Azərbaycanın xarici dövlət borcu 212 milyon dollardan çox azalıb
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün qarşıya bir sıra mühüm vəzifələr qoyulub. Həmin məqsədlər sırasında yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmasına xüsusi yer verilib. Bundan başqa sənəddə şaxələnmiş iqtisadiyyatın dayanıqlılığı üçün qeyri-neft sektorunun payının, eləcə də dövlətin valyuta ehtiyatlarının artırılması, intizamlı borclanmanın təşkil edilməsi kimi mühüm əhəmiyyətli istiqamətlər vurğulanıb. Milli Prioritetlərdə bütün bunların reallaşdırılması üçün xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması məqsədilə Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payının tədricən azaldılması, məcmu borcun makroiqtisadi sabitliyə, o cümlədən dövlət büdcəsinin sabitliyinin gerçəkləşdirilməsi zəruriliyi bildirilib.
Milli Prioritetlərdə olduğu kimi, digər sənədlərdə də bildirilir ki, daxili borcun idarə edilməsi ölkədə maliyyə bazarlarının inkişafını dəstəkləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunmalı, dövlət şirkətlərinin borclanmalarına nəzarət gücləndirilməli və bu əsaslarda dövlət və kvazi–dövlət borcunun idarəedilməsi təşkil olunmalıdır.
Bütün bunlar nəzərə alınaraq ölkədə son illərdə istər daxili, istərsə də xarici borcun qarşılanması üçün makroiqtisadi sabitliyin qorunması, qiymətlərin aşağı və sabit olması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Bu sahədə idarəetmənin institusional çərçivəsi təkmilləşdirilib və maliyyə bazarlarının səmərəli fəaliyyəti təmin edilib. Belə bir şəraitdə isə iqtisadi proqnozlar özünü doğruldub, ən başlıcası isə əhalinin yığımları dəyərsizləşmədən xilas olunub və investisiya arımı reallaşıb.
Hazırda da daxili və xarici borcların qarşılanmasına prioritet istiqamət kimi yanaşılır. Məsələn, kapital və sığorta bazarının inkişafının sürətləndirilməsi, milli bank sektorunun dayanıqlığının təmin olunması, ona olan etimadın daha da yüksəlməsi, real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payının artırılması və sahibkarlıq fəaliyyətinin inkişafının diqqətdə saxlanılması kimi layihələrə xüsusi önəm verilir.
Qeyd edək ki, son illərdə bank kreditlərinin sahibkarlıq fəaliyyəti üçün əlçatanlığını təmin edəcək real işlək mexanizmlər hərəkətə gətirilib, bank kreditlərinin təminatı məsələlərində bürokratik əngəllər aradan qaldırılıb. Bütün bunlarla yanaşı, ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması sahəsində bir sıra uğurlar əldə edilib. Eyni zamanda, dövlət investisiyalarının və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsi yüksəldilib, bu sahədə şəffaflıq səviyyəsi artırılıb.
Ölkədə daxili və xarici borcların qarşılanmasından bəhs edərkən, bir məsələni də xatırlatmaq istərdik. Belə ki, son illər respublikamızın daxili və xarici dövlət borcunun idarə edilməsi istiqamətində ölkə başçısının rəhbərliyi ilə davamlı tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılıb. Bu sənədlərdə dövlət borcalmaları üzrə müəyyənləşdirilən strateji hədəflərə çatmaq üçün bir sıra prioritet layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin 4 avqust 2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bir sıra dəyişikliklər edilməsi də məhz bu məqsəddən irəli gəlib. Həmin strategiyanın “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə” bəndi üzrə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faiz, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi qərara alınıb.
Yeni dəyişikliyə əsasən, 2025-ci ilin sonuna xarici dövlət borcunun 7,1 milyard ABŞ dolları məbləğində, yəni ÜDM-in 10,7 faizi həcmində olması gözlənir. Bununla belə, mövcud xarici dövlət borcunun qaytarılması, eləcə də ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi səbəbindən bu göstəricilərin dəyişəcəyi də istisna edilmir. Maliyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü il dekabrın 31-nə xarici dövlət borcu 6 milyard 481 milyon ABŞ dolları və ya ÜDM-in 9 faizini təşkil edib.
Beləliklə, 2023-cü il yanvarın 1-nə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə 212,5 milyon ABŞ dolları (361,2 milyon manat) və ya 3,2 faiz azalıb.
Yeri gəlmişkən, rəsmi proqnozlarda 2024-2027-ci illərdə xarici dövlət borcunun 8 milyard 899 milyon manat (5 milyard 235 milyon dollar) və ya ÜDM-in 7,5 faizi həcmində, daxili dövlət borcunun isə 2024-cü ilin sonuna 18 milyard 779,4 milyon manat və ya ÜDM-in 15,9 faizi həcmində olacağı gözlənilir.
Gələn ilin sonuna isə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 27 milyard 678 milyon manat səviyyəsində olacağı proqnozlaşdırılır.
Vaqif BAYRAMOV
XQ

