“Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin operatoru olan BP şirkəti yanvarın 20-də AÇG yatağında yeni 4 ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlayıb. Bu layihə tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından şirkətin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramı olacaq.
AÇG yatağının hazırkı məhsuldar layları olan Balaxanı və Fasilə dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadratkilometr, qəbuledicilərin altında isə 507 kvadratkilometrlik bir ərazini əhatə edəcək. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə 5 il (2024-2028) olacağı planlaşdırılır.
Qeyd edək ki, bu uzunmüddətli proqramın planlanmasına ötən il başlanılıb. Proqram çərçivəsində dənizdibi qovşaqlardan, həmçinin bir qoşa mənbəli gəmidən (“Murovdağ”) və bir qovşaq gəmisindən (“Quba”) istifadə etməklə 5 il ərzində beş monitorinqin aparılması nəzərdə tutulur.
BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezidenti Roşni Musai bu mühüm hadisəni şərh edərkən deyib: “AÇG BP-nin əməliyyatçısı olduğu ən böyük neft yatağıdır. O həm bizim üçün, həm də Azərbaycan və tərəfdaşlarımız üçün çox əhəmiyyətlidir. Bu genişmiqyaslı seysmik tədqiqat proqramını həyata keçirməkdə məqsədimiz yatağın arxitekturası və maye kontaktının (fazalararası təmasın) dinamikası barədə ətraflı məlumat əldə etməkdir. Ümid edirik ki, bu proqram üçün istifadə ediləcək ən müasir 4D texnologiyası yataq haqqında yeni və daha dərin məlumatlar əldə etməyimizə imkan verəcək”. Onun sözlərinə görə, bu proqram gələcəkdə quyularda gözlənilməz halları minimuma endirmək və növbəti onilliklər ərzində yatağın neftvermə əmsalını maksimuma çatdırmaq üçün həll yolları müəyyənləşdirməyə kömək edəcək.
Xatırladaq ki, sözügedən proqram “Caspian Geo LLC”şirkəti tərəfindən yerinə yetiriləcək.
XQ

