Türk dünyasının aqrar potensialı da böyükdür

post-img

Dünən Bakıda II “Türk Dövlətləri Aqrobiznes Forumu” keçirilib. Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 2-ci toplantısı çərçivəsində təşkil olunan forumda təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin hökumət üzvləri, dövlət qurumlarının və aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmə­dov ölkədə aqrar sahədə aparılan isla­hatlar və gələcək hədəflər barədə tədbir iştirakçılarına məlumat verib. Aqrar sahə­də məhsuldarlığın daha da artırılmasını, iqlimə uyğun, yaşıl və rəqəmsal kənd təsərrüfatının yaradılmasını, eləcə də ix­rac məhsullarını və onların coğrafiyasının şaxələndirilməsini bu sahənin dayanıqlı inkişafının əsas prinsipləri kimi xarakte­rizə edən nazir türk dövlətlərinin dünya miqyasında böyük iqtisadi gücə malik ol­duğunu diqqətə çatdırıb. 

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizi “yaşıl enerji zonası” elan etdiyini bildirən nazir Məcnun Məmmədov bu ərazilərin böyük aqrar potensialından söhbət açıb. Onun sözlərinə görə, hazırda əsas məqsəd iş­ğaldan azad edilmiş ərazilərdə əkinə ya­rarlı torpaqları minalardan təmizləyərək xəstəliklərdən azad, rəqəmsal və ən müa­sir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qur­maqdır. Nazir Türk Dövlətləri Təşkilatının ölkələrinin iş adamlarını Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında investisiya imkanları ilə tanış olmağa və burada ən yaxşı təcrübələr və texnologiyaları tətbiq etməyə çağırıb. O, həmçinin iş adamları­nı xüsusi investisiya güzəştləri təklif edən yeni yaradılmış Ələt İqtisadi Zonasında beynəlxalq ixrac standartlarına cavab verən və müasir texnologiyalarla təchiz olunan TDT-nin brendinə çevriləcək birgə müəssisələrin yaratmaq imkanlarını da nəzərdən keçirməyə dəvət edib. 

Tədbirdə çıxış edən TDT Baş ka­tibi Kubanıçbek Ömüralıyev təşkilata üzv ölkələrin kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və aqrar potensial barə­də məlumat verib. Qeyd olunub ki, üzv ölkələrin nəqliyyat infrastrukturu və aqrar potensialından səmərəli istifadə iqtisadi inkişaf və ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək. Baş katib müasir çağırışlar fonunda mövcud çətinliklərin həlli üçün yol xəritələrinin hazırlanması və əmək­daşlığın genişləndirilməsinin vacib oldu­ğunu, TDT üzvləri arasında olan strateji tərəfdaşlığın önəmli investisiyalara çev­riləcəyinə inandığını bəyan edib.

Sonra Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı, Özbəkis­tanın kənd təsərrüfatı naziri Əziz Voitov çıxış edərək TDT-ni üzv ölkələr arasında kənd təsərrüfatı, qida, infrastruktur, nəq­liyyat sahələrində əməkdaşlığı genişlən­dirən mühüm bir platforma kimi dəyər­ləndiriblər. Qırğızıstanın kənd təsərrüfatı nazirinin birinci müavini Murat Ramatov, Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Abilxayir Tamabek, Şimali Kipr Türk Respublikasının kənd təsərrüfatı və təbii sərvətlər naziri Hüseyn Çavuş, Azərbaycan Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə çıxışlarında bu təd­birin üzv dövlətlər arasında aqrar sahədə əməkdaşlığın yeni istiqamətlərinin forma­laşmasına, yeni investisiya imkanlarının təşviqinə və iş adamları arasında əlaqələ­rin güclənməsinə xidmət edəcəyini vur­ğulayıblar. Qeyd olunub ki, üzv ölkələrin elmi-texnoloji, iqtisadi potensialı dayanıq inkişafa və ixrac coğrafiyasını genişlən­dirməklə qlobal bazarlara çatdırılmasına imkan verir. 

Daha sonra II Türk Dövlətləri Aqrobiz­nes Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib. 

Xatırladaq ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılan və digər dost və qardaş üzv-dövlətlər tərəfindən dəstək­lənən Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin ilk toplantısı Öz­bəkistanda keçirilib.

M.YAQUBZADƏ
XQ

İqtisadiyyat