Tariximizin ən şərəfli müharibəsi

post-img

3 il bundan öncə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan və 44 gündə Zəfərlə bitən yolun hələ uzun müddət dərkinə çalışmalıyıq. Bu hadisə özlüyündə o dərəcədə əhəmiyyətli və çoxaspektlidir ki, insanların onları tam anlamasına ehtiyac var. Əslində, vurğulanan təqvim Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir. XXI əsrdə başqa heç bir dövlət bu dərəcədə uğur əldə edə bilməyib. Burada həm Azərbaycan dövlətinin inkişaf dinamikası, həm xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsi, həm də Azərbaycan əsgərinin peşəkarlığı və şücaəti birləşib! Bunlar birlikdə şəhidlərimizin müqəddəsliyi hissini yaradır, onlarla qürur duymağa imkan verir. Azərbaycan xalqı öz Prezidenti ilə qürur duyur!

Bütün uğurların təməli

Dünyada heç bir millət və dövlətin Zəfərə aparan yolu asan olmayıb. Bu yolda geri çə­kilmələr də olur, qurbanlar da və bir sıra hal­larda haqsızlıq da görürsən. Lakin qarşısına qoyduğu məqsədə tarixi ədalət, milli ləyaqət və hüququ gözləməklə çatmağa çalışan mil­lət və dövləti Zəfər gözləyir! Azərbaycan Respublikası XXI əsrdə dünya miqyasında ilk müstəqil dövlət, Azərbaycan xalqı isə ilk millət oldu ki, Zəfər fəlsəfəsini yaratdı! XXI əsrdə ən azı Avrasiya məkanında Azərbaycan kimi ikinci müstəqil dövlət yoxdur ki, ərazi bütövlüyünü və suverenliyini təmin etməkdə, siyasi-diplomatik qələbə əldə etməkdə yük­sək nəticələrə nail olsun!

Şübhəsiz, Azərbaycan Respublikası vurğulanan anlamda əsrimizin "ulduz döv­ləti"dir! Zəfərə aparan yola bu gün – sent­yabrın 27-də qısa da olsa, nəzərə salmağın əhəmiyyəti vardır. Çünki keçən əsrin 90-cı illərində Sovetlər məkanında müstəqilliyinə qovuşmuş respublikalar arasında daxildən və xaricdən ən ağır vəziyyətə salınan məhz Azərbaycan Respublikası idi. Hər addımda ölkəni uğursuzluq və xarici təcavüz izləyirdi. Demək olar ki, postsovet məkanında ən ağır vəziyyətdə olan Azərbaycan Respublikası idi – onu naxələflər "siyasi həyatın dibinə" atma­ğa çalışırdılar! Obrazlı desək, Azərbaycan öz külündən yenidən yaranmalı idi!

Buna xilaskar lider gərək idi. O lider ulu öndər Heydər Əliyev oldu! Mükəmməl müstəqil dövlət quruculuğu kursu ilə ümum­milli lider ardıcıl uğurlar əldə etdi. Tarixi baxımdan qısa bir müddətdə Azərbaycan Respublikasında müstəqil dövlət üçün zə­ruri olan bütün sosial, siyasi, hərbi, mədəni təsisatlar yaradıldı. Artıq 1994-1995-ci illər­də Azərbaycan dövlət qurumları mükəmməl mexanizmlə işləyirdi. Təcavüz dayandırıl­mışdı. Geniş islahatlar aparılırdı. Həmin dövrdə Ulu öndər BMT-nin yüksək tribuna­sından Azərbaycanın müstəqil dövlət kimi mahiyyətini, vəzifələrini, strateji məqsədləri­ni və regionda tutacağı yeri açıq-aydın şəkil­də dünyaya bəyan etmişdi!

