Səhnədən kinoya, kinodan səngərlərə...

post-img

Muxtar Dadaşov – 110


O həm operator, həm rejissor, həm də ssenarist idi

Hamı Xalq artisti, Dövlət mükafatı laureatı Muxtar Dadaşovu kinooperator və rejissor kimi tanısa da, heç də hər kəs onun faşizmin iç üzünü açan sənədli kadrlarının   Nürnberq məhkəməsində sübut kimi göstərildiyini bilmir.   

İkinci Dünya müharibəsində Muxtar Dadaşov da köməkçisi İsmayıl Əfəndiyevlə birlikdə faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə köçürmüşdü. Çox keçmədən həmin kadrlar nazilib üzülməyən haqqın təntənəsinə xidmət etmiş oldu. 

Buradaca qeyd edək ki, Muxtar Dadaşovun “Bakıda küləklər əsir” filmi müharibə mövzusunda çəkilən dəyərli ekran əsərlərindəndir. O, bu mövzuda hələ 1943-cü ildə "Bakı döyüşür" adlı sənədli film də çəkib. Həmin filmin dəyəri həm də ondadır ki, kinooperator müharibənin gedişində Səməd Vurğun, Üzeyir Hacıbəyli, kimyaçı alim Yusif Məmmədəliyev, neftçilərdən Gülbala Əliyev, Ağa Nematulla kimi görkəmli soydaşlarımızın  arxa cəbhə fəaliyyətini lentə alıb. Sonra müəllif filmi genişləndirərək “Bakı-42" adı ilə təqdim edib.   

Ömrünün 50 ilini kinoya həsr etmiş Muxtar Dadaşov sənətə erkən gəlib. Hələ uşaq yaşlarında ikən Milli Dram Teatrında səhnəyə çıxıb, Cəfər Cabbarlının “Sevil” pyesinin tamaşasında Gündüz rolunu oynayıb. İlk əmək fəaliyyətinə isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayıb. Sonra kinostudiyada operator asistenti işinə keçib və bu sənəti daha dərindən öyrənmək məqsədilə 1933-cü ildə Moskvaya yollanıb. Orada təhsil ala-ala bir sıra sənədli filmlərin çəkilişində iştirak edib. 

Muxtar Dadaşov dinc quruculuq dövrünə aid filmlərindən birinə  – “Azərbaycan”a görə isə 1951-ci ildə Kann beynəlxalq kinofestivalında xüsusi mükafata layiq görülüb. Moskva və Tbilisidə aldığı mükafatlar da  onun istedadlı və təcrübəli kino xadimi olduğunu təsdiqləyib. 

1945-ci ildə çəkilən “Arşın mal alan” filmində Muxtar Dadaşov operator köməkçisi olub. “Kəndlilər”, “Yeni horizont”, “Vətən oğlu”, “Sualtı qayıq T–9” bədii filmlərinin kadrları onun operator kamerasında əks olunaraq həyata vəsiqə alıb.

Quruluşçu rejissor kimi isə Muxtar Dadaşovun debütü Xalq yazıçısı Süleyman Rəhimovun "Mehman" povesti əsasında çəkdiyi “Qanun naminə” bədii filmidir. Maraqlıdır ki, sənədli filmlərində özünü həm də araşdırmaçı kimi tanıdan rejissor həmin bədii filmin ssenarisini də özü yazıb. Tacikistan istehsalı olan “Canlı silah”   filmində isə Əbdürəhim rolunda çəkilərək aktyorluq məharətini də göstərib.

Azərbaycan kinematoqrafiyasının inkişafında silinməz izləri olan Muxtar Dadaşovun xatirəsi daim ehtiramla anılır.

XQ  

 

Mədəniyyət