BBC-də “Şvabe dramı” – AŞPA-nın “rüşvət qaydası” və ATƏT-ə qısqanclıq

post-img

Almaniyalı deputatın anti-Azərbaycan ritorikası və məntiqsizliyin görünməmiş həddi 

AŞPA-dakı Azərbaycan əleyhinə aparılan kampaniyanın müəllifi, ölkəmizin qurumdakı nümayəndə heyətinin fəaliyyətinin dayanması­nın baiskarı almaniyalı deputat Frank Şvabenin BBC-nin Azərbaycan xidmətinə müsahibəsində səsləndirdiyi fikirlər bir neçə cəhətdən maraqlıdır. Bu barədə söz açmazdan əvvəl bildirək ki, ümumən, mü­sahibə AŞPA-da götürülmüş anti-Azərbaycan xəttinə, bir növ, bəraət cəhdinə oxşayır. 

Şvabe çalışır ki, qurumun yanaş­masına hansısa formada haqq qa­zandırsın. Əlbəttə, bu, cəhd olaraq da qalır. Çünki almaniyalı parlamentari, necə deyərlər, köhnə havalardadır. Ancaq deputatın bildirdiklərində “ye­niliklər” də var və onlara nəzər sa­larkən, Avropanın və dünyanın özünü mütərəqqi adlandıran təşkilatlarındakı durumun son dərəcə acınacaqlı oldu­ğuna dair yetkin qənaət formalaşır. Düşünürük ki, bu qənaəti oxucuları­mız da bölüşəcək. Elə isə diqqət ye­tirək və görək cənab Şvabe nədən danışır. 

*** 

Beləliklə, F.Şvabeyə ünvanlan­mış ilk sual Azərbaycan nümayən­də heyətinin etimadnaməsinin qəbul edilməməsinin ölkəmizi öhdəliklərini yerinə yetirməyə və əməkdaşlığa nə dərəcədə məcbur edəcəyi ilə bağ­lıdır. Deputatın cavabındakı qərəz­yüklü məntiqsizlik ilk cümləsindəcə özünü göstərir. O bildirir ki, guya, Azərbaycanda insan haqları və qa­nunun aliliyi ilə bağlı vəziyyət pisdir. Ancaq, sən demə, hazırkı problem, konkret olaraq, ölkəmizin nümayən­də heyətinin qurumla əməkdaşlıq etmək istəməməsi ilə bağlı imiş. O zaman sual olunur: Şvabe nəyə görə birbaşa mətləbə keçmir? Yaxşı, tuta­lım, Azərbaycanda qeyd edilən para­metrlər baxımından vəziyyət pisdir. Görəsən, AŞPA-nın monitorinqləri du­rumu düzəldəcək gücdədirmi? İndiyə­dək qurumun bu kimi hansı tədbirləri səmərəli olub? AŞPA-nın təmsilçiləri mövcud istiqamətdə iş aparmaqla, hansısa pozitiv nəticələr əldə ediblər­mi? Yox!

Mahiyyətcə məqsəd Azərbaycana nədəsə kömək göstərmək olmayıb. Ümumən, Avro­pa Şurası hər zaman ölkəmizə münasibətdə qərəzli olub, sırf ikili standartlar prizmasın­dan yanaşıb. Elə Şvabenin Azərbaycanda insan hüquqları, qanunun aliliyi baxımından olan vəziyyəti “pis” qiymətləndirməsi də bu­nun təzahürüdür. Çünki ölkəmizdəki hazırkı durum belə deməyə əsas vermir... 

Guya, Ermənistanda vəziyyət ürəkaçan­dır? Necə olur ki, ölkə bütün reytinqlərdə hə­mişə Azərbaycanı qabaqlayır? Hazırkı Qərb-yönümlü Nikol Paşinyan hakimiyyətindən əvvəl də Ermənistanın adı insan hüquq və azadlıqlarına riayətlə bağlı bizdən ön sıralar­da idi. Oradakı xunta rejimi çoxmu demokra­tik idi? Necə oldu ki, bəşəri dəyərlərə hörmət nöqteyi-nəzərdən həmişə Azərbaycandan irə­lidə “sayılan” Ermənistanda xalq dözməyib inqilab elədi? Hər şey yaxşı idisə, hakimiyyət dəyişikliyinə nə ehtiyac var idi? 

