Otaylı – butaylı Vətənin unudulmaz şairi

post-img

Vətəndə qürbət taleyi yaşamış mübariz şair, Əməkdar incəsənət xadimi Əli Tudə ömrü boyu bütöv və azad Azərbaycan arzusu ilə yaşayıb. 100 il əvvəl Ərdəbildə dünyaya göz açan şair yaradıcılığı ilə xalqın çoxəsrlik birlik amalının alovunu sönməyə qoymayıb. Unudulmaz Vətən oğlunun yubileyi ilə bağlı “Əli Tudə – 100” toplusu çapdan çıxıb. 

Qələm sahibinin oğlu Natiq Cavad­zadənin yurd və ata sevgisi ilə ərsəyə gətirdiyi 608 səhifədən ibarət kitabda məlumatlar “Yazılar, fikirlər, sənədlər”, “Həsr olunan şeirlər”, “Biblioqrafiya” və “Qəzetlərdə və jurnallarda çap olunan digər yazılar” adlı 4 bölmə üzrə qruplaş­dırılıb. Şairin qələm dostlarının, elm və mədəniyyət adamlarının şair haqqında məqalələrinə, ona həsr olunmuş şe­irlərə kitabda yer verilib. Müəllifin kiril, əski (ərəb qrafikalı Azərbaycan əlifbası) və latın əlifbası ilə çap olunmuş kitab­larının siyahısı, o cümlədən, poema və şeirlərindən ibarət 20 cildliyin biblioqra­fik göstəriciləri və mətbuatda dərc olu­nan müxtəlif səpkili yazıların siyahısı verilib. 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Şöhrət zirvəsinə qalxmaq istəyən Milləti nərdivan etmə­sin gərək!” düşüncəli şair Əli Tudəyə həsr olunan yeni kitabın təqdimat mə­rasiminə ədəbi ictimaiyyətin nümayən­dələri, yaradıcılığının pərəstişkarları toplaşmışdılar. Tədbiri AYB-nin Cənubi Azərbaycan Komissiyasının sədri Say­man Aruz açaraq, unudulmaz şairin hə­yat və sənət yolundan danışdı, təqdim olunan kitabın tədqiqatçılar üçün eti­barlı mənbə olduğunu vurğuladı.

AYB-nin sədri, Xalq yazıçısı Anar Əli Tudənin vətənpərvər bir insan və məfkurə şairi kimi mənəvi-siyasi key­fiyyətlərindən bəhs etdi. O, gələn ildən “Əli Tudə poeziya mükafatı”nın təsis ediləcəyini bildirdi. 

Sonra AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, “Kredo”ədəbi qəzetinin baş redaktoru Əlirza Xələfli, Xalq şairi Balaş Azəroğ­lunun oğlu Etibar Abizadə, filologiya elmləri doktoru, professor Elman Quli­yev, şairlər Mübariz Məsimov, Mübariz Süleymanlı, Güney mühaciri Adilə Çer­nik Bülənd və başqaları çıxış edərək, 50 il öz Vətənində siyasi qaçqın kimi yaşamış, SSRİ pasportundan imtina etmiş istiqlal şairi Əli Tudə ilə bağlı xa­tirələrini dilə gətirdilər, onun poeziya­sının əsas məziyyətlərini dəyərləndir­dilər. “Əli Tudə – 100” kitabının üstün cəhətlərinə diqqət cəlb edildi. 

Qeyd olundu ki, şairin 100 illiyi mü­nasibətilə bundan əvvəl “Mən nə gətir­dim” və “Bakının işıqları” kitabları Təb­rizdəki “Azərturan” nəşriyyatında əski əlifba ilə çap olunub. Həmin nəşrləri gənc yazar və tərcüməçi Əli Aslani tər­tib edib. O, 100 illik münasibətilə şairin “Təbriz yolu”, “Araz üstə palıd” kitabla­rını və xatirələrini də çapa hazırlayır. 

Sonda şairin oğlu Natiq Cavadzadə söz alaraq, Əli Tudənin ruhuna göstə­rilən ehtirama görə təqdimatı təşkil edənlərə və tədbirin iştirakçılarına min­nətdarlığını bildirdi.

Ə.ƏLİYEV
XQ



Mədəniyyət