COP29 – Azərbaycanın qlobal iqlim dəyişikliyinə töhfələri artır

post-img

Qlobal iqlim dəyişikliyi ilə müba­rizədə xüsusi fəallığı ilə seçilən Azərbaycan dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasının da əsas iştirakçılarındandır. Elə 2016-cı il aprelin 22-də Birləşmiş Millətlər Təş­kilatının Mənzil Qərargahında qurumun İqlim Dəyişmələri üzrə Çərçivə Konven­siyasının Paris Razılaşmasına imza atan 171 ölkədən birinin məhz Azərbaycan Respublikası olması da bunun bariz nümunəsidir. Paris sazişinə əsasən, ölkəmiz baza ili kimi müəyyənləşdirilən 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldıl­masına dair öhdəlik götürüb.

Eyni zamanda, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi in­kişafa dair beş milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühi­tin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatla­rından və dayanıqlı enerji mənbələ­rindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycanın təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi üçün isə imkanları yetərincədir. Belə ki, əlverişli coğrafi mövqeyi və iqlim şəraiti ilə seçilən ölkəmiz bərpaolu­nan enerji mənbələri ilə zəngindir. Mütəxəssilərin hesablamalarına görə, Azərbaycanın quru ərazisində 37 qiqavatlıq külək və günəş ener­jisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bü­tövlükdə isə, ölkəmizin bərpaolu­nan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymətləndirilir. 

Bütün bunlar Azərbaycanın dün­yanın etibarlı “yaşıl enerji” tərəfda­şı kimi mövqeyini gücləndirir. Elə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ölkəmizə həvalə edilməsi də bu inam və eti­bardan irəli gəlir. COP29-un Bakıda keçirilməsinə dair qərar son illər iq­lim problemləri ilə qlobal mübarizə­nin ön sıralarında olan ölkəmizin bu sahədə göstərdiyi uğurlu fəaliyyətə verilən beynəlxalq qiymətin təzahü­rüdür. Bununla yanaşı, dünya birli­yinin belə bir mötəbər beynəlxalq tədbirə ev sahibi kimi məhz Azər­baycanı seçməsi, həm də ölkəmi­zin son illər Cənubi Qafqaz regio­nunun iqtisadi, siyasi və humanitar mərkəzi rolunda çıxış etməsindən irəli gəlir. Yeri gəlmişkən. bu məqam Prezident İlham Əliyevin 2023-cü il dekabrın 25-də imzaladığı Azər­baycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərən­camında da öz əksini tapıb. “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfran­sının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qəra­rın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hör­mət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim də­yişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”, – deyə sənəddə qeyd olunub. 

Göründüyü kimi, BMT-nin İq­lim Dəyişmələri üzrə Çərçivə Kon­vensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azər­baycanda keçirilməsi ilə bağlı qərar xalqımız üçün olduqca qürurverici bir hadisədir. Bu tədbiri, həm də ölkəmizin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə bu missiyaya verilən dəyərin təsdiqidir.

Son illər Avropa İttifaqının eti­barlı enerji tərəfdaşı kimi ümidləri doğruldan və bir sıra mötəbər bey­nəlxalq tədbirlərin ünvanına çev­rilən Azərbaycanın COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının təşki­lini də ən yüksək səviyyədə həyata keçirəcəyi heç kimdə şübhə doğur­mur. Artıq 2024-cü ilin ilk günlərin­dən etibarən ölkəmizdə bu mötəbər beynəlxalq tədbirə, mühüm enerji platformasına hazırlıq işlərinə baş­lanılıb. Prezident İlham Əliyevin 13 və 19 yanvar tarixlərində imza­ladığı sərəncamlar bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Belə ki, sözügedən sənədlərə əsasən, Birləşmiş Millətlər Təşkilatının İq­lim Dəyişmələri üzrə Çərçivə Kon­vensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazi­şinin Tərəflər Görüşünün 6-cı ses­siyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb, komitə­nin sədri və üzvləri müəyyənləşdiri­lib. Prezident sərəncamına əsasən, Təşkilat Komitəsinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensi­yasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Proto­kolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiya­sının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlanıb həya­ta keçirilməsi və əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlərin görülməsi tapşırılıb. 

Artıq Təşkilat Komitəsi Prezident sərəncamından irəli gələn və­zifələrin icrası istiqamətində ilkin tədbirlərə start verib. Yanvarın 22-də Azərbaycan Respublika­sı Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən ilk iclasda COP29-un ən yüksək səviyyədə təşkili üçün bütün lazımi tədbirlərin görüləcəyi vurğulanıb. Toplantıda Azərbay­can Prezidentinin COP29-la bağlı tapşırıqların icrası istiqamətində görülmüş işlər barədə məlumat ve­rilib. Toplantıda ölkəmizin COP29-a hazırlıq prosesində dövlətlər, bey­nəlxalq təşkilatlar, beynəlxalq qey­ri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri, yerli və beynəlxalq media, digər tərəf müqabilləri ilə konstruktiv əməkdaşlığa və dialoqa hazır olduğu bildirilib. 

Yeri gəlmişkən, bəşəriyyətin qlo­bal iqlim dəyişikiliyi ilə mübarizənin yeni mərhələsinə qədəm qoyduğu indiki şəraitdə COP29-dan gözlən­tilər çoxdur. Belə ki, “yaşıl dünya” ilə bağlı bir sıra yeni prioritetlərin məhz Azərbaycan paytaxtında müəyyən­ləşdiriləcəyi gözlənilir ki, bu da qlo­bal iqlim dəyişikliyinə əhəmiyyətli töhfə sayılacaq. Eyni zamanda, uzun illərdir ki, dünya ölkələri qlobal istiləşmənin, karbon emissiyalarının təsirlərinin azaldılması, uyğunlaşma və iqlimin möhkəmləndirilməsi kimi müxtəlif sahələrin maliyyələşdiril­məsi ilə bağlı yekdil rəyə gələ bilmir­lər. Belə ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu problemin həlli üçün 100 milyard dollarlıq fond yaradacaqlarını bildirsələr də, məsələnin həlli düyünə düşüb. Eks­pertlərin fikrincə, COP29 bu düyü­nün açılmasına, iştirakçı ölkələrin maliyyə məsələsində razılığa gələ biləcəyinə böyük ümid bəsləyirlər. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat