Seçkilərin mütəşəkkil və insidentsiz keçirilməsində maarifləndirmə proqramlarının rolu böyükdür. Məhz bu məqsədlə növbədənkənar seçkilərə hazırlıq işləri başlanan vaxtdan indiyədək maarifləndirmə çərçivəsində tədbirlər davam etdirilir. MSK tərəfindən təşkil edilmiş, gündə iki dəfə olmaqla keçirilən treninqləri qurumun kurslarında təcrübə toplamış trenerlər həyata keçirir. Respublikamızın, demək olar ki, bütün ərazilərində aşağı seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunublar. Balakənli komissiya üzvləri də təlimlərdə iştirak edirlər.
Rayonda növbədənkənar prezident seçkilərinə ciddi hazırlıq işləri davam edir. Aşağı seçki komissiyalarının 264 üzvü maarifləndirmə proqramı çərçivəsində keçirilən təlimlərdə iştirak edir. Artıq bəzi komissiya üzvləri üçün maarifləndirici seminar-treninqlər başa çatıb.
Dairə seçki komissiyasından qəzetimizə verilən məlumata görə, yanvarın 17-də başlanan və 4 gün davam edən treninqlərdə 44 seçki məntəqəsinin üzvləri iştirak ediblər. Onlar müxtəlif metodiki və əyani vəsaitlərdən istifadə edilməklə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, protokolların doldurulması da daxil olmaqla, bütün prosedurlar barədə ətraflı məlumat alıblar. Treninqlərdə, həmçinin məntəqə seçki komissiyaları üzvlərinin rolu və vəzifələri, seçki bülletenlərinin təsnifatı və digər zəruri məsələlər barəsində məlumat verilir.
Treninqlərdə iştirak edən məntəqə seçki komissiyaları üzvləri onların peşəkarlıq səviyyəsinin artırılmasından, seçkilər sahəsində bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsindən razılıq edirlər.
Əliqismət BƏDƏLOV
XQ