Bütün bunlar müstəqil Azərbaycanın bö­yük Zəfərə aparan yolda olduğunu obyektiv və düşüncəli insanlara anladırdı! Yeni əsrin başlanğıcından taleyin və Azərbaycan xalqı­nın iradəsi ilə dövlət başına gələn İlham Əli­yev əməli fəaliyyətində bu tezisi sübut etdi! Dövləti və xalqı, sözün həqiqi mənasında, Böyük Zəfərə qovuşdurdu. İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçiləndə, söz vermişdi ki, birincisi, ulu öndər Heydər Əliyevin dövlət quruculuğu kursunu dönmə­dən davam etdirəcək, ikincisi, hər bir situasi­yada ancaq və ancaq Azərbaycanın dövlətini, milli maraqları müdafiə edəcək və müstəqil­liyə xidmət edən mövqedə dayanacaq. Tam olaraq belə də oldu. Daxili islahatlarda, iq­tisadi sistemin inkişafında, region və dün­ya miqyasındakı fəaliyyətdə İlham Əliyev verdiyi vədlərə tam əməl etdi. O cümlədən mükəmməl və möhtəşəm enerji strategiya­sını milli təhlükəsizliyin təmini kontekstində mükəmməl surətdə apardı.

Azərbaycan xalqı bütün bunların nəticə­sini həm rifah halının yaxşılaşmasında, həm də güclü ordu quruculuğunda gördü. Artıq 2020-ci ilə Azərbaycan Cənubi Qafqazın bü­tün mənalarda lideri və ən güclü ordusuna sahib müstəqil dövləti kimi qədəm qoymuş­du. Bu həqiqəti də Prezident İlham Əliyev 2020-ci ilin sentyabrın 27-də başlayan və qırx dörd gün davam edən Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə ilə təsdiq etdi!

Bütün dünya güclü Prezidenti, mükəm­məl siyasəti, müasir ordusu və güclü iqti­sadiyyatı olan Azərbaycan dövlətini gördü! Əvvəlcə şübhə etdilər, lakin İlham Əliyevin müharibənin gedişində verdiyi çoxsaylı mü­sahibələr və döyüş meydanında qazanılan zəfərlər göstərdi ki, dünya yanılır. Yeni Azər­baycan Günəş kimi dünyaya doğur!

Yeni uğur fəlsəfəsi: “44+1” formulu

2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya sənədini imzalayandan sonra erməni havadarları belə anladılar ki, artıq Cə­nubi Qafqazda yeni güc – Azərbaycan Res­publikası mövcuddur və onunla ciddi surətdə hesablaşmaq gərəkdir! Bununla Azərbaycan dövlət olaraq nəinki ərazi bütövlüyünü təmin etdi, həm də inkişaf potensialı və kursuna görə ən perspektivli ölkələrdən biri olduğunu sübuta yetirdi! Qırx dörd günlük Vətən mü­haribəsində əldə edilən hərbi qələbə ilə yana­şı, bu geosiyasi, siyasi və dövləti məqam da böyük əhəmiyyət kəsb edir. 

Onun bir özəl mənasını da vurğulayaq. 2020-ci ilin sentyabr – noyabr aylarında Azərbaycan dövlət olaraq hər kəsə sübut etdi ki, o, heç zaman müharibə paradiqmasına yuvarlanmayacaq, daim inkişaf paradiqma­sında qalacaq! Prezident İlham Əliyev döyüş əməliyyatlarının aparıldığı müddətdə belə qarşı tərəflə sülhdən və əməkdaşlıqdan bəhs edirdi. İndi də deyir: “Mənim sözüm sözdür... Niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır!” 

Kütləvi informasiya vasitələrinin nü­mayəndələri və ekspertlər bunu "qalib li­der-güclü xalq" formulu ilə ifadə edirlər! Tamamilə haqlıdırlar və hətta, buraya "Qa­rabağ Azərbaycandır! ", "Dəmir yumruq", "Əziz Şuşa, sən azadsan!" kimi məşhur şüar­ları da əlavə etmək olar. Çünki bütün bunlar məhz tarixi baxımdan qısa olan və sentyabrın 27-də başlayan Zəfər yolunda yaranmış fikir­lər, şüarlardır!

Bunlar nəyi ifadə edir? Hər şeydən öncə, Azərbaycanın müstəqil dövlət kimi 2020-ci ilin sentyabrın 27-ə qədər olan dövrdə ciddi və əhatəli surətdə dərin düşünülmüş müstəqil dövlət quruculuğu siyasətini yerit­diyini göstərir. Bu siyasət olmasaydı, 2020-ci ilin sentyabrın 27-si bizim üçün indiki qürur və fəxarət mənasını daşımazdı! Əldə olunan Zəfərin təməlində məhz Heydər Əliyevin əsasını qoyduğu müstəqil güclü dövlət quru­culuğu konsepsiyası dayanır. Eyni zamanda, Prezident İlham Əliyevin siyasi varislik prin­sipi çərçivəsində inamla apardığı yeni quru­culuq siyasəti sentyabrın 27-də başlanan yolu Azərbaycan üçün uğurlu etdi!

Bundan başqa, sentyabrın 27-si Azərbay­can xalqının rəşadətini, yüksək təfəkkürünü, mənəvi-əxlaqi dəyərlərinə sadiqliyini, ədalət­liliyini nümayiş etdirməkdədir. Azərbaycan xalqı və dövlətinin qəhrəman ordusu, onun zabit və əsgərləri özlərini Vətən yolunda gö­zünü qırpmadan qurban verməyə hazır oldu­ğunu göstərdi!

Bu yolda nə qədər şəhidlər verdik! Həmin anlamda 27 sentyabr həm də əziz şəhidləri­mizi anım günüdür! Onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağının simvoludur! Azərbaycan əsgəri 2023-cü ilin sentyabrında da yeni qəhrəmanlıq və şəhidlik nümunəsi yaratdı. Cəmi 24 saat ərzində düşmənin Qa­rabağdakı ordusunun qalıqlarını məhv etdi. Bu qısa müddətdə qəhrəman Azərbaycan Or­dusu düşmənin üstünə atıldı, onu sürətli və güclü zərbəsi ilə əzdi. Ermənilər isə yenə də xainliklə bir sıra hallarda Azərbaycan əsgə­rinə qarşı tələ qurdular. Lakin ən çətin anda belə Azərbaycan əsgəri düşmənin bütün plan­larını tamamilə alt-üst etdi! Budur şücaət, qorxmazlıq, cəsarət, vətənsevərlik və 2020-ci ilin sentyabrın 27-dən başlanan yolda əldə et­diyimiz müqəddəs uğur, nailiyyət!

Birinci Qarabağ müharibəsində Azərbay­canın toplum olaraq nə qədər ağır zərbələr aldığını da nəzərə almaq lazımdır. Erməni vəhşiləri soyqırımı cinayətləri törətmiş, mül­ki insanları, qadınları, uşaqları, qocaları qətlə yetirmiş, insanlarımızı ocaqlara və quyulara atmışdılar. Bu ağır mənəvi əzabı ürəyində daşıyan Azərbaycan əsgəri həm qırx dörd günlük, həm də bir günlük Zəfər savaşların­da mərhəmətini, insanlığını, humanizmini və əxlaqını itirmədi. Erməni mülki əhaliyə zərər vermədi, erməni əsgərlərinə yardım etdi. Son bir günlük savaşda da bunu sübut edən kifayət qədər faktlar mövcuddur! Bu­dur, 2020-ci ilin sentyabrın 27-dən başlanan yolun uğurlarından biri!

…Həmin yolun başlamasından üç il ke­çir. Qarabağ yenidən qurulur. Ən müasir şəkildə. Sürətlə və inamla. İndi Qarabağda bir neçə beynəlxalq hava limanı var. Orada kəndlər, qəsəbələr, şəhərlər yenidən qurulur. Yollar çəkilir, körpülər tikilir. Qarabağ əsl sahiblərinə qaytarılandan sonra orada həyat qaynayır. O cümlədən "Azərbaycan 2030: so­sial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə və 2022–2026-cı illər üçün nəzərdə tutulan Sosial-İqtisadi İnkişaf Strategiyası çərçivə­sinə, uyğun olaraq gələn il müəyyənləşdirilən məqsədlərin yerinə yetirilməsi üçün ayrılan 5 milyard 244 milyon manat həcmində vəsaitin 60 faizlik hissəsinin düşməndən təmizlənən yaşayış sahələrində yenidənqurma və qu­ruculuq işlərinin görülməsinə yönəldilməsi nəzərdə tutulur.

Yəni, 2020-ci il sentyabrın 27-dən başla­yan Zəfər yolu davam edir! Azərbaycan daha da yüksəlir!

Nəriman MEHDİYEV,
Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimi

Siyasət