Bugünün Bakısından sabahın modern meqapolisinə

post-img

Yeni Baş Plana əsasən, 2040-cı ilədək paytaxtın siması başdan-başa dəyişəcək

Bakı şəhərinin 2040-cı ilədək inkişafı çoxmərkəzli inkişaf strategiyasına əsaslanacaq. Bu məsələ paytaxtın yeni Baş pla­nında əksini tapıb. Sənədin əsas məqsədlərindən biri Bakının mərkəzi hissəsinin yüklənmədən azad olunmasından ibarətdir. Bu da şəhərətrafı ərazilərin cəlbediciliyinin artırılmasını və gücləndirilməsini, iqtisadiyyatın şaxələndirilməsini, mənzil fondu­nun müasirləşdirilməsini, eləcə də xidmət səviyyəsinin yüksəl­dilməsini özündə ehtiva edir.

Baş plana əsasən, paytaxtın ötən dövrdə formalaşmış mərkəzi ərazilə­ri, yəni, şəhər nüvəsini əhatə edən Bakının Mərkəzi Planlaşdırma Rayo­nunun konkret sərhədləri müəyyən edilib. Şəhərin tarixi simasına xələl gətirməmək məqsədilə bu rayonun hüdudları daxilində yerləşən ərazilər­də aparılacaq gələcək inkişaf tədbir­ləri üzrə müəyyən qaydaların tətbiqi planlaşdırılır. Sənədə əsasən, şəhər ərazisində Mərdəkan və Ələt olmaqla iki regional və 4 alt-mərkəzin (Zığ – Hövsan, Sabunçu, Binəqədi və Lök­batan) yaradılması nəzərdə tutulur.

Baş planın hazırlanması zamanı əhali proqnozları əsasında aparılmış hesablamalara görə, 2040-cı ilədək Bakıda, təqribən, əlavə 142,82 min mənzilə tələbat yaranacaq. Əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina və evlər üçün, təqribən, 9 min hektar sahə nəzərdə tutulub ki, burada da 200 min mənzi­lin inşası mümkün olacaq.

Paytaxtın yeni Baş Planında ətraf mühitin qo­runması və ekoloji tarazlığın təmin edilməsi ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulur. İlk növbədə, mövcud neft-kimya məhsullarının istehsalı müəs­sisələrinin mərkəzdən kənara köçürülməsi və müvafiq şəkildə zonalaşdırılması təklif edilir. Bu baxımdan Səngəçal və Ələt qəsəbələri ağır səna­ye sahələrinin yerləşdirilməsi üçün əlverişli hesab olunur. Hazırda bu qəsəbələrdə neft və neft-kim­ya məhsulları terminalı kimi müəssisələr fəaliyyət göstərir. Eyni zamanda, burada neft-kimya və neft məhsulları (dövlət ehtiyatları daxil olmaqla), ma­yeləşdirilmiş qaz, həmçinin partlayıcı maddələr və zəhərli məhsullar üçün anbarlar mövcuddur. 

Bundan əlavə, paytaxtın ayrı-ayrı ərazilərin­də ekoloji cəhətdən təmiz enerji istehsalı müəs­sisələrinin yaradılması nəzərdə tutlur. Baş Plana əsasən, 2040-cı ilə qədər Ələt, Lökbatan, Sabun­çu və Mərdəkan alt-mərkəzlərində 2650 hektar ərzidə qoyuluş gücü 1200 meqavat olan bir külək və üç günəş elektrik stansiyasının inşası, sonrakı dövrdə isə həmin ərazilərdə bərpaolunan enerji təsərrüfatlarının inkişafı üçün əlavə 3313 hektar torpaq sahəsinin ayrılması planlaşdırılır. 

2040-cı ilədək paytaxtın Sabunçu rayonunda Eko-Sənaye Parkı yaradılacaq. Baş Planda qeyd olunduğu kimi, göllərin və torpağın ekoloji tə­mizlənməsi tədbirləri çirklənmiş torpaqların sax­lanması və texniki emalı və təmizlənməsi üçün böyük ərazi sahələrinin ayrılmasını şərtləndirə­cək. Böyükşor gölünün şimalında, “Təmiz şəhər” ərazisinin yaxınlığında yaradılması planlaşdırılan park eko sənaye sahəsi üçün vahid mərkəz for­malaşdırmağa və bu sahədə fəaliyyət göstərən müxtəlif müəssisələr arasında əlaqələndirməni təmin etməyə imkan verəcək.