...Şvabe və dostları Azərbaycana gəlib siyasi məhbuslarla görüşmək istəyibmişlər, guya, buna imkan verməmişik. Yəqin, siyasi məhbus dedikdə, Qarabağdakı separaçı reji­min keçmiş liderlərini nəzərdə tuturmuşlar. Şvabe kimilərdən nə desən gözləmək olar... Digər yandan, “siyasi məhbus” ifadəsinin özü də qərəzli münasibətin göstəricisidir. İl­lərdir Avropa Şurası və ona bənzər təşkilat­ların təmsilçilərinə çatmır ki, belə yanaşma yolverilməzdir. Onlar üçün Azərbaycan qa­nunvericiliyini pozaraq həbsə düşmüş şəxs anlayışı yoxdur. Qabaqlarına kim keçirsə, si­yasi məhbusa “çevirirlər”. Sonra da məsələni Azərbaycan əleyhinə kampaniya halına gəti­rirlər... 

***

Növbəti məqama keçid alaq. Azərbay­canda fevralın 7-də keçiriləcək prezident seç­kilərinə AŞPA-nın müşahidəçilərinin dəvət edilmədiyini iddia edən F.Şvabenin mövcud xüsusdakı müqayisəsi də primitivdir. Belə təəssürat yaranır ki, o, ATƏT-in təmsilçilə­rinin seçkiləri müşahidə etmək üçün dəvət olunmalarına qısqanclıqla yanaşır. Şvabenin təbirincə desək, seçkiləri müşahidəyə dəvət edilmə rəsmi Bakının istəyinə bağlı olan bir şey deyildisə, o zaman nəyə görə dəvət göz­lənilirdi? Bəlkə, alman deputat ayaqlarının altına xalça sərilməsini gözləyirmiş? 

Hər halda, seçkiləri müşahidənin də bəlli proseduru var və indiyədək yerinə yetirilib. Nəhayət, Azərbaycan nə üçün təşkilatlar ara­sında fərq qoysun? Guya, AŞPA-nın gəlib prosesi izləməsi nə isə fərqli durum ortaya çıxaracaq? Onsuz da seçki demokratik şəkil­də keçiriləcək. 

Ümumən, Şvabenin söylədiklərinin ha­mısında məntiqsizlik var. Bilmək olmur ki, onun təmsil etdiyi təşkilat Azərbaycan nümayəndə heyəti ilə bağlı qərar verərkən, konkret nəyi əsas götürüb. Almaniyalı parla­mentari, ümumən, indiyədək anti-Azərbay­cançı qüvvələrin dilə gətirdikləri şablonları təkrarlamaqdan başqa heç nə demir. Axırda da sanki prinsipiallıq nümayiş etdirir. Ola bilər, öz aləmində lütf etdiyini düşünür: “Əgər Azərbaycan bu təşkilatda ona hörmət edilməsini və nümayəndə heyətinin geri qa­yıtmasını istəyirsə, onlar əməkdaşlıq etməli­dirlər”.

***

Əlbəttə, ölkəmizə Şvabe kimilərin min­nətli münasibəti lazım deyil. Nəzərə alaq ki, ümumən Avropa Şurası kimi Fransa ne­okolonializminin alətinə çevrilmiş qurumun da ölkəmizə heç bir faydası yoxdur. Alman parlamentari bununla bağlı sualı da özünəxas ədabazlıqla cavablandırır. “Bəlkə də, Azər­baycan hökuməti üçün ölkədə insan haqları­nın vəziyyətini monitorinq edən beynəlxalq bir təşkilatda yer alması böyük əhəmiyyət da­şımır, ola bilsin onlar bunu istəmirlər, lakin rəsmi Bakı beynəlxalq təşkilatlardan kənarda qalmağı da istəmir”, – deyən Şvabe, niyəsə, ardınca İqlim Dəyişikliyi ilə bağlı COP29 sammitinin və Formula-1 yarışının Bakıda keçirilməsindən söz açır. Elə zənn edir ki, bu mötəbər hadisələrin Azərbaycanda reallaş­ması Bakını tutduğu prinsipial yoldan dön­dərməlidir. Nə əlaqə? 

