Azərbaycan – dünyanın “yaşıl enerji” nümunəsi

post-img

Bərpaolunan enerjinin payı hazırda 17 faizə yüksəlib

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ həllinə, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradır. Bunun nəticəsidir ki, respublikamızda təmiz ekoloji mühitin gerçəkləşdirilməsi məqsədilə mövcud təbii resursların dayanıqlı və səmərəli istifadəsi, tullantıların idarə edilməsi ilə bağlı infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanın 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyası həcminin 40 faizə qədər azaldılmasının, habelə düşməndən təmizlənən ərazilərimizdə “təmiz 0” emissiya zonasının yaradılmasının şərti hədəf kimi götürülməsi də bunun bariz ifadəsidir.

Son dövrlər ölkəmizdə sözüge­dən məsələyə xüsusi diqqət yetirilib. Təkcə ötən il bu sahədə bir sıra mü­hüm layihələr reallaşdırılıb. Məsələn, MDB-də ən böyük və Xəzər dəni­zi regionunda ilk sənaye miqyaslı günəş elektrik stansiyası–230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası (GES) istismara verilib. Eyni zaman­da həmin açılış zamanı digər yeni la­yihələrin də əsası qoyulub: “Masdar” şirkəti ilə Neftçalanın Bankə qəsəbə­sində 315 MVt-lıq, Biləsuvarda isə 445 MVt-lıq GES və Abşeron–Qara­dağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyasının (KES) tikintisi ilə bağlı, ümumilikdə, 1 qiqa­vat bərpaolunan enerji mənbəyinin is­tismara buraxılmasını özündə ehtiva edən üç yeni layihə imzalanıb. Bərpa­olunan enerjinin payı isə hazırda 17 faizə yüksəlib. 

Hesabat ilində “yaşıl enerji”nin reallaşdırılması ilə bağlı normativ hüquqi bazanın formalaşdırılması da diqqətdə saxlanılıb. “Elektrik ener­jisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qanundan irəli gələn 4 alt qanunve­ricilik aktı təsdiq olunub. “Bərpa olu­nan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçil­məsi Qaydası”nda bağlanan müqa­vilələr və keçiriləcək hərraclarla bağlı hüquqi çərçivə müəyyənləşdirilib. Bununla da investorların fəaliyyətinə əlverişli zəmin yaradılıb. Eyni zaman­da fəal istehlakçıların dəstəklənməsi və “yaşıl sertifikatlar”la bağlı qaydalar təsdiqlənib. Bütün bunlarla bərabər, bərpaolunan enerji mənbələri üzrə informasiya sistemi formalaşdırılaraq artıq istifadəyə verilib.

Respublikamızda ixrac potensialı­nın gücləndirilməsi ilə bağlı da ciddi layihələr icra edilib. Belə ki, Azərbay­can, Gürcüstan, Rumıniya və Maca­rıstan arasında imzalanan dördtərəfli müqavilənin həyata keçirilməsi ilə əlaqədar işlər görülüb, keçirilən ten­derin nəticəsində artıq qalib şirkətlə bu ilin ilk günlərində müqavilə imza­lanıb. 

Məlum olduğu kimi, bu sazişdə Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçə­cək sualtı elektrik enerjisi kabelinin çəkilməsi nəzərdə tutulub. Sənədə əsasən, Xəzər dənizi üzərində və ətrafında yaradılacaq bərpaolunan enerji mənbələrində istehsal olunan “yaşıl enerji”nin Azərbaycandan Gür­cüstana, oradan kabel xətti ilə Qara dənizin altından keçməklə Rumıniya və Macarıstana, daha sonra isə Av­ropa Birliyi ölkələrinə ötürülməsi, bu­nunla da “Xəzər – Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin yaradılması tərəflər arasında əsas prioritet olaraq qəbul edilib. 

Qara dənizin dibi ilə çəkiləcək 4 qiqavat gücündə və 1195 kilometr uzunluğunda olan kabel ölkəmizdə istehsal edilən “yaşıl enerji”nin Av­ropaya ixracına imkan yaradacaq. Beləliklə, Azərbaycan Avropa qitəsi­nin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin edilməsində yaxından iştirak edəcək.

Ötən il, həmçinin “yaşıl enerji” ilə bağlı ilk Yaşıl Enerji Məşvərət Şurası keçirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Yaşıl Enerji Zo­nasının yaradılması ilə bağlı tədbirlər reallaşdırılıb. Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı istiqamətin­də də çox ciddi layihələrin icrasına başlanılıb. 

Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiya­sının Tərəflər Konfransının 29-cu ses­siyasına – COP29-a evsahibliyi edə­cəyi önəmli hadisədir. Miqyasına görə, heç də BMT-nin Baş Assambleyasın­dan geri qalmayan bu tədbirin Azər­baycanda keçirilməsi ölkəmizin artan nüfuzunun ən bariz göstəricilərindən biridir. Yeri gəlmişkən, respublikamızın BMT-nin Təhlükəsizlik Şurasına üzv­lüyü, eyni zamanda, ölkəmizin Qoşul­mama Hərəkatında sədrliyi ilə paralel, bu, haqlı olaraq Azərbaycan diplomati­yasının ən böyük uğurlarından bir kimi dəyərləndirilir. 

Qarabağ və Şərqi Zəngəzur iq­tisadi rayonlarında Yaşıl Enerji Zo­nasının yaradılması istiqamətində görülən işlərə də toxunmaq istərdik. Xatırladaq ki, işğaldan azad olunmuş ərazilər Yaşıl Enerji Zonası elan edi­lib. Beynəlxalq məsləhətçi şirkətin cəlb olunması ilə həmin ərazilər üçün Yaşıl Enerji Zonası konsepsiyası ha­zırlanıb. Bununla bağlı Nazirlər Kabi­netinin xüsusi sərəncamı ilə Tədbirlər Planı təsdiqlənib və həmin plan tam şəkildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Bö­yük Qayıdışa dair I Dövlət Proqramı”­na daxil edilib. 

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda ictimai binaların günəş panelləri ilə təchiz olunması, yolla­rın və küçələrin işıqlandırılmasında bərpaolunan mənbələri əsaslı ava­danlıqlardan istifadə, bununla yanaşı dayanacaqlarda və digər “yaşıl enerji” konseptləri də nəzərdə tutulur. Qaz­laşmayan binalarda isə təbii ki, artıq istilik enerjisinin alınması üçün müəy­yən qurğuların quraşdırılması və isti suyun əldə olunması üçün müəyyən yanaşmaların tətbiqi də planlaşdırılır. 

Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında xalis sıfır emissiyalı “Yaşıl enerji zonası” kon­sepsiyası mühüm əhəmiyyətə malik­dir. Azərbaycanın gücünü ifadə edən bu nəhəng quruculuq prosesində ad­ları çəkilən iqtisadi rayonların enerji ilə təminatı məqsədilə qısa müddət­də 1157 kilometrdən artıq müxtəlif gərginlikli elektrik verilişi xətti çəki­lib, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları inşa olunub, 20 yarımstansiya, ümumi gücü 75 MVt olan 13 stansiya bərpa edilərək istifadəyə verilib. Xankəndi şəhərinin Azərbaycanın enerji siste­minə qoşulması, düşməndən təmiz­lənən ərazilərimizin Şuşa yarımstan­siyası vasitəsilə elektrik enerjisi ilə təminatı reallaşdırılıb. 

Hazırda isə 119 MVt gücündə 13 stansiyada tikinti işləri aparılır. Həm­çinin 140 MVt gücündə su elektrik stansiyalarının tikilib istismara veril­məsi üçün tədbirlər davam etdirilir. 

“Yaşıl enerji” zonasının yaradıl­ması ilə bağlı 2022–2026-cı illəri əhatə edən tədbirlər təkcə bərpaolu­nan enerjinin inkişafı ilə məhdudlaş­mır, enerji keçidinin bütün kompo­nentləri üzrə fəaliyyəti də əhatə edir. Bu çərçivədə azad olunan ərazilərdə ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 170-dən çox evdə günəş paneli, ictimai və sosial binalarda ümumi gücü 800 kVt-dan çox olan günəş enerjisi sistemləri, 2300-ə yaxın LED lampalarla təchiz olunmuş və günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, “ağıl­lı” dayancaqlar, elektrik doldurma məntəqələri quraşdırılıb. 

Əlbəttə, sadalanan layihələr da­vamlı xarakter daşıyır və bütün səy­lər də bu innovativ təcrübənin geniş tətbiqinə, Qarabağ və Şərqi Zəngəzu­run enerji səmərəliliyində nümunəvi bölgəyə çevirilnəsinə yönəldilir. Şü­bhəsiz ki, əsas məqsəd də dövlət başçısının vurğuladığı kimi, Qarabağ və Zəngəzurun dünyanın qibtə edə­cəyi şəkildə qurulmasıdır. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat