Qələbə müjdəli Vətən savaşı

post-img

30 illik qara tunelin bu başında gur işıq. Bu, xain düşmənin 30 il işğal altında saxlayıb son daşınadək qarət və talan edərək cəhənnəmə çevirdiyi cənnət Qarabağın xilas yoluna düşən Azadlıq günəşi idi. Beləliklə, 30 il gözlədiyimiz Gün – Zəfər marafonunun başlanğıcı olan 27 sentyabr 2020-ci il Qarabağın qara taleyinə günəş kimi doğuldu.

Müsahibimiz Milli Müdafiə Universiteti Hərbi-Elmi Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru Mehman Süleymanovla söhbətə məhz bu duyğu-düşüncələrlə başladıq.

– 3 il əvvəlin bu günündən bizi, sanki, heç 3 gün də ayırmır. 30 il gözlədiyimiz hə­min gün və onun 44 günlük davamı ötən 3 ildə həmişə bizimlə olub. Elə bugünlərdə Qa­rabağda gerçəkləşdirilmiş antiterror tədbir­ləri də həmin 44 günün davamı kimi qəbul edildi. Bir sözlə, 3 ildir ki, hər gün əvvəlki 30 ilin acısını əritməkdə olan Zəfərin şirinliyini dadmaqdayıq.

– Siz 27 senntyabr 2020-ci ili bir publi­sist kimi mənalandırdınız. Mən isə bir hər­bi tarixçi kimi deyirəm: 2020-ci il sentyabr ayının 27-də Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin yeni bir səhifəsi açıldı. Həmin gündən etibarən xalqımız Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altın­da dəmir yumruğa çevrilərək Vətən müha­ribəsinə qalxdı, təxminən, 30 il davam edən erməni işğalına son qoyulması üçün azadlıq mübarizəsinə qoşuldu. Qərbin ermənipərəst dövlətləri və qüvvələri tərəfindən himayə olunan və onların siyasi, mənəvi və hərbi dəstəyi ilə ən adi beynəlxalq normaları ayaq altına alan erməni faşizminə müharibənin elə ilk günündə sarsıdıcı zərbə vuruldu. 

Ermənistan tərəfindən Azərbaycana qarşı 2020-ci il sentyabr ayının 27-də növbəti dəfə qəfil irimiqyaslı təcavüzə qərar verilsə də, əs­lində, bu təxribat gözlənilən idi. Çünki son iki ildə Ermənistan rəhbərliyinin Azərbaycana qarşı apardığı davakar və hədələyici siyasət bunu deməyə əsas verirdi. Belə ki, Azərbay­can tor paqlarının işğalının rəsmiləşdirilməsi və zorla qəbul etdirilməsi üçün Ermənistan rəhbərliyi hər cür təxribatlara əl atırdı. 

Ermənistan rəhbərliyi isə edilən xə­bərdarlıqlara qulaq asmadı və 2020-ci il sentyabr ayının 27-də qarşıya qoyduğu məqsədə çatmaq üçün yenidən hərbi təxribat yolunu tutdu. Həmin gün səhər tezdən Tərtər rayonunun Qapanlı, Ağdamın Çıraqlı və Orta Qərvənd, Füzulinin Alxanlı, Şükürbəyli və Cəbrayılın Cocuq Mərcanlı kəndləri iriçap­lı silahlardan atəşə tutuldu. Nəticədə, mülki əhali arasında dünyasını dəyişənlər və ya­ralananlar oldu. Adları çəkilən rayonlardakı infrastruktur obyektlərinə ciddi ziyan dəydi. 

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalar­da yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə sentyabr ayının 27-də səhər saat 6.00-dan etibarən cavab tədbirləri görməyə başladı. Qoşun bölmələri düşmənə layiqli cavab vermək üçün başlanğıc vəziy­yətə gətirildilər. Erməni hərbi təxribatının miqyası və xarakteri qiymətləndirildikdən sonra təmas xətti boyunca yerləşən hərbi qüvvələrə 7.30-dan etibarən kütləvi zərbə endirilməsi əmri verildi. Əlavə olaraq ra­ket-artilleriya və aviasiya qüvvələri düşmənə sarsıdıcı zərbə vurulmasına cəlb olundu. 

Bu qüvvələrin qarşısında düşmən mü­dafiəsinin dərinliklərində yerləşən hərbi obyektlərə və hərbi qüvvələrə ağır zərbə vurulması tapşırığı qoyuldu. Bununla, Er­mənistanın hərbi təxribatlarının qarşısının alın ması üçün başlanan əks-hücum əməliy­yatının ilk mərhələsinin başlanğıcı qoyuldu. Bütünlükdə, üç mərhələdə yekunlaşan bu müharibənin ilk mərhələsində Azərbaycanın hərbi qüvvələri qarşısında dayanan vəzifələr əks-hücum əməliyyatının hazırlanması, ilk eşelonda yerləşən Azərbaycan qüvvələrinin müdafiəsinin dayanıqlığına nail olunması, düşmənə kütləvi atəş zərbəsinin endirilməsi, əks-hücum üçün başlanğıc vəziyyətin tutul­ması, əsas qüvvələrin hücuma keçməsinin təmin edilməsi, düşmənin birinci eşalonda yerləşmiş qüvvələrin müdafiəsinin yarılması və digərləri idi. 

– Əsgər və zabitlərimiz ilk gündən yal­nız irəli getdilər. Qəhrəman oğullar atəş­ləri yarıb keçdilər, cəhənnimin üstündən ötdülər. 44 gündə bir nəfər də fərari olma­dı. Düşmən isə qoşun-qoşun məğlub oldu, qaçmağa üz qoydu. Azərbaycan Ordusu tarixin ən mükəmməl savaşını apardı.

– Çünki bu əsl Vətən savaşı, Haqq döyüşü idi. Ölkəmiz bu müharibəyə hərtərəfli hazır­lıq görmüşdü, üstəlik, xalqın 30 illik intiqam enerjisi toplanmışdı. Elə həmin gün də Ermə­nistanın Azərbaycana qarşı irimiqyaslı hərbi təxribatının başlanması ilə əlaqədar İlham Əli­yevin rəhbərliyi altında ölkənin Təhlükəsizlik Şurasının iclası çağırıldı. Bu iclasdakı proqram xarakterli çıxışı zamanı İlham Əliyev Ali Baş Komandan kimi erməni hərbi təxribatlarının qarşısının alınması üçün irəlidə hansı vəzifələ­rin dayandığını müəyyənləşdirdi və onu bütün xalqa çatdırdı. Həmin vəzifələr, əslində, bəlli hədəfləri ifadə edirdi – Ermənistanın Azərbay­cana qarşı işğalına son qoymaq, respublikanın ərazi bütövlüyünü təmin etmək və qaçqın və köçkünləri öz yurdlarına döndərmək. Ali Baş Komandan müharibədə ölkəmizin qələbəsinə qəti inamını belə ifadə etdi: “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaq­dır! Otuz ilə yaxın da vam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz tor­pağında yaşamaq istəyir. Azərbaycan vətən­daşı Vətən həsrəti ilə yaşayır. Mən müxtəlif dövrlərdə dəfələrlə demişəm ki, bizə bu məsələnin, bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyi­lik”.

Bu müharibə bütün parametrlərinə görə Azərbaycan üçün Vətən müharibəsi oldu. Beynəlxalq hüquq normalarına, Dağ lıq Qa­rabağ münaqişəsinin nizamlanması ilə bağlı BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin tələblərinə məhəl qoymayan Ermənistan üçün isə bu müharibə işğalçılıq siyasətinin davamı idi. Vətən müharibəsinin başlanması ilə Ali Baş Komandan kimi İlham Əliyev əməliyyatların planlaşdırılmasını, əməliyyat istiqamətləri­nin müəyyənləşdirilməsini, respublikanın hərbi gücünün cəbhəyə səfərbər olunmasına rəhbərliyi, siyasi-diplomatik fəaliyyətin mü­haribənin tələbləri üzərində qurulmasının təşkilatçılığını, uyğun informasiya mühitinin formalaşdırılmasının təşəbbüskarlığını öz üzərinə götürdü. 

– İlk gün xalqımıza ilk qələbəsini qa­zandırdı. Düşmən geri oturdulmağa başla­dı, xalqımız Zəfər əhvalına kökləndi.

– Günün birinci yarısında artıq bəzi is­tiqamətlərdən erməni silahlı qüvvələrinin müdafiə xətləri yarıldı. Nəticədə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl ra­yonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, günün ikinci yarısında isə Murov dağ silsilə­sində Murov zirvəsi erməni işğalından azad edildi. Murov zirvəsinin azad edilməsi ilə Ağdərə–Vardenis avtomobil yolu Azərbay­can Ordusunun nəzarəti altına düşdü. Adları çəkilən yaşayış məntəqələri Vətən mühari­bəsinin gedişində azadlığına qovuşmuş ilk yaşayış məntəqələri oldular. Bu məntəqələrin azad edilməsindən əlavə, gün ərzində erməni hərbi qüvvələrinin atəş mövqelərinə və hərbi texnikasına da sarsıdıcı zərbə endirildi. 

Müharibənin elə ilk gününün nəticələri göstərdi ki, güclü olması haqqında yalan çı mif yaradılmış quldurlaşmış Ermənistan or­dusu Azərbaycan Silahlı Qüvvələrinin qüd­rəti qarşısında gücsüz və acizdir. Mütəxəs­sislər də qeyd edirdilər ki, öz gücünə yersiz arxayınçılığa varmış Ermənistan ordusu yeni başlanan müharibədə XX əsrin 90-cı illərinin hərbi taktikasına istinad edirdisə, Azərbaycan XXI əsrin müharibəsinin aparılmasına qadir olduğunu nümayiş etdirdi. 

Sentyabr ayının 27-dən başlayaraq Azər­baycan Ordusunun müzəffər yürüşünün başlanğıcı qoyuldu və həmin gündən başla­yaraq Azərbaycanın hərbi qüvvələri hər gün yeni-yeni Vətən torpağının azad edilməsinin böyük sevincini Azərbaycan xalqına yaşatdı. Bu hünəri müzəffər Ali Baş Komandan belə dəyərləndirirdi: “Hər gün biz irəliyə gedir­dik, 44 gün ərzində bir gün də olmayıb ki, biz geri çəkilək. Bir gün də olmayıb ki, hansısa məsələni biz həll etməyək. Hər gün səhər mə­nim tərəfimdən hər günün döyüş-əməliyyat planı təsdiq edilirdi, günün sonunda da təhlil olunurdu. Biz bunun nəticəsində qısa müddət ərzində böyük Qələbə qazana bilmişik, öz doğma torpaqlarımızı düşməndən azad edə bilmişik”. 

Bu böyük Zəfər Azərbaycan ordusunun, Azərbaycan xalqının və onun Ali Baş Ko­mandanı İlham Əliyevin əzmkar və yaradıcı qətiyyətinin qələbəsi idi. İlham Əliyev Vətən müharibəsinin elə ilk günündən başlayaraq Vətən müharibəsinə rəhbərlikdə yeni bir təfəkkür və yanaşma ortaya qoydu, mövcud olan reallıqların sərt çərçivəsini sındıraraq, Azərbaycan xalqının arzusunda olduğu bir zəfərin memarına çevrildi. 2020-ci il sent­yabr ayının 27-də başlanan Vətən müharibə­si, təxminən 30 il erməni işğalı altında qalan Qarabağı və onun ətrafını yenidən Azərbay­cana qaytardı, haqq öz yerini tutdu. Azər­baycan xalqı özünün çoxəsrlik tarixinə yeni və şərəfli bir səhifə yazdı və bununla Azər­baycan dünyanın qalib xalqlarından birinə çevrildi. Tarixi zəfərin 3-cü ildönümünə isə xalqımız Qarabağda suverenlyinin tam bər­pası ilə gəldi.

– Maraqlı müsahibə üçün sağ olun.

 

Söhbəti hazırladı:
Tahir AYDINOĞLU
XQ

Müsahibə