2023-cü ildə bütün sahələrdə irəliləyiş davam edib
2023-cü il ölkə həyatında mühüm islahatlar dövrü kimi yadda qaldı. Müasir iqtisadi yanaşmaların diqqətdə saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin gücləndirilməsi, vergi və gömrük sistemində köklü dəyişikliklər edilməsi, şəffaflığın artırılması kimi mühüm addımlar atılması respublikada dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafı daha da sürətləndirdi. Bütün bunlar möhkəm təməllərə əsaslanan milli tərəqqi modelinin tam olaraq formalaşdırılmasını şərtləndirdi.
Belə bir şərait isə 2024-cü il və ortamüddətli dövr üçün nəzərdə tutulan büdcə siyasətinin müəyyənləşdirilməsində əsas rol oynadı. Həmçinin bu zaman icrasına 2022-ci ildə başlanılan və hazırda da uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası diqqət mərkəzində saxlanıldı. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidənqurulması, eləcə də Böyük Qayıdışın reallaşdırılması üzrə tədbirlər planlarına prioritet istiqamətlər kimi yanaşıldı.
Bütün bunlarla bərabər, ərzaq təhlükəsizliyinin təmin edilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi, ən vacib prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasəti, makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının gerçəkləşdirilməsi məsələləri qarşıya önəmli vəzifələr kimi qoyuldu. Cari büdcə siyasətinin formalaşmasında “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflər, Böyük Qayıdışa dair I Dövlət Proqramı və hərbi xərclərin maliyyə öhdəliyi də diqqət mərkəzində saxlanıldı.
Yeri gəlmişkən, əgər dövlət büdcəsi xərclərinin ÜDM-də payı 2017-ci ildə 25 faiz idisə, 2024-cü ildə 31 faizə yüksəlib və xərclərin həcmi 2 dəfədən çox artıb. Bu il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 282,5 milyon manat artıb. 2024-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin cari xərclərinin təminetmə səviyyəsi isə 75 faizi keçib. Ümumiyyətlə, qeyri-neft sektoru üzrə büdcə gəlirləri son 7 ildə 2 dəfəyə yaxın yüksəlib.
Dövlət büdcəsinin xərcləri 2023-cü illə müqayisədə 138,2 milyon manat artırılaraq 36 milyard 763 milyon manat proqnozlaşdırılıb. Dövlət büdcəsi kəsirinin ÜDM-də payı isə 2,2 faiz nəzərdə tutulub. Bütövlükdə, 2024-cü il üçün icmal büdcənin gəlirləri 38 milyard 997 milyon manat, xərcləri isə 42 milyard 376 milyon manat proqnozlaşdırılıb.
Makroiqtisadi çərçivə proqnozlaşdırılan zaman “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ortamüddətli dövrdə iqtisadi artımla bağlı müəyyənləşdirilən hədəflər də nəzərə alınıb. Belə ki, iqtisadi artımın proqnozlaşdırılan orta illik tempi 2,9 faiz, həmçinin qeyri-neft sektoru üzrə 4,8 faiz planlaşdırılıb.
Müsbət makroiqtisadi göstəricilərdən biri inflyasiya tempinin azalmasıdır. Hökumətin antiinflyasiya tədbirləri, dünya ərzaq bazarlarında qiymətlərin enməsi, tədiyə balansının profisitli olmasının məzənnə sabitliyini dəstəkləməsi inflyasiya idxalına və bununla da inflyasiya səviyyəsinə azaldıcı təsir göstərib. Dövlət Statistika Komitəsinin ilkin rəqəmlərinə görə, 2023-cü ilin 11 ayında orta illik inflyasiya birrəqəmli – 9,4 faiz olub, illik inflyasiya 2,6 faiz təşkil edib.
Bu il isə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəsinin gerçəkləşdirilməsi, əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması, habelə fiskal və monetar siyasətin koordinasiyası istiqamətində zəruri tədbirlər davam etdiriləcək.
Azərbaycanda aparılan sosial siyasət nəticəsində xalqımızın rifahı yaxşılaşıb, yoxsulluq səviyyəsi azalıb, yeni iş yerləri yaranıb. Dövlət başçısının strateji inkişaf kursunun uğurla icrası nəticəsində Azərbaycan 2002–2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son illər ərzində regionlarda infrastruktur, kommunal, enerji, su, qazlaşma və digər sosial xidmət sahələrində keyfiyyətin yüksəldilməsi, məktəblərin və yolların təmiri və bu qəbildən olan məsələlərin həlli xüsusilə diqqətdə saxlanılıb. Rayon və şəhərlərimizdə su təchizatı sistemləri yenidən qurulub, şəhərlərimizə yeni mənbələrdən suyun verilməsi təmin edilib. Ümumiyyətlə, sadalanan istiqamətlərdə qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün nəzərdə tutulan tədbirlər ardıcıl şəkildə həyata keçirilib.
Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunan ərazilərin yenidənqurulması və bərpası istiqamətində də mühüm layihələr reallaşdırılıb. Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 mlrd manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub.
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün sonrakı illərdə 14,5 milyard manat vəsait nəzərə alınmaqla 2022–2026-cı illərdə ümumilikdə, təqribən, 30,5 milyard manat məbləğində vəsait tələb olunur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi bölgənin sürətlə dirçəlməsinə, əhalinin məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə məskunlaşma prosesinin ilkin mərhələsinə start verilib, 2026-cı ilədək 34 min 500 ailənin və ya 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulub.
Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq, ümumilikdə, 1202 ailənin köçürülməsi təmin olunub. Qarabağ iqtisadi rayonunun əraziləri – Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə düşməndən təmizlənən rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub.
Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert
2023-cü il Azərbaycan iqtisadiyyatında yeni istiqamətləri müəyyənləşdirdi. İşğaldan azad olunan ərazilərimizin iqtisadiyyata inteqrasiyası daha da genişləndi, qeyri-neft sekorunda böyük artımlar qeydə alındı. Dövlət Neft Şirkəti ilə Rumıniyanın “Romgaz” şirkəti arasında 2023–2024-cü illərdə Azərbaycandan bu ölkəyə qaz tədarükü ilə bağlı müqavilə imzalandı. Abşeron qaz-kondensat yatağı istismara verildi.
Hesabat ili iqtisadi artımla nəzərə çarpdı. 2023-cü ilin yanvar-noyabr aylarında 110 milyard 212 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ÜDM istehsal olundu. Neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azaldığı halda, qeyri-neft-qaz sahəsində 3,2 faiz artdı.
Ötən ilin yanvar–noyabr aylarında ölkəmizdən 15 milyard 99 milyon dollarlıq xam neft, 12 milyard 775 milyon dollarlıq təbii qaz ixrac olunub ki, 2022-ci ilin eyni dövründə bu rəqəmlər uyğun olaraq 18 milyard 318 milyon dollar, 14 milyard 807 milyon təşkil etmişdi.
Ölkədə maliyyə sektorundakı vəziyyətə gəldikdə isə xatırladaq ki, manat möhkəmlənməyə doğru meyil etsə də, sabit qalıb. Tədiyə balansının cari əməliyyatlar hesabında irihəcmli profisitlə (9 ayda 6,7 milyard dollar və ya ÜDM-in 12,5 faizi) əlaqədar olaraq ilin əvvəlindən bəri keçirilən valyuta hərraclarının 95 faizində təklif tələbi üstələyib.
Ümumiyyətlə, həyata keçirilən islahatlar ölkəmizi növbəti böyük dönüş astanasına gətirib. Yeni mərhələdə dayanıqlı inkişaf tədbirlərinin uğurla həyata keçirilməsi, o cümlədən iqtisadiyyatın innovativ üsullarla inkişaf etdirilməsi, qeyri-neft sektorunun şaxələndirilməsi, rəqəmsal ekosistemin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, habelə iqtisadi və sosial sahələrdə nəticəyönümlü islahatların davam etdirilməsi daha yüksək sosial-iqtisadi nailiyyətləri və artımı gerçəkləşdirəcək.
Beləliklə, dövlət başçısının xalqımızın rifahı və dövlətimizin qüdrətlənməsi naminə gördüyü böyük işlər Azərbaycan tarixinin parlaq səhifəsidir. Bu gün yeni strateji hədəflərə nail olmaq üçün bütün səmərəli artım mənbələrindən istifadəni dəyərləndirən Azərbaycan yeni reallıqlar şəraitində qalib və güclü iqtisadi potensialı olan dövlət kimi dünyada mövqelərini daim möhkəmləndirir. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti bundan sonra da onilliklər ərzində xalqımızın rifahına böyük töhfə verəcək.
Vaqif BAYRAMOV
XQ