal-qərb, qərb, cənub və aran regionlarında təqdimatlar keçirilib. Bundan əlavə, Göygöl, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax və Zaqatala rayonlarından olan 105 təsərrüfat sahibi aqroturizmlə bağlı keçirilən müxtəlif təlimlərə cəlb edilib. Aqroturizm təsərrüfatlarının tanıdılması məqsədilə fermerlərə media və marketinq dəstəkləri göstərilib, təsərrüfat sahələrində çəkilişlər aparılıb, mediatur və müsabiqələr təşkil edilib.
Ümumilikdə isə, ötən il layihə çərçivəsində 175 təsərrüfatdan 221 fermerə aqroturizmlə bağlı müxtəlif mövzularda təlimlər keçirilib. Təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət səviyyəsinin artırılması məqsədilə 22 təsərrüfatda abadlaşdırma işləri görülüb, müxtəlif avadanlıqlarla təmin edilib.
Mirbağır YAQUBZADƏ
XQ