Şvabe Avropada yalnız Rusiya, Belarus və Vatikanın AŞPA-da təmsil olunmadığını bildirərək, görüntü formalaşdırır ki, sanki, qurumda yer almamaq hansısa böyük fəlakət­dir. Əlbəttə, yanılır. Həm də ona görə yanılır ki, əslində, AŞPA-nın işi heç də yalnız insan hüquqları sahəsində monitorinq aparmaq­dan ibarət deyil. Halbuki, alman parlamen­tari bunu sanki ehkamlaşdırmaq yolu tutur. Görəsən, xoruz olmayanda, səhər açılmır? 

Üstəlik, Şvabenin dediklərindən anlaşıl­mır ki, onun Azərbaycan nümayəndə heyə­tinin pozduğunu iddia etdiyi qaydalar nədən ibarətdir. Haradasa yazılıbmı o qaydalar? Seçkidə müşahidəçilik qaydadır? Bunu da soruşaq: qayda pozuntusu AŞPA-nı deyil, ATƏT-i müşahidəçi kimi seçkilərə dəvət etməkdir? Hər halda, aşkardır ki, alman de­putatın dediklərinin heç bir prinsipial əsası yoxdur. 

Azərbaycan cəmiyyəti hər zaman bu fikirdə olub ki, beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar ölkəmizə həmişə öz maraqları prizmasından yanaşırlar. Buna görə onlara münasibətdə etimadsızlıq mühiti formalaşıb. F.Şvabe də BBC-yə müsahibə­sində təmsil olunduğu təşkilatın qeyri-sə­mimi davranışını nümayiş etdirir. Məsələn, BBC-nin müxbiri Azərbaycan hökumətinin Avropa Məhkəməsini tərk etmək qərarı verə­cəyi təqdirdə, bunun sadə azərbaycanlılara mənfi təsir göstərəcəyinə dair sual ünvanlayır və iddia edir ki, guya ölkəmizin məhkəmələ­ri ədalətsiz qərarlar verirlər və vətəndaşların ümidi Avropa Məhkəməsinədir.

Əvvəldə Şvabenin Azərbaycanda insan hüquqlarının pozulduğundan dəm vurduğunu açıqladıq. Əlbəttə, onun diqqətə çatdırdığı­mız suala cavabının nədən ibarət olduğunu tam şəkildə vurğulamağa lüzum görmürük. Qısaca deyək ki, alman parlamentari üçün də insan amili heç nədir. Ortada təzad yaranır. Bir halda ki, Azərbaycanda, Şvabenin təbi­rincə desək, insan hüquqları pozulur, əhali məhkəmə ədalətsizliyi ilə üzləşir, o zaman AŞPA nə üçün ölkə ilə ziddiyyətə gedir? Nəyə görə indiki acınacaqlı olduğu bildirilən durumda hansısa mücərrəd qaydalar uydu­rur? Bəs sadə azərbaycanlılar?

Bəli, Şvabe ona ünvanlanmış konkret su­ala cavabında yenə də qaydalardan danışır. Deməli, insan amilini nəzərə almır. Bu, bir daha onu göstərir ki, insan hüquq və azadlıq­ları mövzusu həm Şvabe, həm də onu ortaya atanlar üçün yalnız və yalnız manipulyasiya­dır, başqa heç nə. 

***

Məlum olduğu kimi, ukraynalı deputat Aleksey Qonçarenko Azərbaycan xüsusunda AŞPA-dakı parçalanmadan, ölkəmizin qu­rumu tərk etməsinin ancaq Rusiyanın işinə yarayacağından söz açmışdı. Onun dediklə­rindən belə nəticə çıxmışdı ki, tutalım, Azər­baycanda vəziyyət pisdir, ancaq, bu, yalnız indininmi söhbətidir? Qonçarenkonun fikir­ləri, həmçinin, onun “niyə indi” sualı onu deməyə əsas verir ki, AŞPA-nın ölkəmizlə ziddiyyəti başqa amillərlə bağlıdır. BBC də faktiki olaraq eyni sualı F.Şvabeyə ünvanla­yır. 

