Azad edilmiş torpaqlar cana gətirilir

post-img

Tezliklə aqrar sahənin 10 faiz məhsulu bu bölgədə yetişdiriləcək

İşğaldan azad edilən ərazilərin yenidən bərpası, kənd təsərrüfatının muasir texnologiya ilə təmin edilməsi, yeni yaradılan nəqliyyat-logistika dəhlizləri, dayanıqlı inkişaf proqramları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının simasını dəyişdirir. Aqrar, emal və hasilat sənayesinin inkişafına zəmin yaradır. Bu barədə iqtisadçı alim Elmir Səfərli dedi:

– Qarabağın münbit torpağı, zəngin təbiəti, o cümlədən, su ehtiyatları işğal­dan azad edilmiş ərazilərdə kənd təsər­rüfatının müxtəlif sahələrinin inkişafına səbəb olacaq və məhsuldarlığı artıra­caq. Burada heyvandarlıq, üzümçülük, baramaçılıq, kartofçuluq, pambıqçılıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik aparıçı sahələr olacaq. Bu bölgədə kənd təsər­rüfatının inkişaf potensialı böyükdür. İş­ğaldan əvvəlki dövrdəki göstəricilər də bunu sübut edir. Həmin tarixdə ölkədə taxıl istehsalının 14,3 faizi, pambıq isteh­salının 3,3 faizi, üzüm istehsalının 31,5 faizi, kartof istehsalının 6,3 faizi, tütünün 8 faizi ət istehsalının 14,5 faizi, barama istehsalının 17 faizi həmin ərazilərin pa­yına düşürdü. 

Rəqəmlər azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialının nə qədər yüksək olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin azad olunmuş torpaqlarla bağlı ilk tapşırığı bu torpaqların əkilib becərilməsi ilə bağ­lı olub. Tapşırığa əsasən, müharibənin başa çatdığı ilk günlərdən etibarən Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qu­rumlar tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Kənd təsərrüfatı sahəsinin bərpası is­tiqamətində tədbirlər görülüb.

Elmir Səfərlinin sözlərinə görə, Qara­bağın təbii-iqlim və relyef xüsusiyyətləri nəzərə alınmaqla, bölgədə, xüsusilə taxıl və yem bitkiləri və heyvandarlıq məhsul­ları istehsalı üstünlük təşkil edəcək. Qa­baqcıl ölkələrin təcrübəsindən istifadə et­məklə aqrar sektorda böyük uğurlar əldə etmək olar. Bu uğurların mənbəyində tə­bii ki, bölgənin münbit torpağı, zəngin su ehtiyatları dayanır. Məhsuldarlığın artma­sında çox mühüm rol oynayan bu amillər xarici investorların əraziyə cəlb olunma­sına yol açacaq. Bu, həm də o deməkdir ki, həmin rayonlarda kənd təsərrüfatı ilə yanaşı, emal sənayesi də genişlənəcək. 

İqtisadçı Mahir Zeynalov isə bildirdi ki, Qarabağ iqtisadi bölgəsinə daxil olan rayonların hər biri özünəməxsus zəngin təbii resurslara, yüksək iqtisadi potensi­ala və inkişaf perspektivlərinə malikdir: – Bu rayonların iqtisadiyyatında ənənə­vi sahələrə üstünlük verilməklə yanaşı, rəqabətədavamlı qeyri-ənənəvi sahələrin də inkişaf etdirilməsi zəruridir. Xüsusən də Qarabağda kənd təsərrüfatının və emal sənayesinin, tikinti sektorunun, mədən sənayesinin, xidmət sahələrinin, turizmin inkişafı üçün yaxşı imkanlar var. Təkcə aqrar sektorla bağlı onu demək kifayətdir ki, çox münbit və məhsuldar torpaqlara malik Qarabağda taxıl, üzüm, pambıq, tütün, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə istehsalı ənənəvi sahələrdir. 

Ənənəvi sahələr arasında üzümçü­lük və taxılçılıq həm əhatə etdiyi əkin sahələrinə, həm də istehsal həcminə görə xüsusi çəkiyə malik olmaqla üstün və inkişaf etmiş sahələr olub və olacaq. Əvvəlki dövrün yaxşı ənənələri, hazırkı potensial imkanları və müqayisəli üstün­lükləri nəzərə alınmaqla Qarabağ iqtisadi rayonunun yeni bazar tələblərinə uyğun müasir standartlar səviyyəsində inkişafı Azərbaycan iqtisadiyyatının daha da bö­yüməsinə təkan verəcək.

Bölgədə aqrar sektorun inkişaf etdi­rilməsinin əsas istiqamətlərindən biri də yeni logistika infrastrukturunun qurulması və fermerlərin texnika ilə təchiz edilmə­sidir. Çünki logistika imkanlarının geniş­lənməsi kənd təsərrüfatı məhsullarının ixrac bazarlarına çıxarılmasına imkanlar yaradacaq. Bütün bunlar göstərir ki, azad olunmuş ərazilərin aqrar potensialından səmərəli istifadə ölkə üzrə kənd təsərrü­fatı məhsullarının istehsalını ciddi çəkildə artıracaq. 

Aqrar texnika təchizatına gəlincə, artıq Kənd Təsərrüfatı Nazirliyi planlar hazırlayıb. İnsanlar məskunlaşdıqca, tor­pağın əkilib-becərilməsinə başladıqca, onların kənd təsərrüfatı texnikasına, elə­cə də toxum, gübrə və pestisidlərə olan ehtiyacları ödəniləcək.

Bəs nə qədər torpaq sahəsi əkinə cəlb ediləcək? Bu barədə İqtisadi İslahat­ların Təhlili və Kommunikasiya Mərkəzi­nin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirdi ki, 200 min hektar kənd təsərrüfa­tı sahəsi və bundan da çox örüş sahəsi, həmçinin keçmiş cəbhə xətti boyunca istifadəsiz qalan on minlərlə hektar tor­paq sahəsi aqrar biznesin resurs əsasını təşkil edir. Hesablamalar göstərir ki, orta müddətli perspektivdə Qarabağ bölgəsi ölkənin kənd təsərrüfatına 10,4 faiz töhfə verəcək.

Qeyd edək ki, bölgənin aqrar inkişafı Azərbaycan iqtisadiyyatına təsir edəcək. Keçmişlə müqayisədə yeni və daha üs­tün iqtisadiyyat qurmağa imkan verəcək. Qarabağa Böyük Qayıdış reallaşdırıldıq­dan və yerli iqtisadiyyat dirçəldildikdən sonra bölgə sosial-iqtisadi cəhətdən özünü təmin etməklə yanaşı, bütövlükdə, Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək, ölkədə ərzaq təhlükəsizliyi tə­min olunacaq, yeni iş yerləri yaranacaq, ixrac potensialı artacaq.

 

Pünhan ƏFƏNDİYEV
XQ

Ağdam

İqtisadiyyat