Dünya Bankı ilə əməkdaşlıq genişlənir

post-img

Dünən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun Davamlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahba ilə görüşüb. Tədbirdə Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsi təqdim edilib. 

Görüşdə yaşıl və dayanıqlı şəhərlər, rəqəmsallaş­ma, gəmiqayırma sənayesinin inkişafı, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, məşğulluğa dəstək və digər layihələr barədə məlumat verilib.

Dünya Bankının Azərbaycanla əlaqələrindən məm­nunluğunu ifadə edən regional direktor əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsi­nin tərəfdaşlığı gücləndirəcəyini diqqətə çatdırıb. O, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı təbriklərini çatdırıb, təşkilatın bununla bağlı ölkəmizə dəstək göstərməyə ha­zır olduğunu bildirib.

Görüşdə Azərbaycan və Dünya Bankı arasında iş­birliyinin müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, qurumun ölkəmizdə xüsusilə şəhər, su və kənd təsərrüfatı sahələrində həyata keçirdiyi proqramlar və gələcək layihələr müzakirə edilib.

XQ

İqtisadiyyat