Şvabe isə cavab vermir, sanki qərəz püs­gürür. O deyir ki, “Azərbaycanda vəziyyət hər il, hər ay, hər həftə və hətta hər gün daha da pisləşir. İndi daha çox siyasi məhbus var və ölkədə demokratiyanın inkişafı üçün heç bir imkan qalmayıb. Son bir neçə ayda isə, deyərdim ki, vəziyyət daha da pisləşib”. Və belə bir adam AŞPA-da təmsil olunur. Ay­dındır ki, o, anti-Azərbaycan təbliğatı ilə “doldurulmuş” biridir. Görəsən, hansı hesab­lama ilə ölkəmizdə vəziyyətin hər gün daha çox pisləşdiyini müəyyənləşdirir? Bu adam, ümumən, nə danışdığının fərqindədir? Onun düşüncəsində canlandırdığı pisləşmə tezliyi ilə yanaşsaq, o zaman gərək bir aydan son­ra Azərbaycanda adam qalmasın, hamısı dar ağacından asılsın... 

Həqiqətən, alman parlamentarinin dəh­şətli yanaşması var. Ola bilər, oxuduğu kitab­lar nəticəsində Hitler Almaniyası dövrünün təsirindən çıxa bilmir. Bəlkə, özünün hansısa psixoloji sarsıntısı var. Avropa Parlamentinin iclasında narkotik maddə qəbul edən deputat ola bilirsə, heç bir şübhə yoxdur ki, AŞPA-da da beləsinin təmsilçiliyi mümkündür. Başqa nə düşünəsən?!

Əlqərəz, Şvabe suala cavabında bildi­rir ki, Azərbaycan hansı təşkilatları seçkiyə dəvət edəcəyini, hansıları dəvət etməyəcəyi­ni özü müəyyənləşdirə bilməz. Bu yanaşma da yolverilməzdir, yuxarıda əsaslandırdıq nə üçün. Üstəlik, belə deyim bütün etiket qayda­larının pozulmasıdır. 

Almaniyalı parlamentari onu da bildirir ki, seçkiyə saxta müşahidəçi təşkilatın dəvət edilməsi yetərli deyil. Həqiqətən, ilk baxış­dan, gülməli, əslində isə tragikomik vəziyyət yaranır. Görəsən, Şvabe Azərbaycanda seçki prosesini izləmək üçün gələn hansı təşkilatı saxta hesab edir?..

Siyasətçiyə yaraşmayan leksikonda da­nışan alman deputat iki seçki müşahidə mis­siyasının əsas götürüldüyünü vurğulayır –ATƏT-in və Avropa Şurasının. Ardınca isə deyir ki, Azərbaycan 2015-ci ildə Avropa Şu­rasının müşahidə missiyasını seçkini izləmə­si üçün ölkəyə dəvət etdi, lakin ATƏT seçkini izləyə bilmədi: “Niyə? Çünki onlar bilirdi ki, Avropa Şurasından seçkini izləməyə gəlmiş müşahidə missiyalarının çoxu Azərbaycan hökumətindən rüşvət alıb”.

F.Şvabe onu da bildirir ki, hazırda 2015-ci yox, 2024-cü ildir və guya, Azərbay­can indi Avropa Şurasından seçki ilə bağlı ciddi tənqidi hesabat alacağını bilir, ümid edir ki, ATƏT-in hesabatı o dərəcədə tənqidi olmayacaq. Görəsən, alman parlament üzvü bu fikri ilə nə demək istəyir? Belə çıxır ki, hazırda rüşvət almaq növbəsi ATƏT-indir? Hesab edirik ki, almaniyalı deputat nəin­ki Azərbaycanın, elə ATƏT-in də ünvanına son dərəcə ciddi ittiham səsləndirir. Dəhşətli durumdur. Belə mənzərə formalaşır ki, Şva­beni və AŞPA təmsilçilərini hiddətləndirən ATƏT nümayəndələrinin rüşvət ala bilməsi, onlara heç nəyin çatmamasıdır. Başqa nə dü­şünəsən?! 

Avropanın, o cümlədən, dünyanın mütərəqqi təşkilatları adına son dərəcə utancverici durum var. Hələ bu durumda Azərbaycanın adının rüşvətdə hallandırırl­ması kimi yaramazlığı bir kənara qoyuruq. Əsas məqam rüşvət almaq uğrunda müba­rizə təəssüratının mövcudluğudur. Budurmu Şvabenin haqqında ağızını köpüklədərək danışdığı oyun qaydaları? Azərbaycan bu qaydalarımı pozub?