Baş Planda paytaxt ərazisində yaşıllıq sahələ­rinin artırılması ilə bağlı konkret tədbirlər də nəzər­də tutulur. Belə ki, 2040-cı ilədək Bakıda təbii və açıq yaşıllıq ərazilərin əlavə olaraq 9 min 370 hek­tar artırılması tələb olunur. Baş Plan çərçivəsində şəhərin yarımsəhra landşaft xüsusiyyəti və iqlim şəraiti, həmçinin güclü küləklər və suvarma üçün su ehtiyatlarının çatışmazlığı nəzərə alınmaqla ki­çik və ya orta ölçülü yaşıllıqlar yaradılacaq. 

Bundan başqa, şəhərdə əlçatan yaşıllıqla­rın payının artırılması hədəfinə və Baş Planın təkliflərinə uyğun olaraq Xocəsən gölü ətrafında təxminən 500 hektar ərazidə geniş ictimai par­kın salınması planlaşdırılır. Həmin park ətrafdakı sıx məskunlaşmış yaşayış məntəqələrinə xidmət edəcək və Xocəsən gölünün ekoloji təmizlənmə­sinə təkan verəcək. Eyni zamanda, Xocəsən gölü­nün yaxınlığında əsas yerli bitki növlərinin yetişdi­riləcəyi və köçəri su-bataqlıq quşlarının miqrasiya məskəni olacaq yeni Nəbatat Parkının yaradılma­sı nəzərdə tutulur. 

2040-cı ilədək paytaxtın yol-nəqliyyat infrast­rukturunun imkanlarının genişləndirilməsi ilə bağ­lı son dərəcə vacib tədbirlər həyata keçiriləcək. Baş plana əsasən, şəhərdə nəqliyyat sıxlığının və tıxacların azaldılması məqsədilə dairəvi metro şəbəkəsinin tamamlanması planlaşdırılır. Əks is­tiqamətlərdə də eyni vaxtlı hərəkətə imkan verən dairəvi metro şəbəkəsi yaradılacaq, relsli nəqliy­yatın şəhərin şərq hissəsini tam əhatə etməsinə nail olunacaq, metro əlaqəsinə əsaslanan yeni tranzit qovşaqları yaradılacaq, paytaxtın yeni in­kişaf edən əraziləri ilə metro əlaqəsi təmin oluna­caq. Bununla yanaşı, 2040-cı ilədək hava limanı ərazisinə gediş-gəlişin 30 faizinin dəmir yolu nəq­liyyatı hesabına təmin edilməsi nəzərdə tutulur.

Qarşıdakı illərdə Bakıda tramvay və metro­bus ictimai nəqliyyat növlərinin yaradılması da nəzərdə tutulur ki, bu da xərclər və icra müddəti baxımından ən perspektivli alternativ dəmir yolu şəbəkəsinin yenidən qurulması və şəhər daxilin­də genişləndirilməsi hesabına mümkün olacaq. Bununla, həm də paytaxtın ictimai nəqliyyat sis­teminin səmərəli fəaliyyəti (rentabelli, yüksək tu­tumlu, sürətli, rahat, etibarlı, dəqiq, əhatə dairəsi geniş və s.) təmin ediləcək. 

2040-cı ilədək Bakıda küçə-yol şəbəkəsinin uzunluğu, təqribən, 368,7 kilometrədək artırıla­racaq ki, bu da ümumi şəbəkənin 2300 kilometr­dən 2668 kilometrə çatdırmağa imkan yaradacaq. Sənədə əsasən, paytaxtın mərkəzi ərazisində nəqliyyat sıxlığının azaldılması, şəhərin şərq və qərb hissələri arasındakı nəqliyyat yerdəyişmələri zamanı əsas nəqliyyat axınlarının mərkəzə daxi­lolmadan şəhərkənarı həlqəvi magistrallara çıxış­larının təmin edilməsi, habelə mövcud yolların perspektivdə ifrat yüklənmələrinin qarşısının alın­ması məqsədilə yeni alternativ yol infrastrukturla­rının yaradılması nəzərdə tutulub.

Bütövlükdə isə, 2040-cı ilədək Bakı şəhəri­nin inkişafı üçün 93,6 milyard manat məbləğində vəsait tələb olunur. Baş Plana əsasən, bu vəsa­it 5 istiqamətdə tədbirlərin həyata keçirilməsinə yönəldiləcək. Şəhər ərazisinin inkişafı üçün 47,6 milyard manat, nəqliyyat infrastruktunun inkişafı üçün 16,9 milyard manat, mühəndis-kommuni­kasiya sistemlərinin inkişafı üçün 15,32 milyard manat, bərpaolunan enerji mənbələrinin inkişafı üçün 4,3 milyard manat və ətraf mühitin qorun­ması tədbirləri üçün 9,5 milyard manat məbləğin­də vəsait tələb olunur. Həmin vəsaitin 60,5 mil­yard manatı dövlət, 33,1 milyard manatı isə özəl investisiyalar hesabına qarşılanacaq.

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat