Azərbaycan Avropanın qaz bazarında önəmli tərəfdaşdır

post-img

2027-ci ilədək TANAP-la qaz nəqli 31 milyard kubmetrə çatacaq 

Energetika naziri Pərviz Şahbazov sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bir sıra məsələlərlə yanaşı, Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi perspektivləri də müzakirə olunub. Bu, təsadüfi deyil. 

Hazırda Avropa ölkələrinin Azərbaycanla əməkdaşlığında energetika, o cümlədən hazırda Cənub CQD-nin genişləndirilməsi əsas istiqamətlərindən biridir. Bu siyasət çoxşaxəlidir və milli energetikamızın bütün seqmentlərini əhatə edir. Məsələn, Macarıstan ilə əməkdaşlıqda bu məqam aydın nəzərə çarpır. İki ölkə arasında münasibətlərdə milli energetikamızın bütün seqmentlərinin əhatə olunması bunun bariz ifadəsidir.

Bura “MOL” konserninin timsalında macar kapitalının iştirakının olduğu neft seqmenti də daxildir: xüsusən, bu şirkət Azərbaycanın ən böyük neft ehtiyatlarının olduğu “Azəri-Çıraq-Günəşli” yatağında səhmlərin 9,57 faizinə, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəmərində 8,9 faizlik paya malikdir. Bu, həm də qaz seqmentidir. 

Sonuncu fikirlə bağlı qeyd edək ki, 2020-ci ilin sonundan etibarən CQD-nin dörd seqmentindən birinin–Trans-Adriatik boru kəmərinin (TAP) tikintisinin ikinci mərhələsinin başa çatmasından sonra Azərbaycan ilk dəfə Avropa bazarına təkcə xam neft deyil, həm də təbii qaz ixrac etməyə başladı. Əvvəlcə təbii qazın İtaliya, Yunanıstan və Bolqarıstana ötürüləcəyi nəzərdə tutulmuşdu. Lakin sonradan bir sıra digər dövlətlər tərəfindən də bu layihəyə böyük maraq yarandı və həmin dövlətlər arasında ölkəmizə dost olan Macarıstan da var idi. 

Qısa dövr ərzində həyata keçirilən layihələr nəticəsində Azərbaycan qazı Macarıstana daxil oldu. Hazırda respublikamız bu tədarükün həcmini artırmağı planlaşdırır. Ölkələrimizi birləşdirən neft və qaz təchizatı ilə bərabər, “yaşıl enerji” layihəsinin reallaşdırılması da maraq dairəsindədir. 2022-ci il iyunun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”, həmin ilin dekabrın 17-də isə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanması da bu istiqamətdə irəli atılan mühüm addım kimi yüksək dəyərləndirilir. 

Ümumiyyətlə, “yaşıl elektrik enerjisi” Azərbaycan ilə Macarıstan arasında energetika sahəsində əməkdaşlığın daha bir seqmentidir. Lakin bu yanaşma bütün Avropa İttifaqına aiddir. Çünki uzun illər ərzində adı çəkilən dörd seqment – neft, 2020-ci ildən etibarən qaz və habelə perspektivdə “yaşıl elektrik enerjisi” Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında üzərinə götürdüyü mühüm önəm daşıyan prioritet istiqamətdir. 

Xatırladaq ki, “mavi yanacağ”ın əvvəlcə İtaliya, Yunanıstan və Bolqarıstana ötürülməsi nəzərdə tutulurdu. Lakin cari ildən başlayaraq Macarıstan və Rumıniya da Xəzər dənizinin dərinliklərindən hasil edilən qazın nəql olunduğu ölkələr sırasına qoşuldu. Bundan sonra isə bir sıra digər ölkələr də Xəzərin təbii qaz idxalçısı olmağa maraq göstərdilər və bununla bağlı cari ilin aprelində Azərbaycan, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiyanın energetika şirkətləri “həmrəylik halqası” adlanan saziş imzaladılar. Bu sənədin imzalanmasında məqsəd Avropanın daxili qaz interkonnektorlarının Cənub Qaz Dəhlizi ilə nəql edilən qazın həcminin artırılması üçün istifadə olunmasıdır. 

Göründüyü kimi, qaz ixracatçılarının sırası getdikcə genişlənir. Bu səbəbdəndir ki, Avropa Azərbaycandan 2027-ci ildə 20 milyard kubmetr qaz tədarükünə ümid bəsləyir. Hazırkı dinamika da bu məqsədə nail olmağa imkan verir. Onu da deyək ki, Azərbaycan Avropaya qaz ixracına 8 milyard kubmetr tədarüklə başlamışdı. Artıq ötən il bu, 11,4 milyard kubmetrə çatıb, cari ildə isə həmin göstəricinin 12,5 milyard kubmetr olacağı gözlənilir. 

Beləliklə, əsrimizin ən böyük layihələrindən biri olan CQD dörd seqmentdən – “Şahdəniz Mərhələ II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.

Azərbaycanın CQD-də aparıcı rolunu təsdiqləyən mühüm amillərdən bəhs edərkən bu layihənin reallaşması tarixinə də qısa nəzər salmaq istərdik. Belə ki, 2018-ci il mayın 29-da Səngəçal terminalında CQD-nin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı CQS sisteminə vurulub.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasilatına başlanılıb. 2018-ci il iyulun sonunda isə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetr təşkil edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq hesabatına görə, ötən il CQD vasitəsilə ümumilikdə 21 milyard kubmetr, o cümlədən Avropaya 11,4 milyard kubmetr qaz ixrac edilib. Həmin dövrdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumuna əsasən, 2027-ci ilədək TANAP-la qaz nəqlinin indiki 16 milyard kubmetrdən 31 milyard kubmetrə, TAP-la isə 11 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Bütün bunlar Avropanın qaz bazarında Azərbaycanın rolunun artırılması məqsədini şərtləndirib. 

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

CQD həm mənbələrin, həm marşrutların şaxələndirilməsi layihəsidir. Bu nəhəng infrastruktur hesabına enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların açılması ilə Avropanın təsdiqlənən ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycandan təbii qaz tədarük edəcəyi nəzərdə tutulur. Beynəlxalq maliyyə institutları tərəfindən CQD-nin tərkib hissəsi olan layihələrə böyük maraq göstərilir. 

Bu vaxtadək Beynəlxalq Yenidənqurma və İnkişaf, həmçinin Asiya İnfrastruktur İnvestisiya banklarından birbaşa müvafiq olaraq 0,4 milyard və 0,6 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf və Asiya İnkişaf banklarının hər birindən 500 milyon dollar, Asiya İnkişaf Bankının zəmanəti ilə 524,5 milyon dollarlıq sindikatlaşdırılmış kredit və Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti ilə 750 milyon dollar məbləğində sindikatlaşdırılmış kredit cəlb olunub.

Ötən il qaz ixracı təxminən 19 milyard kubmetrə çatıb ki, onun da 8,2 milyard kubmetri Avropaya nəql olunub. Bu da əvvəlki illərlə müqayisədə 40 faiz artım deməkdir. Bu il Azərbaycanın qaz ixracının 22 milyard kubmetrə qədər artırılacağı və onun 11,5 milyard kubmetrinin Avropa istehlakçılarına çatdırılacağı nəzərdə tutulub. 

Ötən ilin iyul ayında Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzalaması da bu baxımdam mühüm önəm daşıyır və əhatəli sənədə əsasən, 2027-ci ilə qədər respublikamız təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır.

 

Vaqif BAYRAMOV 
XQ

 





İqtisadiyyat