Ancaq F.Şvabenin ittihamları bildirdik­lərimizlə yekunlaşmır. O, əməlli-başlı nağıl danışır və vurğulayır ki, ATƏT demokratik institutdur və hazırda Azərbaycan tərəfindən güclü təzyiq altındadır. Bu fikri dilə gətirən alman deputatın, hər halda, analiz verməsinə ciddi ehtiyac var. Bəlkə, müsahibə ərəfəsin­də xarab, vaxtı keçmiş hansısa məhsul qəbul edib, onda batulizm, yaxud ensefalit yaranıb. Adam, həqiqətən, yoxlanılmalıdır... 

Şvabe, guya, fikrinə aydınlıq gətirir və deyir: “Avropa Şurası və ATƏT arasında bir fərq var ki, ATƏT-in işləməsi üçün səs yekdilliyilə verilən qərarlara ehtiyac var. Azərbaycan, Rusiya və Türkiyə kimi ölkələr ATƏT-in zəif təşkilat olmasını istəyər. On­lar istəyir ki, ATƏT-in etimadını zəiflətməyə çalışsın. Lakin Avropa Şurasına qarşı bunu etmək olduqca çətindir, çünki biz qərarların əksəriyyətini majoritar prinsiplə, yəni çoxlu­ğun nəyi dəstəkləməsinə əsasən veririk. Bu cür vəziyyətlərdə biz daha yaxşı işləyirik və biz bu metodu istifadə etmək niyyətindəyik. Azərbaycan tərəfi isə bu iki təşkilatı bir-bi­rinə qarşı qoymaq üçün oyun oynamağa ça­lışır”.

BBC-nin Azərbaycan xidmətinə müsahi­bəsi ərəfəsində Şvabe hansısa maddə qəbul edərək, özündən biixtiyar halı pisləşməyibsə və bu durum onun nitqinə mənfi təsir göstər­məyibsə, o zaman onu indidən cəmi iyirmi üç ilini yaşadığımız XXI əsrin siyasi konsprio­logiya nəzəriyyəsinin ən görkəmli nümayən­dəsi saymaq mümkündür. Ümid edək ki, alman deputatın səhhəti qaydasındadır. Əks halda, yalnız bizim yox, elə AŞPA-dakıların özlərinin də işi çox çətin olacaq. 

Bu adam, loru dildə desək, danışdıqca batır. Üstəlik, özü ilə birlikdə təmsil olundu­ğu qurumu da, sözün əsil mənasında, batırır. O, sanki diplomat deyil, cığal uşaqdır və bu cığal məntiqlə təkcə Azərbaycanı deyil, elə ATƏT-i də birbaşa hədəfə alır. Diqqət yetirək necə: “ATƏT-in Azərbaycana getməsindən məmnun deyiləm, çünki bizim razılaşmamız var ki, hər hansı ölkənin bizdən bir-birimizə qarşı istifadə etməsinə imkan verməyəcəyik. Yəni ya biz birlikdə çağrılırıq, ya da heç bi­rimiz həmin ölkəyə getmirik. Mən ATƏT-dən bunu istəyirəm”.

Sonda əvvəldə vurğuladığımız fikrə qa­yıdaq. Bəli, F.Şvabenin müsahibəsinə nəzər yetirəndə, istər-istəməz, belə bir qənaət for­malaşır: bu təfəkkür və düşüncə tərzinə malik şəxsi və onun təmsil etdiyi təşkilatı, prezident seçkisi kimi taleyüklü prosesə deyil, heç adi ictimai birliyə keçirilən seçkilərə də dəvət et­mək olmaz. Çünki o, Avropanın və dünyanın özünü mütərəqqi sayan təşkilatlarındakı böh­ranın ən bariz göstəricisidir. Şvebeyə bənzər söz sahibləri AŞPA-da, elə Almaniya Parla­mentinin özündə təmsil olunurlarsa, deməli, böhran özünün pik həddindədir. Güman edi­rik ki, əlavə şərhə ehtiyac yoxdur. 

Əvəz CAHANGİROĞLU
XQ



Siyasət