ABŞ müdafiə nazirinin xəstəliyi Vaşinqtonda qalmaqala səbəb olub

post-img

ABŞ prezidenti Co Baydenin administrasiyası ili yüksək qalmaqalla başladı və onun mərkəzində də müdafiə naziri Lloyd Ostin dayanır. Səbəb isə Amerikanın əsas təhlükəsizlik məmurunun yanvarın 1-də xəstəxanaya yerləşdirilməsindən cəmi üç gün sonra açıqlanan xəstəlik faktının gizlədilməsi olub. Co Baydenin qalmaqalın qarşısını almaq istəyinə baxmayaraq, Amerika siyasi mədəniyyəti üçün qəbuledilməz olan yüksək rütbəli menecerin xəstəliyini gizlətmək cəhdi respublikaçılara prezident seçkiləri ilində Ağ Evin rəhbərinə yeni hücuma keçməyə imkan verib.

Noyabr seçkilərində yenidən seçilmək niyyətində olan Co Baydenin ilk prezidentlik müddətinin son ili onun və Administrasiyasının son dərəcə uğursuz olması ilə başlayır. Belə ki, Yeni ilin ilk günü ABŞ müdafiə naziri Lloyd Ostin xəstəxanaya aparılıb - yanvarın 1-də o, Uolter Reed Milli Hərbi Tibb Mərkəzinə aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Cənab Ostinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac 70 yaşlı nazirin dekabr ayının sonunda keçirdiyi bəzi tibbi prosedurun yaratdığı fəsadlarla əlaqədar ortaya çıxıb. Bu vaxt ABŞ administrasiyasının nüfuzuna ciddi zərbə Pentaqon rəhbərinin xəstəliyi deyil, üç gün ərzində xəstəxanaya yerləşdirilməsi faktının gizlədilməsi olub. 

Dünyanın bir çox ölkələrində rezonans doğurmayacaq bir hadisə Vaşinqtonda əsl sensasiyaya səbəb olub. Çünki Amerika siyasi mədəniyyəti yüksək vəzifəli şəxslərin sağlamlıq vəziyyəti ilə bağlı məsələlərdə maksimum şəffaflıq tələb edir. Cənab Ostin xəstəxanaya düşməsi ilə bağlı məlumatı gizlətməklə Pentaqon rəhbəri öncə özünə, sonra tabeçiliyində olanlara və nəhayət, dövlət başçısına problem yaradıb. "Politico" nəşri xəbər verir ki, bu barədə Pentaqon Ağ Evdən müdirinin xəstəxanaya yerləşdirilməsi barədə məlumatı gizli saxlayıb. Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da daxil olmaqla digər yüksək vəzifəli şəxslər də bu xəbərdən şok olublar.

Lloyd Ostinin xəstəxanaya yerləşdirilməsi xəbərinin tam sürprizlə qarşılananlar arasında onun Ağ Ev komandasındakı ən yaxın tərəfdaşı, ABŞ dövlət katibi Entoni Blinken də olub. "Onun səhhətindəki problemlərdən xəbərim yox idi",- Entoni Blinken Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə birgə mətbuat konfransında etiraf edib və cənab Ostini görkəmli lider adlandırıb və ona tezliklə sağalmasını arzulayıb.

"Politico" nəşri yazır ki, hətta hərbi idarənin yüksək vəzifəli rəsmiləri də nazirin xəstəliyindən xəbərsiz olublar. Onlara Lloyd Ostinin bir həftə evdən işləyəcəyi bildirilib.

Pentaqon rəhbərinin xəstəxanaya yerləşdirilməsi faktını ictimaiyyətə açıqlamağa tələsməmək qərarını izah etməyə çalışan onun mətbuat katibi Patrik Rayder gecikmənin bir neçə səbəbdən baş verdiyini iddia edib: "Vəziyyət inkişaf etdikcə tibbi və məxfi məsələlər də daxil olmaqla bir neçə amili nəzərə almalı olduq". Qalmaqalın səbəbkarı da bəyanatla çıxış edib. “Mən medianın şəffaflıqla bağlı narahatlığını başa düşürəm və etiraf edirəm ki, hər şey barədə ictimaiyyəti məlumatlandırmalıydım. Daha yaxşısını etməyə söz verirəm". Pentaqon rəhbərinin mətbuat xidmətinin yaydığı bəyanatda vurğulanır ki, məlumatların açıqlanması ilə bağlı qərarlara görə tam məsuliyyəti nazir öz üzərinə götürür.

ABŞ-ın nüfuzlu KİV-in adı açıqlanmayan amerikalı rəsmiyə istinadən verdiyi məlumata görə, prezident Bayden şənbə günü axşam tam etibar etdiyi Pentaqonun rəhbəri ilə “səmimi söhbət edib”. Bundan əlavə, ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin son açıqlamalarına görə, Lloyd Ostin müdafiə nazirinin müavini vəzifəsini icra edən Ketlin Hiks və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun ilə əlaqə saxlayır.

Ancaq qalmaqalın qarşısını almaq cəhdlərinə baxmayaraq, Ağ Ev administrasiyasının respublikaçı opponentləri artıq bu hadisədən maksimum siyasi dividendlər qazanmağa çalışırlar. Lloyd Ostinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatın Konqresə Pentaqonun mətbuat xidmətinin onun xəstəliyi ilə bağlı məlumat yaymasından cəmi 15 dəqiqə əvvəl daxil olması ABŞ administrasiyasının əleyhdarlarının düşərgəsində hiddət fırtınasına səbəb olub. “Müdafiə nazirinin belə bir qərarı tamamilə qəbuledilməzdir. Şərqi Avropada və İsraildə müharibə vəziyyətində olan müttəfiqlərimiz olsa da, Pentaqon rəhbəri bir neçə gün işdən kənarda qaldı və ABŞ prezidenti bu barədə heç nə bilmirdi"- deyən ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens əlavə edib ki, bu, vəzifə öhdəliklərinin pozulmasıdır. 

ABŞ Konqresinin hər iki palatasındakı Respublikaçılar Partiyasının nümayəndələri qalmaqalı oxşar şəkildə şərh edirlər. Belə ki, respublikaçı senator Rik Skott X sosial şəbəkəsində ABŞ Müdafiə Nazirliyinin rəhbərinin davranışını “qəbuledilməz və təhlükəli” hesab etdiyini yazıb. Digər respublikaçı senator Ted Badd idə müdafiə nazirinin xəstəxanaya yerləşdirilməsini “təkcə Ağ Evdən və Konqresdən deyil, həm də Amerika xalqından” gizlətməsini dərin narahatlıq doğurduğunu bildirib. Öz növbəsində, Nümayəndələr Palatasının üzvü Cerri Karl X sosial şəbəkədə yazıb ki, Lloyd Ostinin işi Bayden Administrasiyasının amerikalıların etimadını necə pozduğuna nümunədir.

Beləliklə, respublikaçıların həlledici əhval-ruhiyyəsini nəzərə alsaq, qalmaqal hələ bitməyib və Vaşinqtondakı müşahidəçilər bunun Pentaqonun rəhbərinin istefası ilə yekunlaşa biləcəyini istisna etmirlər.

Hazırladı:

Səbuhi MƏMMƏDOV

XQ

 

Dünya