“3+3”: Cənubi Qafqazın geosiyasi xilas formulu

post-img

I məqalə 

 

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü

Hüseyn CAVİD

Regionun geosiyasi turbulentliyi 

Hazırda geosiyasi region kimi Cə­nubi Qafqaz ətrafında, elə proseslər gedir ki, təhlükəsizlik, sülh və əmək­daşlıq aspektlərində çox həssas mənzərə meydana çıxır. Hadisələrin dinamikası, faktiki olaraq, “geosiyasi turbulent” durumundan xəbər verir. Təhlilçilər və ekspertlər onun müxtə­lif aspektləri haqqında fikir bildirirlər. Siyasilər isə addımları ilə yaranmış situasiyaya müdaxilə edib, onu öz xeyirlərinə dəyişməyə cəhdlər göstə­rirlər. Regionun taleyi bu çəkişmələ­rin “ortasında qalmış” kimi görünür. 

Bölgədə yaşayan bütün xalqlar üçün isə əsas problem belədir: necə etməli ki, Cənubi Qafqaz bir daha fə­lakətlər görməsin? Onu pozucu, da­ğıdıcı, yıxıcı və parçalayıcı geosiyasi tendensiyaların əlindən necə almalı? Böyük geosiyasi güclər burada hansı rolu oynamalıdır? Suallara cavabla­rın tapılması aktualdır. Çünki kons­truktiv cavablar milyonlarla insanın həyatını xilas etmək, əsrlərdir davam edən və regionu bürüyən “geosiyasi psixoz” vəziyyətini aradan qaldırmaq imkanı yaranacaq. 

Real vəziyyətə regiondan qısa baxış 

Bəli, hazırda regional geosiya­si durum ürəkaçan deyil. Onun iki qaynağının olduğunu düşünürük. Bi­rincisi, bölgədə yerləşən dövlətlərin səmimi və müasir dövrün çağırışları­na uyğun geosiyasi mövqeyi forma­laşmayıb. Bu, baxımdan Ermənista­nı misal çəkmək mümkündür. Rəsmi İrəvanın son bəyanatlarından biri belədir: Ermənistanın indiyə qədər müəyyən etdiyi müttəfiqliq formulu boşa çıxdı. Ona yeni müttəfiqlər la­zımdır! 

Bəyanat regionun taleyi baxımın­dan həyəcanverici fikirlər yaradır. Belə məlum olur ki, rəsmi İrəvan in­diyədək etdiklərinin doğru olmadığını anlayır. Lakin o da faktdır ki, atdığı addımın hər birində özünün demok­ratikliyini, konstruktivliyini, tarixi re­allığa əsaslandığını ucadan bəyan edir. Deməli, özünü yalançılıqda, si­tuasiyanı doğru-düzgün təhlil etmək qabiliyyətində olmamaqda ittiham edir. Bir sual da meydana çıxır: Han­sısa dövlətin qısa müddətdə qey­ri-səmimi, naşı siyasət və konstruktiv olmayan geosiyasi mövqeyinin də­yişməsi faktı varmı?

Suala müsbət cavab vermək çox çətindir. Lakin Ermənistanın regionda qondarılmasın­dan sonrakı təcrübə göstərir ki, məsələ rəsmi İrəvanın səmimiyyətə və reallığa qayıtmasın­da deyil. Yəni, yuxarıda ifadə edilən mövqe tərəddüdün, özünə yeni ağalar axtarmağın ifa­dəsidir. Çünki Ermənistan ilk cümləni doğru deyə bilər. Məsələn, “danışıqlar Azərbaycanla Ermənistan arasında birbaşa getsin” söyləyər, ancaq ikinci cümlə “amma və lakin”lə baş­layar. Adətən belə olur. Başqa sözlə desək, İrəvanın atdığı addımların regional sülhə və barışa çalışdığına çox ciddi şübhələr yaradır. Məsələn, Ermənistan bir tərəfdən Azərbay­canla danışıq aparır, o biri yandan regionun və özünün deyil, kənarda olan qüvvələrin ma­raqlarına uyğun davranır. Bunun konkret nü­munəsi Avropa İttifaqının “mülki missiyası” adı altında keçmiş təxribatçı, diversionist hərb-çiləri Azərbaycanla sərhəddə yerləşdirməyə razılıq verməsidir. Hələ erməni iqtidarı Bakıya böhtan atmaqdan da çəkinmir və bəyan edir ki, guya, Azərbaycan Ermənistanın ərazi bütövlü­yünü pozacaq. 

Bəli, Ermənistan belə bir uydurma itti­hamın fonunda silahlanmağa başlayır. Hin­distandan, Fransadan və ənənəvi olaraq, Ru­siyadan yeni silahlar alır və ara-sıra onlardan Azərbaycana qarşı istifadə edir. Bu, səmimi geosiyasi mövqedirmi? Əlbəttə ki, yox! Və bu primitiv hiyləgərliyi çox gözəl anlayan si­yasi liderlər var. Onlar sözə deyil, təcrübəyə və erməni hiyləgərliyinin semantik, məntiqi və məzmun sərhədlərinə görə cavab addım­ları atırlar. 

Deməli, rəsmi İrəvanın yuxarıdakı etira­fı, əslində, regionda geosiyasi qeyri-müəy­yənliyin başqa trendə çıxarılması cəhdindən başqa bir şey deyil. Bu isə təhlükəlidir. Eyni zamanda, bu cür qeyri-konstruktiv və parça­layıcı mövqe bir sıra böyük güclərin regional siyasətindəki əsas məqamlarda kəsişir. Nəti­cədə regional vəziyyət baxımından digər fak­tor aktuallaşır. 

Böyük geosiyasi güclərin riskli trekləri

Bəli, region üçün ikinci geosiyasi təhlükə bir sıra böyük dövlətlərin Cənubi Qafqaza ənənəvi konfrontasiya geosiyasəti prizma­sından yanaşması ilə bağlıdır. Burada ilk növbədə, Qərbin (ABŞ+Avropa İttifaqının güclü dövlətləri, ilk növbədə, Fransa və Al­maniya – red.) fəaliyyətini vurğulamaq lazım gəlir. Qərb son dövrlər regiona qarşı nə qədər qərəzli olduğunu açıq nümayiş etdirir. ABŞ və Fransa xüsusi canfəşanlıqla, dövlət kimi Er­mənistanın və əhali kimi ermənilərin yanında olduğunu nümayiş etdirir. Ölkələr bu zaman iki üsuldan faydalanmağa çalışırlar. Üsul­lardan biri öz rəsmi dairələrinin diplomatik imkanlarından birbaşa təsir və təzyiq vasitəsi kimi istifadədir. Məsələn, biri çıxır Azərbay­canı qondarma nədəsə ittiham edir. Bunun nümunəsi kimi ABŞ Dövlət Departamenti rəhbərinin köməkçisi Ceyms Obraynı, Alma­niyanın xarici işlər naziri Anna Lena Mayeri, Avropa İttifaqının Cənubi Qafqaz üzrə təm­silçisi Tovio Klaarı və başqalarını göstərmək olar. Təsəvvür edin, Almaniya kimi böyük bir dövlətin xarici işlər naziri etiraf etmək istəmir ki, Ermənistandan və Qarabağdan deportasi­ya olunmuş, minbir əziyyətlər verilmiş, inci­dilmiş, hüquqları tapdanmış milyondan çox azərbaycanlı var və onların da hüquqlarının təminatı qaçılmazdır. Bakıda bununla bağlı verilən suallara avropalı diplomatın necə zəif, əsassız və müti cavablar vermyə çalışdığını izləmək, doğrudan da, insanlıq adına utanc­verici idi. 

Lakin bu məqam onun göstəricisidir ki, Avropada ədalət və hüquq anlayışları çox yayğın məzmuna malikdir, çünki əsas qay­nağı qitənin öz maraqlarını təmin etməsi ilə bağlıdır. Tarix bunu ədalət kimi “qeydə al­mır”! Bədəlini isə milyonlarla günahsız insan ödəyir! Fikrimizin təsdiqi kimi I və II Dünya müharibələrinin məhz Avropadan başladığını göstərə bilərik. 

I Dünya müharibəsini stimullaşdıran si­yasilər sırasında Almaniyaya 1919–1925-ci illərdə başçılıq etmiş Fridrix Ebert də var idi. İndi bu siyasətçinin adına fond yaradıb insan­lıqdan, hüquqdan və yardımlaşmadan danışır­lar. II Dünya savaşının “əsas qəhrəmanı” da hamıya məlumdur: Adolf Hitler! Bu faktları yada salanda, Almaniyanın indiki kansleri və xarici işlər nazirinin ənənəni pozmadıqlarını görürük. Kansler O.Şolts da Azərbaycanı er­mənilərə qarşı zorakılıqda, onların hərəkətlə­rini məhdudlaşdırmaqda ittiham etmişdi. 

Fransa isə ayrıca bir saxtakarlıq, qeyri-sə­mimilik və dağıdıcılıq nümunəsidir. Onun prezidenti daxil olmaqla, siyasi elitası Cənubi Qafqazda çox riskli və təhlükəli addımlar atır. E.Makronun regionla bağlı son bəyanatında “Ermənistana münasibətdə tarixi seçim et­mişik və yerimizi möhkəmləndirmişik” kimi ifadə var. Ekspertlər vurğulayırlar ki, Makron “bu tarixi seçimin” nədən ibarət olduğunu və Fransanın regionda “yerini möhkəmlətməsi”­nin konkret nədə ifadə olunduğunu açıqlama­ğa ehtiyac görməyib. Əlbəttə, ehtiyac yoxdur, çünki real faktlar hər şeyi deyir. Rəsmi Parisi regional sülh, barış, əməkdaşlıq deyil, özünün xəbis geosiyasi mənafeyi maraqlandırır. Bu­rada Ermənistan adi və keçici bir maşadır. İs­tifadə edib kənara atılacaq maşa. Ancaq yenə də əziyyət çəkən, ziyan görən sadə region xalqlarıdır.

Qərbin regiona geosiyasi münasibəti bu xətlə məhdudlaşmır. Onun bir sıra dövlətlə­rinin rəsmiləri ancaq Ermənistana səfər edir və sonra geri qayıdıb, bütövlükdə, regional vəziyyətlə bağlı fikir bildirirlər. Bu, o demək­dir ki, həmin rəsmi şəxslər öz dövlətlərinin tapşırıqları ilə rəsmi İrəvanın dilində danış­mağa üstünlük verirlər. Ermənistan nəyi təh­lükə hesab edirsə, onu deyirlər. Qərb bu işdə beynəlxalq təşkilatlardan aktiv istifadə edir və dünyanın adından danışır. Həmin aspekt-də daha çox fəallıq göstərən Avropa Şurası və AŞPA-dır. Avropa İttifaqının müxtəlif ko­mitələri də kölgədə qalmırlar. Bununla da sis­temli bir şəkildə regiona qarşı haqsız, əsassız və təhlükəli davranışlar “axını yaranır”! Belə görünür, durumun tarixi məsuliyyətini anla­mayanlar yeni fəlakətlər törətməkdən çəkin­məyəcəklər! Onlar ağıllarınca, digər tərəfin mövqeyini nəzərə almağa ehtiyacın olmadı­ğını düşünürlər. Hesab edirlər ki, əsas Qərbin maraqlarıdır və Erməistanın qul psixologiyası ilə onlara “hürrey” deməsidir. 

Lakin Ulu öndər Heydər Əliyevin öyrət­diyi kimi, “tarix çətin imtahançıdır” və o, “hər şeyi öz yerinə qoyur”! Həm də Azərbaycan, kifayət qədər, müstəqil və güclüdür. Bu kimi diplomatik hoqqabazlığa lazımi səviyyə və təsirdə cavab verir. Ancaq zaman itirilir. Rəs­mi Bakının səmimi və ciddi konstruktiv tək­liflərinin reallaşması ləngiyir. Meydana yeni risklər və regional qeyri-müəyyənliklər çıxır. 

Qərbin digər təhlükəli davranışı regiona yaxın böyük dövlətlərə qarşı qərəzli mövqe tutması ilə bağlıdır. ABŞ və Avropa İttifaqı, faktiki olaraq, başda Rusiya olmaqla, Türkiyə və İran əleyhinədir. Onlar hesab edirlər ki, Avropa və Amerika Cənubi Qafqaza coğrafi baxımdan uzaq olmasına baxmayaraq, möv­cud platformada, ilk növbədə, onların maraq­ları təmin edilməlidir. Bu isə bəri başdan real regional konfrontasiya deməkdir. Kimin haqlı olması ayrı mövzudur. Məsələ ondan ibarət­dir ki, bir-biri ilə konstruktiv münasibətlər qurmağa imkan verən formul, müstəvi olma­dıqca, bu böyük güclərin arasında toqquşma­lar yaşanacaq. Hər bir güclü dövlət yalnız öz maraqlarını düşünüb, başqasını inkar etməklə, intriqadan başqa heç nəyə nail ola bilməyə­cək. Regiondakı indiki vəziyyət də bunu bir daha təsdiqləyir. 

Digər güclər və xilas formulu

Qərbin fəaliyyəti fonunda ayrı-ayrılıq­da Rusiya və İranın mövqeyi də müəmmalı və nəticəsi olmayan fəaliyyət təsiri bağışla­yır. Rəsmi Moskva əsas olaraq Qərbi sözdə ittiham edir və paralel olaraq Ermənistanı hədələyir. Onun hansısa real konstruktiv yeni təklifi gözə dəymir. Kreml 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra tutarlı müsbət addım atmayıb. Buna baxma­yaraq, rəsmi Moskva Azərbaycanın təklif etdiyi regional əməkdaşlıq və təhlükəsizlik formulunu (“3+3”) dəstəkləyir, “Zəngəzur dəhlizi”nin açılmasına pozitiv yanaşır. Bu­nunla da Qərbdən fərqli olaraq geosiyasi as­pektdə xeyli konstruktiv görünür. 

İran isə bir qədər passiv və xeyli dərəcədə ermənipərəst mövqe nümayiş etdirir. Rəsmi Tehran daim iki “qırmızı xət”dən danışır. Bi­rinci, regiona kənar qüvvələr müdaxilə etmə­sin (burada başlıca olaraq ABŞ, İsrail və Av­ropa ölklərini nəzərdə tutur). İkinci “qırmızı xətt” Ermənistanın ərazi bütövlüyü və “min illərdir mövcud olan kommunikasiya yolu”­nun kəsilməməsi (?) ilə bağlıdır. Bu “min il” məsələsinin absurdluğunu bir kənara qoyaq. Ancaq regional işlərə başqa qüvvələrin qarış­maması tələbi Cənubi Qafqazda davamlı sülh və əməkdaşlığın yeni formulu baxımından əhəmiyyətlidir. 

Nəhayət, böyük güclərdən Türkiyə Cənu­bi Qafqaz məsələsində obyektiv və sülhsevər mövqe tutan yeganə dövlətdir! Türkiyə real olaraq öz maraqlarını Azərbaycan–Türkiyə birliyi çərçivəsində görür. Rəsmi Ankara II Qarabağ savaşından sonra Cənubi Qafqazda yaranmış postmüharibə mərhələsində Azər­baycanın apardığı geosiyasi xətti doğru sayır və hər kəsin ona uyğun davranmasını tələb edir. Tarixi təcrübə və müasir geosiyasi reallıq baxımından tamamilə düzgün mövqedir və onun davam etməsi mütləq lazımdır.

Aparılan qısa təhlili müqayisələr göstərir ki, Cənubi Qafqazı region olaraq ziddiyyətlər­dən, risklərdən xilas etmək üçün konstruktiv, faydalı və əməkdaşlığa istiqamətlənmiş plat­forma-formul lazımdır. Bu formul artıq möv­cuddur. O, “3+3” təhlükəsizlik və əməkdaşlıq platformasıdır. Regionda olan və burada sülhü səmimi arzulayan hər bir güc bunu nəzərə al­malıdır. “3+3” formulunun əsas geosiyasi və təhlükəsizlik ideyası nədən ibarətdir?

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki



Siyasət